Mən Allahın quluyam...
   
   Uzun,darıxdırıcı bir yay gecəsi… Düşünmək üçün qarşımda uzun bir gecə var.Ancaq indi mənasız şeylər barədə düşünürəm. Əslində düşünməyin özü də mənasızdır.Ona görə də düşünməyəcəm heç nə…Allahla söhbət edəcəyəm səhərə qədər.Həmişə Allahdan nə isə istəyirəm, amma bu gün sadəcə söhbət edəcəyəm,səhvlərimi etiraf edəcəyəm, suallar verəcəyəm...
   -Ətrafımda niyə pis insanlar var? -deyə soruşdum.
   -Heç sən özün də ideal deyilsən, -deyə cavab verdi Allah mənə.
   -Bəs niyə məni ideal yaratmadın?
   -Belə bir fikrim var idi. Elə ona görə də fərqli gətirmişdim səni dünyaya…Hər şeyi sən özün korladın, naşükür oldun! Qara gözlərin,hamar saçların var, ancaq həsədlə baxırsan göygöz,buruqsaç qızlara. Kaş ki….deyirsən.
   Yaman dikbaş olmusan, bəyənmirsən heç kimi. Sənin bəyənmədiklərini də mən yaratmışam, qızım!
   -Deyirlər, ürəkləri yumruqları boyda olur insanların. Niyə əlimi belə balaca yaratdın? Əlim böyük olsaydı, ürəyim də böyük olardı.
   -Nəyinə gərəkdi boş, böyük ürək? Görürsən, mənim balam, sahib olduqlarınla kifayətlənməyi də bacarmırsan. Mən bəzilərini əlsiz, bəzilərini dilsiz, bəzilərini kor yaratdım. Bəzilərini də sənin kimi naşükür… Ancaq o şikayətləndiyin balaca qəlbindəki hər şeyin yaxşı olacağına inam işığının həmişə yandığını gördüm. Əfv edirəm səni, qızım, əfv edirəm!
   …Söz tapmıram deməyə, sadəcə utanıram Allahdan…Ancaq bilirəm ki, Allah böyükdü,bağışlayandı, kiçik qəlbimdəki böyük inamımı duyandı.
   MƏN ALLAHIN QULUYAM…
   
   
   Mən zamana qalib gələcəyəm!!!
   
   Bəzilərinə məlhəm,bəzilərinə kədər,bəzilərinə sevinc bəxş edən,bəzilərinə səbr etməyi,bəzilərinə tələsməyi, bəzilərinə yalanı, bəzilərinə dürüstlüyü… daha nələri,nələri öyrədən, hər şeyi öz ardıyca çəkib aparan axındı, zaman!...
   Nədənsə ziddiyyətlidir zaman barədə fikirlərim.Bəzən dost, bəzən düşməndir zaman insanlara… Hələ ki, dostdur mənimlə çünki, gəncliyə doğru aparır məni. Ancaq əminəm ki, qocalanda deməyəcəyəm bu sözləri çünki, onda düşmən olacağam əllərimi, üzümü qırışdıran, gözlərimi,qulaqlarımı zəiflədən, məni ölümə doğru aparan zamanla…
   İndi əlimdə qələm, vərəq zamanla mübarizə aparıram. Axı,yaratmaq- ölümü öldürmək deməkdir…Yazıb yaradacağam ölməmək üçün!
   Həzrəti Əli “Ürəyiaçıqlıq və üzügülər olmaq məhəbbətin torudur ki,insanları onunla ovlamaq olar.”-deyib. Güləcəyəm həmişə, ürəyiaçıq,mehriban olacağam. Təslim olmayacağam zamana, qocalanda da sevib-seviləcəyəm! Qaldı ki gözəlliyə…(bir lətifəni xatırladım: gün gələcək saçlarını,dişlərini itirəcəksən ancaq gözəlliyini itirməyəcəksən.Çünki,o səndə heç vaxt olmayıb J) Odur ki, bu barədə narahatçılığım yoxdur…
   Deyirlər, dərd də qocaldır insanı. Araz aşığımdan,Kür topuğumdan gəzəcəyəm. Heç nəyi dərd etməyəcəyəm zamanın acığına!
   MƏN ZAMANA QALİB GƏLƏCƏYƏM!!!   

  Nərmin HÜSEYNZADƏ