Qədim adət-ənənələrimizi yaşadanlar
  
   Dəvəçi şəhərinin mərkəzində əsaslı təmir olunan Mədəniyyət sarayında son işlər gedir. Dörd yüz yerlik bu saray may ayına qədər Şabran camaatının ixtiyarına veriləcək. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədovun böyük təşkilatçılığı sayəsində Dəvəçidə bir neçə bədii özfəaliyyət kollektivi işlərini uğurla davam etdirir. Bunlardan “Çıraqqala” zurnaçılar və “Xınayaxdı” folklor kollektivləri təkcə Dəvəçi rayonunda yox, respublika miqyasında da tanınırlar.
  
   Şabran elinin ən qədim kəndlərindən olan Dağbilici kəndində ilk insanlar təxminən eramızın V-VI əsrlərindən məskunlaşıblar. Uzun illər Dağbilici kənd orta məktəbinin direktoru işləmiş və hazırda Dəvəçi RİH başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini Ramiz Vahabov bu kəndin tarixi haqda belə dedi: “Orada - qəbiristanlıqda qədim şəhid başdaşıları, üstündə köhnə Alban əlifbasında yazılar var ki, bu da V-VI əsrlərə təsadüf edir. Dağbilici kəndi, təxminən, bizim Şabran şəhəri ilə yaşıddır. Ümumiyyətlə, Dəvəçidə qədim kəndlər çoxdur - Şahnəzərli, Dağbilici, Pirəbədil, Qələgah və s. Bunların hamısının tarixi V-VI əsrlərdən başlayır. Şabran elində bir neçə kənd də olub ki, artıq onlar dağılıb gedib - Ərəşli, Sovkəndi, Suvazı, Əhmədbulağı və s.»
   Bu gün Dağbilici kəndində fəaliyyət göstərən «Xınayaxdı» folklor kollektivinə Rəna Ağasıyeva rəhbərlik edir. O, dağbilici kəndində doğulub. Kənd camaatı adət-ənənələrimizi daim qoruyub-yaşatmış, bunları tarixlər boyu öz övladlarına ötürmüşlər. Hələ uşaq yaşlarından toylarda, bayram şənliklərində qədim Alban toylarından qalmış folklor nümunələrimizi, meydan oyunlarımızı, inanclarımızı və başqa folklor incilərimizi maraqla izləyən Rəna, Dağbilici kənd mədəniyyət evindəki özfəaliyyət kollektivinə üzv oldu. Onun fitri istedadını görüb, orta məktəbi bitirdikdən sonra Mədəniyyət evinin bədii rəhbəri təyin etdilər. Elə həmin vaxtlarda Bayram Ağasıyevlə ailə quran Rəna xanıma Mədəniyyət evində bir neçə kollektiv yaratmaqda həyat yoldaşı köməklik etdi. İstedadlı tarzən olan, Dağbilici kənd orta məktəbində nəğmə müəllimi işləyən Bayram müəllimin həm də rejissorluq qabiliyyəti vardır. Qısa vaxtda Dağbilici kəndinin Mədəniyyət evindəki kollektivlər Rəna və Bayram Ağasıyevlərin sayəsində rayonda məşhurlaşdılar. Rəna xanımın bacarıqlı iş qabiliyyətini görüb, Mədəniyyət evinin direktoru təyin etdilər. Yeni direktor adı və fəaliyyəti çox orjinal görünən “Xınayaxdı” folklor kollektivi yaratdı. Bu artıq 1986-cı il idi. Onlar ətraf kəndlərin yaşlı insanları ilə görüşüb, yaddaşlarda olan folklor nümunələrini, inancları, varsaqları, nağılları, Novruz oyunlarını, “şaxbəzəmə»yi, qədim toyları, əkin-biçin nəğmələrini, “Kəklik”, “Qarabörçək” oyunlarını, “Kosa-kosa” meydan oyunlarını, ümumiyyətlə, yaddaşlardan silinməkdə olan inciləri toplayıb teatrallaşdıraraq, səhnəyə gətirdilər. Bu maraqlı işlərilə “Xınayaxdı” folklor kollektivi respublika tamaşaçılarının marağına səbəb oldu, respublikada keçirilən tədbir və şənliklərdə iştirak etdilər. Yarandığının 10 illiyində Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə ona “Xalq kollektivi” adı verildi. Dağbilici kəndinin bütün istedadlı insanları kollektivin üzvü oldular. Ağasıyevlərin oğlu Zaur Azərbaycan Dövlət Konservatoriyasını dirijorluq ixtisası üzrə bitirib, yenidən bu kollektivə qayıtdı. Vurğulamaq istərdik ki, Zaur Ağasıyevə Qarabağ müharibəsinin II qrup əlili kimi - rayon rəhbərliyi tərəfindən 2 otaqlı mənzil verilib.
