Xalq rəssamı Cəmil Müfidzadənin 75 yaşı tamam olur...
  
   Hər bir rəssamın özünün sevimli, qəlbinə hakim kəsilən mövzusu, bədii həllini axtardığı məsələlər vardır ki, o, bunları həyat müşahidəsinə və təcrübəsinə əsaslanaraq həyata keçirir. Doğma yurdun uzaq-yaxın keçmişi, maddi-mədəniyyət abidələri, sərvəti və təbiəti xalq rəssamı Cəmil Müfidzadə üçün belə mövzulardan olub. Yarım əsrdən çoxdur ki, Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib.
  
   Tanışlıq üçün deyək ki, o, ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəb”ində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda almışdır. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Vaxtaşırı çəkdiyi əsərlər yüksək dəyərləndirilmiş, dəfələrlə müsabiqələrin mükafatçısı olmuşdur. Milli təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə respublikanın əməkdar (1982) və xalq rəssamı (2002) fəxri adlarına layiq görülmüşdür. Hazırda yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara sənətin sirlərini aşılamaqla məşğuldur. Professor C.Müfidzadə indi “Qrafika” kafedrasının müdiridir.
   Cəmil Müfidzadə yaradıcılığında milli qaynaqlara tapınan rəssamlardandır. Onun əski sənət nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır. Əsərlərinə xas olan üst-üstə sıralanma prinsipi, geniş ümumiləşdirmələr, incə rəng koloriti miniatür sənəti ənənələri ilə səsləşir. Ən maraqlısı budur ki, bu cür əski sənət prinsipləri çərçivəsində onun əsərlərində müasirlik və zaman kateqoriyası nəzərəçarpan və duyulandır. Odur ki, rəssamın özünəməxsus təfsirində həm məkanın gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha ecazkar görünür. Adama bəzən elə gəlir ki, rəssamda haradasa naturaya qarşı inamsızlıq yaranıb və o, naturanın təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim olunan rəng həllinə etibar edir.Onun sənaye mövzusunda işlədiyi “Abşeronun tacı”, “Bakı-neft paytaxtıdır”, “Polad meşə”, “Neftayırma zavodu”, “Bakı krujevası”, “Neft məbədi” və s. lövhələr bu qəbildəndir. Həmin əsərlərdə neft mövzusu özünün obrazlı bədii həllini tapmışdır. Mürəkkəb kompozisiyalı “Abşeron nefti” lövhəsində bu qədim torpağın sərvətindən söz aşılır. Rəssam buradakı lirik ovqatı və milli koloriti memarlıq elementləri ilə mavi ənginliklərə söykənən neftayırma qurğusunun, buruqların və çənlərin xüsusi görkəmdə təqdim olunan vəhdətindən yaradıb.Mərkəzdə iki tağın arasında neftayırma qurğusu, kənarlarında isə kiçik tağların əhatəsində səf-səf düzülmüş neft buruqları təsvir olunub. Məkanın və qurğuların nəzərəçarpacaq romantika ilə aşılanmasından lövhə sözün əsl mənasında “qaynar ocağa” dönmüşdür. Bu təəssüratı ilk növbədə maraq doğuran mürəkkəb işıq-kölgə həlli və kompozisiyanın sıralanmayan detalları yaradır. Nəticədə, hər gün gördüyümüz sənaye mənzərəsi yaddaqalan bir görkəm almışdır. Bu da rəssamın özünəməxsus dünyaduyumundan yaranmışdır. Etiraf edək ki, Azərbaycan təsviri sənətində neft mövzusuna aid yüzlərlə əsər çəkilsə də, Cəmil Müfidzadənin çoxsaylı lövhələrl onların arasında bədii şərhinə görə duyulası dərəcədə fərqli və yaddaqalandır.
   Rəssam çox vaxt həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlayır. Onun özümlü bədii şərhi, ifadə tərzi də elə bu “məsafənin” mövcudluğunda aşkarlanır. Belə ki, o, çox vaxt təsvir obyektini əsərlərinə özünün qavradığı, duyduğu, bəzən də arzuladığı, görmək istədiyi biçimdə gətirir.Belə təfsir təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın işlətdiyi ümumiləşdirmələrə, güclü improvizələrə baxmayaraq, onu da demək lazimdır ki, bizə təqdim olunan hər bir poetik-romantik sənaye mənzərəsinin real prototipi var.
