«Manipulyator»
   “UniPrint” nəşriyyatı tanınmış yazıçı, əsərləri dünyanın 16 dilinə tərcümə edilmiş Çingiz Abdullayevin “Manipulyator” əsərini doğma dilimizdə çap edib. Müasir dövrün siyasi detektivini yazan yazıçının bu əsəri də eyni mövzudadır. Əsər Rusiyada baş verən hadisələrdən, xüsusilə seçki prosesində üzə çıxan iri miqyaslı siyasi oyunlardan bəhs edir.
   
   Qonkurun qaradərili sahibi
   Seneqal əsilli Mariya Nidayə Fransanın ən prestijli ədəbiyyat mükafatı olan Qonkura layiq görülüb. 42 yaşlı qadın yazar mükafata namizəd göstərilən 8 müəllif içərində bu uğuru qazanıb. Ümumiyyətlə, Nidayə Qonkura layiq görülən ilk qaradərili yazıçıdır. Keçən il isə bu mükafatı əfqan yazar Atiq Rəhimi qazanmışdır. O, ailə, xəyanət və qanundankənar mühacirət məsələlərindən bəhs edən “Üç güclü qadın” adlı romanına görə Qonkura layiq görülüb.
   
   “Etüd”ə baş çəkin
   Bakının mərkəzi hissəsində ”Etüd” kitab və rəsm salonu fəaliyyətə başlayıb. Burada həm böyüklər, həm də uşaqlar üçün müxtəlif dillərdə kitablar təklif edilir. Eyni zamanda, alıcılara istədikləri kitabı sifariş etmək imkanı da verilir. Rəsm əsərləri isə əsasən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və məzunlarına aiddir. Onların natürmort, etüd, portret, abstrakt və daha neçə-neçə janrda işlədikləri rəsm əsərləri salonun divarlarını bəzəyir. Eyni zamanda alıcılara gözəl əl işləri də təqdim olunur. Alıcılar rəssamlara istənilən mövzuda sifariş verə biləcəklər. Salonda kitab təqdimatları, ayrı-ayrı rəssamların fərdi sərgiləri, eyni zamanda, əl işləri sərgilərinin də təşkili planlaşdırılır.