   2006 və 2008-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi azsaylı xalqların festivalındakı çıxışları isə onların yaddaşında ədəbi qalıb. Musiqili Komediya Teatrının binasında keçirilən bu tədbirlər respublika telekanalları vasitəsilə yayımlanıb.
   - Kollektivinizin üzvləri nəyi bacarmırlar? - deyə Rəna xanıma «labirintsayağı» bir sualla müraciət etdik.
   - 50-dən artıq üzvü olar kollektivimizin ən kiçiyi 1-ci sinifdə oxuyan nəvəmdir. Onların bir hissəsi konsert-tamaşa vaxtı rəqs edir, bir hissəsi mahnı oxuyur, bir hissəsi teatr səhnəcikləri göstərirlər. Bunlarla birlikdə, cəhrə-daraq işlədən, xalça-palaz toxuyanlar da var. Yəni qədim adət-ənənələrimizlə bağlı nə varsa, biz onları teatral formada, milli musiqilərimizin müşayətilə nümayiş etdiririk. Bizim 3 saatlıq rəngarəng proqramımız var. Lazım olsa, biz bu proqramla ayrıca teatrlaşdırılmış konsert verə bilərik. Arzumuz bu proqramla Bakıda, Azərbaycanın başqa rayonlarında çıxış etməkdir. Hətta biz bu proqramla xarici ölkələrdə də Azərbaycanı layiqincə təmsil edə bilərik.
   2006 və 2008-ci illərdə “Azərbaycan - doğma diyar” festivallarının keçirilməsi isə bizə böyük ruh yüksəkliyi verib. Amma Azərbaycan telekanallarından çox gileyimiz var. Bəzən onlar bizim proqramlarımızı «15-20 dəqiqəlik» adıyla çəkir, amma 3-5 dəqiqə göstərirlər. Televiziyaya çəkilən, ancaq göstərilməyən uşaqlar həvəsdən düşür, daha məşqlərə gəlmək istəmirlər. Görəsən, televiziya rəhbərləri, həmin proqramlara məsul jurnalistlər bu haqda fikirləşirlərmi? Yaxşı olmazmı ki, neçə dəqiqə göstərəcəklərsə, elə o qədər də çəksinlər? Bundan heç kim inciməz, həmin uşaqların valideynləri də əvvəldən hər şeyi bilib bizdən küsməzlər. Yalnız 2009-cu il martın 1-də İctimai Televiziya ilə göstərilən bir saatlıq proqramımızdan razı qalmışıq. Bizim proqramı kəsib-doğramamışdılar - olduğu kimi göstərdilər.
   Bizim daha iki problemimiz var. 2001 -ci il zəlzələsi zamanı Dağbilici kəndinin Mədəniyyət evi yararsız hala düşüb. Artıq uçmaq təhlükəsi altındadır. Ona görə də orada məşq edə bilmirik. Çox istərdik ki, bizim üçün yeni Mədəniyyət evi tikilsin. Axı bizim kəndin adamlarının mədəniyyətə, incəsənətə maraqları çoxdur. İnanırıq ki, bu arzumuz tezliklə reallaşacaq. İkinci problemimiz isə milli libaslar məsələsidir. Bunların tikilməsinə maliyyə xərci ayrılsa, çox yaxşı paltarlar tikdirə bilərik. Çünki biz qədim adət-ənənələrimizi göstərərkən ifaçılarımızın əynində həmin dövrün paltarları olsa, tamaşaçılara daha yaxşı və maraqlı təsir bağışlayar.
  
   Fikrət Nuşiyev,
   Ağalar İdrisoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar