Salatın Əhmədli

 

  

    Əvvəli ötən sayımızda
   
   
“Herostratı unudun”
   
   Bu tamaşa da həddindən artıq dinamikdir. Hadisələr bir-birini əvəz etdikcə tamaşaçıda da həyəcan artır. İki hissəli komik faciə janrında qoyulmuş tamaşa çox yüksək dərəcədə hazırlanıb. Aktyorlar tamaşanı böyük ustalıqla oynayırlar. Bəlkə də teatrşünaslar mənə irad tuta bilərlər ki, mən tamaşanı oynayan aktyorların oyununu necə, hansı əsasla analiz edə bilərəm. Birinci növbədə, adi bir tamaşaçı kimi, doğma şəhərimizin teatrlarında tamaşaya qoyulmuş bütün əsərlərə baxmışam. Bakıdakı teatr aktyorlarının bütün oyun üslublarına bələdəm. Bundan başqa, getdiyim ölkələrdə həmişə çalışmışam ki, heç olmasa o ölkənin bir tamaşasına, ya konsert proqramına baxım, çox vaxt da buna nail olmuşam. Cəsarətlə deyə bilərəm ki, bizim aktyorlar xarici aktyorlardan heç də geri qalmırlar. Mən buna misal olaraq Q.Qorinin «Herostratı unudun» faciəsində baş rolun ifaçısı Qurban İsmayılovu göstərə bilərəm. Onun oyunu o qədər qüvvətli alınmışdı ki, hamı nəfəsini dərmədən tamaşanı seyr edirdi. Onun dinamik hərəkətləri, pafoslu danışığı, səhnəboyu çevik gedişləri tamaşanı daha da baxımlı edirdi. Çox təəssüf edirəm ki, Qurban İsmayılov teatrsevərlər tərəfindən lazımınca tanınmayıb.
   Tamaşanın digər iştirakçıları - Sərvər Əliyev, Nəsibə Eldarova, Elşən Çarhanlı, Ədalət Əbdülsəmədov, Xalidə Əliməmmədova, Elşən Hacıbababəyov, Rəzzaq Məmmədov, Nurlan Rzayev də öz oyunları ilə yaddaqalan obrazlar yaradırlar. Mən xüsusilə Klementina rolunun ifaçısı Nəsibə Eldarova və Kleon rolunda çıxış edən Elşən Çarhanlının oyunundan xüsusi zövq aldım. Elşən Çarhanlı Kleonu çox məharətlə yaradıb. Bir anlıq mənə elə gəldi ki, Efesi qorumaq üçün Kleon, doğrudan da aktrisanı - Klementinanı öldürəcək. Kleon Herostratı ittiham edir. Çünki o, Efes şəhərinin qüruru olan Artemida məbədini yandırıb. Artemida - qədim yunan mifologiyasında məhsuldarlıq ilahəsi, ay ilahəsi, heyvanların və ovçuların, qız uşaqlarının və ana olmağa hazırlaşan qadınların himayəçisi olmuşdur. O, Zevsin qızı, Apollonun bacısıdır. Onun şərəfinə Efes şəhərində Artemida məbədi tikilmişdir. Qədim Roma mifologiyasında Artemida «Diana» adlandırılmışdı. Kleon qanunlara arxalansa da, insanların hiyləgərliyi qabağında təklənir, məğlubiyyətə düçar olur. O yana-yana Herostrata deyir ki, Prometey Allahdan odu insanlara aparmaq üçün aldı. Sənsə odu ona görə götürdün ki, şöhrət xatirinə, tarixə düşmək xatirinə məbədi yandırasan.
   Kleon - Elşən Çarhanlı bu rolu o qədər məharətlə oynayır ki, tamaşaçı, elə bil özünü məhkəmə gedişində hiss edir.
   Tamaşanın ən gərgin və tamaşaçını düşünməyə vadar edən məqamı Herostratın axırıncı şəkildəki hadisəni danışmağıdır.
   Efes hakimi Tissafern həbsxanaya - Herostratın yanına gəlir və ərz edir ki, səni həmşəhərlilərin öldürmək istəyir. Bu gün ya sabah Delfə göndərilən elçi qayıdacaq və Allahın əmrini gətirəcək.
   Bu zaman Herostrat ayağa durur və deyir ki, «Mən sənə indi danışacağam ki, nə vaxtdan Allahların gücünə inanmıram». Sələmçidən 500 dirhəm götürən Herostrat qartal caynaqlı Rodos xoruzu alır və xoruz döyüşdürmək oyununa girişir. Əvvəlcə, xoruzu döyüşə hazırlayır, ona çoxlu sarımsaq yedizdirir, məşq elətdirir. O, müflis olandan sonra bu oyuna gedir. Şəhərin varlı adamlarından olan Fyodrla mərc gəlir və deyir ki, mənim xoruzum sənin hansı xoruzuna desən, güc gələ bilər. Birinci oyunda Fyodr görür ki, xoruzu yorulub, uduzacaq. Deyir, qoy mən Allahlardan diləyim ki, mənim xoruzumu himayə etsin. Herostrat razı olur. Fyodr bu üsuldan ikinci, üçüncü dəfə istifadə edir. Hiyləgərlik Fyodrun köməyinə çatır. Hər dəfə xoruzuna Allahlardan himayə istəyəndə onun qulları gizlincə xoruzu dəyişdirirmiş. Herostratın qalib olmağa az qalmış xoruzu Fyodrun üçüncü dəfə dəyişdirdiyi xoruzun qurbanı olur. Herostrat üzünü göyə tutub Allahlardan bağışlanmağını xahiş edir: mən sizin möcüzənizə şəkk edirdim, indi inandım. Sonra Herostrata yaxınlaşan qara qullardan biri deyir: «Allahların buna nə dəxli var. Sadəcə olaraq, gözün kor olmuşdu. Fyodrun xidmətçisi xoruzu dəyişdirəndə sən görmürdün». Herostrat hirsindən ağlayır, oyunu uduzur, sonra da dəli kimi gülməyə başlayır. Özü üçün böyük həqiqəti kəşf edir: İnsanın həyasızlığı Allahlardan güclüdür.
   Tamaşada xırda bir nöqsanı xatırlatmaq istərdim. «Teatr adamı» - Ayşad Məmmədov səhnəyə müasir geyimdə - cins şalvarda çıxırdı. Tamaşa gedən zaman tamaşaçı bütün varlığı ilə hadisələrin gedişinə qapılır, onun içərisinə girir. Sanki özü də həmin hadisələrdə iştirak edir. Müxtəlif sarsıntılar keçirir. Elə ki, «teatr adamı» səhnəyə çıxır, tamaşaçı onu cins geyimdə görür, tamaşanın təsiri birdən-birə azalır. Tamaşanın təsir dairəsi zəifləyir, tamaşaçı teatrın bir oyun olduğunu anlayır və təəssüf edir. Mən əminəm ki, teatr gələcək tamaşalarda bunu nəzərə alacaq.
   
   “Dünyanın axırı”
  
 
   Dövlət Gənclər Teatrının üçüncü tamaşası teatrın baş rejissoru, əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin «Dünyanın axırı» dramı idi. Əsər ikihissəli olub, lətifə janrında yazılıbdır. Quruluşçu rejissor elə müəllifin özüdür. Bu tamaşa da gözəl aktyor oyunu ilə yadda qalır. Rəhman Əlizadənin «Komediyalar» kitabını əldə edib pyesi bir də oxudum. Onun pyesdəki fikirləri müasir dövrümüzlə çox səsləşir. Bəzi insanların gözüdoymazlığı, tamahkarlığı, oğurluğu, yalançılığı əsərdə dilənçilərin, ruhların, ümumiləşdirilmiş polis işçilərinin şəxsində verilmişdir. Əsər Molla Nəsrəddinin lətifəsi əsasında yazılmışdır. Mollanın ipək yorğanı «ruhlar» - oğrular tərəfindən oğurlanır. Ruhlardan biri - gözəl qız mollaya «mən sənin ölmüş arvadınam» deyir. Molla qoca yaşında cavan qızın eşqinə düşür. Onun canını almağa gəlmiş Əzrayıla Allaha and verərək deyir ki, iki dəfə namaz qılmamış canını almasın. Mollanın məqsədi cavan qızı tapmaq və ona qovuşmaq idi. Əzrayılı aldadan Molla sonda ona yalvarası olur: «Gəl, al canımı, hər şey bitsin, hər şey qurtarsın». Nadan insanlar arasında müəllif ancaq ulağı ağıllı, düzgün məsləhət verən, yol göstərən bir obraz kimi verib.
   ...Molla oğurlanmış yorğanını tapmaq ümidilə bazara gəlir. Bazarda qızğın alış-veriş gedir, hər cür mal satılır: abır, qeyrət, etibar. «Beş günlük həyatda mənalı yaşamaq» üçün atasını satan kim, ölkəsinin qayda-qanununu satan kim. Satıcılardan biri qəribə bir əşyanı mollaya göstərib deyir: «Bu, məşhur bir şairin vicdanıdı - bir kilo ətin qiymətinə satıram». Molla vicdanın o yanına, bu yanına baxıb tanıyır, deyir, çox nimdaşdır, yamaq-yamaqdır. Allah bilir, neçənci dəfədir satır.
   İkinci satıcı istedadlı bir rejissorun ləyaqətini satır. Molla baxıb bunu da tanıyır, deyir: «Elə adlı-sanlı dramaturq yoxdur ki, bu ləyaqətin keçmiş sahibi onun şalvarını düymələməsin».
   Bu, dəhşətdir! Zəmanənin iyrənc tərəfləridir. Hamı sata-satdadır, hamı qaça-qovdadır. Kim nəyi bacarırsa, satmağa çalışır.
   Üçüncü satıcı haqq-ədalət satır. Ulaq mollaya müraciət edir: Ay Molla, heç gözə görünməyir onun satdığı haqq-ədalət. Molla cavabında deyir: - Ay heyvan, bu dünyada haqq-ədalət o zaman gözə dəyər ki, adamlar bərabər olsunlar, əks təqdirdə toxların ciblərində olan haqq-ədaləti ac-yalavaclar həmişə çırpışdırmağa çalışacaqlar. Müəllif bu pyesdə həyatın bəzi eybəcərliklərini qorxmadan, cəsarətlə açıb göstərir. Mən bu əsəri oxuyanda ölməz «Molla Nəsrəddin»çi Cəlil Məmmədquluzadənin ədəbiyyatdakı ədəbi priyomları yadıma düşdü. Rəhman müəllim də o priyomlar vasitəsilə tamaşaçını heyrətləndirən, düşündürən bir əsər yazmışdır. Əsərdə ən ibrətamiz fikirlərdən biri də polisin bazar əhlinə verdiyi muştuluqdur: Hazılaşın, bazar əhli, bizim elin bazarına əziz-xələf qonaq gəlir. Molla ulağa müraciətlə deyir: Qonaq gözləyə-gözləyə özümüz öz yurdumuzda qonaq olub qalmışıq. Biz özümüz üçün yox, əziz-xələf qonaqlar üçün yaşamışıq.
   Doğrudan da belədir. Ömrümüzü qonaq yolunda şam kimi əritmişik. Hər şeyin bir həddi olmalıdır. O yaxşılığı ki biz edirik, ifrata varanda pislik yaranır. Qonaqpərvərliyi də elə etməliyik ki, israfçılıq yaratmasın. Özümüz üçün də yaşamağa vaxt tapa bilək.
   Əsərdə əziz-xələf qonaq kim olsa yaxşıdır?! Mollanı qarabaqara izləyib canını almaq istəyən Əzrayıl.
   Bazara hücum çəkən dilənçilər əynindəki geyimindən başqa heç nəyi olmayan Mollanı məcbur edirlər ki, nəzir kimi paltarını soyunub versin. Yarımçılpaq qalmış mollanı antiqoniq cinayətkar kimi həbs edib şöbəyə gətirirlər. Polis rəisinin başı dövlət işlərinə yox, eyş-işrətə, nəfsini öldürməyə qarışıb. Məişət, əxlaq pozğunluğu baş alıb gedir.
   Bütün bu hallar, hadisələr səhnədə cərəyan etdikcə tamaşaçı hiss edir ki, bunları həyatda müşahidə ediblər, eşidiblər. Tamaşa vasitəsilə bir daha bunun şahidi olurlar.
   Müəllif real həyatda baş verən bu eybəcərlikləri tamaşaya gətirib bir daha göstərir ki, əziz tamaşaçı, özün üçün də yaşamağı bacar, yaşlı kişi, axtar tayını tap, cavan qız taparsan, günün ah-vayla keçər, cənab polis rəisi, başını qaldır, bax ətrafına, haqqın-ədalətin tərəfində ol!
   Bu səhnə oyunu da çox uğurlu alınıb. Aktyorlardan Sərvər Əliyev, Ədalət Əbdülsəmədov, Elşən Çarhanlı öz rollarının öhdəsindən müvəffəqiyyətlə gəliblər. Bunu tamaşanın sonunda tamaşaçıların alqışı bir daha sübut etdi.
   
   (davamı gələn sayımızda)







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar