Qazax Dövlət Dram Teatrı bu şəhərin mədəni mühitində xüsusi yer tutur. Teatrda sözün həqiqi mənasında şöhrətdən uzaq olan sənət fədailəri çalışırlar. Onlardan biri də aktyor, rejissor, teatr təşkilatçısı Saqif İsgəndərovdur.
   
   Saqiflə ilk tanışlığımız gənclik illərində Bakıda, Əbilov adına Mədəniyyət Evində fəaliyyət göstərən Ələsgər Ələsgərov adına Xalq Teatrında olmuşdur. O illər Saqif rejissor Adil Qasımovun quruluş verdiyi tamaşalarda əsas rolları oynayırdı. Hələ o vaxtlar Saqif öz istedadı və bacarığı ilə dəqqəti çəkməklə, rejissorları özünə cəlb edirdi. Sonralar o, Mədəni Maarif Teknikumunun rejissorluq şöbəsini bitirərək, Tovuzda Xalq Teatrında çalışmağa başladı. Burada o, bir çox səhnə əsərinə quruluş verməklə, yerli teatr həvəskarlarının rəğbətini qazandı.
   Saqif bir həqiqəti yaxşı bilirdi ki, təkcə istedadla iş bitmir. Səhnədə nə isə əldə etmək üçün gərək daima öz üzərində çalışasan, oxuyasan, öyrənəsən. İstedadla zəhmət bir-birini tamaladıqda sənətdə ən böyük uğurlar əldə etmək olar.
   Məhz özünə və sənətinə olan tələbkarlığı onu Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti), bu təhsil ocağını bitirdikdən sonra isə Gənc Tamaşaçılar Teatrına aparıb çıxartdı. O, bu teatrda çalışan görkəmli sənətkarların əhatəsində əsl sənət məktəbi keçdi, onlarlarla birgə tamaşalarda çıxış etməsi, onun teatr sənətinin sirlərinə daha yaxından bələd olmasına şərait yaratdı. Bir müddət sonra Saqif İsgəndərov Qazaxda açılan Dövlət Dram Teatrına dəvət olundu. O, böyük məmnuniyyət hissi ilə öz taleyini bu teatra bağladı. Həmin vaxtdan çox illər keçib...
   Saqif İsgəndərov bu teatrda 50-dən çox tamaşada müxtəlif səpkili obrazlar yaradıb. B.Vahabzadənin «Dar ağacı» tarixi faciəsində Baş Vəzir - İbn Tahir, M.Hüseynin «Alov»unda Fərhad Kamalov, N.B.Vəzirovun «Hacı Qənbər»ində - Hacı Qənbər, S.S.Axundovun «Tamahkar»ında - Hacı Murad, Elçinin «Qatil»ində - gənc kişi, B.Vahabzadənin «Kimdir haqlı?» əsərində - Rəşad və başqa biri digərinə bənzəməyən obrazlar... Bu obrazlar Saqifin hiss və düşüncələrindən yoğrularaq tamaşaçılara təbii və səmimi təqdim edildiyi üçün yaddaşlara yazılıb.
   S.İsgəndərov 2003-cü ildə ulu öndər Heydər Əliyevin, 2005-ci ildə isə möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə Prezident mükafatına layiq görülüb. Bu illər ərzində öz işgüzarlığı, təşkilatçılıq bacarığı ilə seçilən sənəkar teatrda aktyorluqla yanaşı, truppa müdiri, direktor müavini vəzifələrində də fəaliyyət göstərib. Hazırda o, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışır. Teatr ictimaiyyətinin yaxşı tanıdığı istedadlı aktyor, bacarıqlı təşkilatçı olan Saqif İsgəndərov əsl sənət adamıdır. O, doğma Qazax teatrının gündəlik qayğıları ilə yaşayır, təkcə tamaşalarda oynamaqla öz işini bitmiş hesab etmir, teatrda çalışan hər bir aktyorun, rejissorun, rəssamın, texniki işçinin gündəlik qayğıları və problemləri ilə maraqlanır. Doğma sənət ocağının yaradıcılıq axtarışları, repertuar seçimi, oynanılan tamaşaların səviyyəsi, tamaşaçı problemi - bütün bunlar Saqif İsgəndərovun gündəlik diqqət məkzindədir. Ona gərə də onun gecəsi də, gündüzü də teatrdır.
   Bu yaxınlarda eşidəndə ki, Saqifin 50 yaşı tamam olur, açığı inanmadım. Hər dəfə onunla rastlaşanda Saqifi yenə gənclik illərində olduğu kimi sənətdən, aktyorluqdan, rejissorluqdan ürək yanğısı ilə danışan, əsib-coşan gördüm. Sanki bu illər onun üstündən keçməmişdir. Bir də düşündüm ki, 50 yaş nədir ki...
   Hələ qarşıda onu yeni yaradıcılıq axtarışları, sənət uğurları gözləyir. Bir də başı qarlı zirvələrə doğru gedən yol elə bu yaşdan sonra başlanır. Necə deyərlər, haydı irəli Saqif! Həyatda və sənətdə yolun açıq olsun, ad günün mübarək!
   
   Yaqub Əlioğlu,
   teatrşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar