14 noyabr 1907-ci ildə doğulmuş İsveç yazıçısı Astrid Lindqren dünyanın ən məşhur uşaq kitablarının müəllifi sayılır. Onun kitabları bir çox dillərə tərcümə edilmiş, milyon nüsxələrlə çap olunmuşdur. Ən çox tanınan əsərləri "Damda yaşayan Karlson və balaca", ”Uzuncorab Peppi"dir. 1969-cu ildə məşhur Stokholm Krallıq Dram Teatrı “Damda yaşayan Karlson və balaca" əsərini səhnələşdirir. Bundan sonra Astrid Lindqrenin əsərləri İsveç, Avropa, Skandinaviya ölkələri və həmçinin ABŞ-da səhnəyə qoyulur. Onun əsərlərinə Moskva teatrları da müraciət edir. Əsərlərinin səhnələşdirilməsi ilə bütün dünyada məşhurlaşsa da, İsveçdə kitabları əsasında çəkilmiş filmlər daha geniş yayılmışdı. İlk dəfə onun əsəri «Kalle Blumkvist» 1947-ci ildə ekranlaşdırılmışdır. İki il sonra «Peppi» haqqında dörd film çəkilir. 50-80-ci illərdə İsveç rejissoru Ulle Hellbum Astrid Lindqrenin əsərləri əsasında 17 film çəkir. Astrid Lindqren 94 yaşında Stokholmda virus infeksiyasından vəfat edir. 8 mart 2002-ci ildə Stokholmda onun xatirəsinə keçirilən tədbirdə Krallıq ailəsi və İsveçin baş naziri iştirak edirdi. Arabada aparılan tabutun arxasınca ağ at və qız gedirdi.
   Joze Samaraqo. Bu gələcək yazıçı 16 noyabr 1922-ci ildə Lissabondan 100 km. aralıda yerləşən Ribateju əyalətinin Azinyazi qəsəbəsində, kəndli ailəsində anadan olub. Valideynləri kasıb olduqlarından övladlarını məktəbdə oxutdura bilməyiblər. Yeniyetməlik illərində avtomexanik işləyib. 22 yaşında ailə qurub, sosial təminat sistemində işləyib. İlk kitabını 1947-ci ildə nəşr etdirib. Bundan sonra - 1966-cı ilə qədər heç bir əsəri çap olunmayıb. 1969-cu ildə gizli fəaliyyət göstərən Portuqaliya Kommunist Partiyasına üzv olub. "Qərənfil inqilabı"ndan sonra bir müddət (aprel-noyabr 1975) «Diario de Noticias» qəzeti ilə əməkdaşlıq edib. 1976-cı ildən özünü ədəbiyyata həsr edib. "Monastır haqqında xatirələrim" əsərini Fideriko Fellini ekranlaşdırıb. Bu əsərinə görə Vatikan onu kafirlikdə günahlandırıb. 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
   21 noyabr 1694-cü ildə Parisin kasıb məhəllələrinin birində Fransua-Mari Arue adı qoyulacaq uşaq doğulur. Bu şəxs sonralar XVII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi kimi şöhrət tapacaqdı. Və ona ləqəbi ilə- Volter deyə müraciət edəcəkdilər. Volter üçüncü silkə məxsus ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xurafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. O, mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, “maariflənmiş monarxdan” gözləyirdi. O, sadə xalqa bir qədər ehtiyatla yanaşır, bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi. Son nəticədə Volter istəyirdi ki, kralın hakimiyyətini məhdudlaşdıran konstitusiya meydana gəlsin.
   22 noyabr 1962-ci ildə Rusiyanın ən maraqlı müasir yazarı olaraq qəbul edilən Pelevin doğulub. Moskvada Qorki Ədəbiyyat İnstitutunun məzunu olan Pelevinin hekayələri «Nyu-York Tayms», «Qranta», «Açıq Qapı» ədəbiyyat dərgilərində çap edildikdən sonra daha da məşhurlaşıb. Avropanın ən gənc yazarları kimi xüsusi siyahıya düşən Pelevin, həmçinin 21-ci əsrin ən yaxşı 21 yazarı siyahısına da liderlik edib. 2004-cü ildə ingilis dilində çıxan əsərinə görə Rusiya Elmlər Akademiyasının Qriqoriyev mükafatına layiq görülüb. “Homo Sapiens”, “Buddanın sərçə barmağı”, “Omon Ra”, “Ziqmund qəfəsdə” əsərləri postmodern üslubda qələmə alınmış kifayət qədər məşhur əsərlərindəndir. O, hələ ə Moskvada yaşayır.   

  Sabutay