   C.Müfidzadənin əsərləri işləmə manerasına, kompozisiya biçiminə görə orijinal olub, heç kimi xatırlatmır. Onlara diqqət yetirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişildiyi açıq duyulur. Əvvəlki əsərlərə xas olan lakonik biçim, təzadlı işıq-kölgə həlli yavaş-yavaş zərgər naxışlarını andıran cizgilərlə əvəz olunmuşdur. Ksiloqrafiya texnikasında işlənmiş əsərlərinə forma bütövlüyü, xətlərin dinamikliyi, ofort texnikasında işlədiyi lövhələrə isə cizgilərin labirintsayağı görümünü andıran bənzərsiz düzülüşü səciyyəvidir. Rəssamın qarışıq texnikada çəkdiyi əsərlər də maraq doğurur. Burada təsvirin ifadəli şərhində puantilist, yəni xırda nöqtələrdən yaranan rəng qatına üstünlük verilmişdir. Rənglərin məhz belə sərbəst ahəngi və təzadı obrazlı-poetik düşüncənin aydın ifadəçisi olmuşdur.
   Rəssamın məşhur “İçərişəhər” silsiləsi onun yeni bədii tapıntılarının başlanğıcı olub. Orijinal ifadə vasitələri, emosionallığı ilə seçilən cizgilər əsrlərin sərt sınağına dəyanətlə duruş gətirən möhtəşəm tikililərin özünəməxsusluğunu göstərməyə imkan verib. Onun “Türbə”, “Şirvanşahlar sarayı”, “Köhnə Bakı”, “Qız qalası” və digər əsərlərində rəssamın obrazlı görümü xüsusilə güclüdür.
   C.Müfidzadənin yaradıcılığında əvvəllər işlədiyi mövzulara yenidən qayıtmaq meyli hiss olunur. Bu heç də təkrarçılıq kimi qəbul olunmur. Əksinə, tamaşaçıya həmin mövzunun yeni yozumunu, daha emosional, yaddaqalan həllini təqdim edir. Onun vaxtaşırı İçərişəhər mövzusuna qayıtması buna misaldır.
   Rəssam illər uzunu tez-tez yaradıcılıq səfərlərində olub. “Şimal”, “Xınalıq”, “Monqolustan torpağında”, “Buhenvald”, “Xirosima”, “Misir” və s. silsilələri belə səfərlərdən sonra yaranıb. Xınalığa həsr olunmuş lövhələrdə enerjili təsvir dili və mürəkkəb rakurslar əsl mənada daş evləri donuq vəziyyətdən çıxarıb. Dağlar qoynunda qərar tutan bu qəribə məkanın bənzərsizliyini göstərməyə imkan verib. “Əsrlərin görüşü”, “Axırıncı tıkan”, “Naməlum səs” və s. əsərlərində bözumtul rəngli, haradasa bir qədər cansıxıcı görünən Qobi səhrasının yeknəsəkliyində rəssam fəlsəfi məna arayıb. “Axırıncı tikan” bu baxımdan diqqəti xüsusilə cəlb edir. İki dəvənin ucsuz-bucaqsız səhrada qarşılarına çıxan sonuncu tikana həsrət-ümid dolu nəzərlərlə baxmaları düşünmək üçün geniş meydan açır. Tamaşaçı bu acı həsrətin qaynaqlarını aşkarlamağa çalışır. Adi bir tikan kolunun varlığı, bəlkə də ölüm-dirim mübarizəsinə çevriləcəkdir. Bozumtul səhra, bir tikan, bir də boyunlarını həsrətlə ona doğru uzadan iki dəvə...Həyat ya ölüm..
   Demək lazımdır ki, rəssam bəlkə də yeganə qrafiklərimizdəndir ki, təhsil illərində qazandığı bədii-texniki vərdişləri praktiki olaraq davam etdirməkdədir. Onun ofort,akvatinta, litoqrafiya texnikalarında işlədiyi əsərlər də bunu təsdiqləyir. Yaxşı haldır ki, sənətdə əldə etdiyi bədii təcrübəni və dünya praktikasında ofort texnikasının tətbiqini əhatə edən “Ofort” adlı metodik vəsait yazmaqla o, bu işin gənclər tərəfindən davam etdirilməsi üçün mənbə yaratmışdır.
   Cəmil Müfidzadə müasirliyi, bizim günlərin dinamikasını duyan sənətkardır. Onun özündə ənənəni və novatorluğu birləşdirən yaradıcılıq yolu da buna yaxşı nümunədir. Əgər aprelin 7-də onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunacaq fərdi sərgisinin açılışına gəlsəniz, görkəmli qrafika ustasının özündə zəngin bədii məziyyətləri hifz edən əsərləri ilə tanış ola bilərsiniz. İnanırıq ki, özünün müdriklik çağını yaşayan rəssamın yeni yaradıcılıq hesabatı da rəğbətlə qarşılanacaqdır.
  
   Ziyadxan Əliyev,
   əməkdar incəsənət xadimi






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar