Dünən “Eurovision - 2009” mahnı müsabiqəsinə start verildi. Sabah isə Azərbaycan təmsilçiləri olaraq, “Eurovision” səhnəsinə Aysel və Araş dəvət olunacaq. Əvvəla, Azərbaycanı bu beynəlxalq yarışmada təmsil edəcək iştirakçılarımıza uğurlar diləyir, Azərbaycanın adının ön sıralarda çəkilməsi üçün əllərindən gələni edəcəklərinə inandığımızı və onları dəstəklədiyimizi bildiririk. Bəs görəsən, həmvətənlərimiz bizi təmsil edəcək mahnıdan və müğənnilərdən nə dərəcədə razıdırlar? Aysel və Araşın ifa etdiyi “Always”(“Həmişə”) mahnısı həqiqətən bəyənilirmi? Kim Azərbaycanın bu çıxışla neçənci yerə çıxacağını düşünür? Bütün bu suallarımıza cavab tapmaq üçün apardığımız sorğuda iştirak edən insanlardan bir neçəsinin fikrini sizə çatdırıram:
   
   Günel Əzimova (mühasibatçı): Mahnı da, klip də çox xoşuma gəlir. Zənnimcə, hər şey yüksək səviyyədədir. İnşallah, ən azından, qızıl üçlüyə düşərik.
   Günay Aydınqızı (tələbə, ADMİU): Digər ölkələrin mahnılarına baxanda bizimki elə də pis deyil. Yüksək pillələrdən birində özünə yer tuta bilər. Əslində, Araşın Aysellə duetinin bizə xeyri olmalıdır. Çünki Avropa artıq onu yetərincə tanıyır. Buna Araşın şöhrətindən istifadə kimi baxmaq lazım deyil. Bir ölkənin məşhur müğənnisinin başqa bir ölkəni təmsil etməsi hadisəsinə bu müsabiqədə ilk dəfə rast gəlinmir. Aysel özü də pis seçim deyil,- Araşdan heç də geri qalmır. Tardan istifadə də yerindədir. Ona görə deyərdim ki, olsa, bu, təmiz qələbə olacaq.
   Aynur Yaşarqızı (tələbə, ATU): Düzü, Azərbaycan vətəndaşı kimi çox istərdim ki, orada oxunacaq mahnı öz istedadlı şair və bəstəkarlarımızın ərsəyə gətirdiyi bir mahnı olsun. Lakin bu, o demək deyil ki, bu il bizi təmsil edəcək mahnı pisdir. Əksinə, lazımi səviyyədə dinləyici toplaya biləcək qədər gözəl mahnıdır.
   Bir şeyi də vurğulamaq istərdim. Azərbaycanı təmsil edəcək mahnıda millilik hiss olunmalı idi. Klipdə Araşın, türklər demiş, tarı alay edərcəsinə gitara kimi oynatması, heç də millilik göstəricisi deyil. Yenə də hamını onlara dəstək olmağa çağırıram, çünki onların qalibiyyəti bizim adımızdır.
   Toğrul Əliyev (operator): Builki mahnı keçənilkinə çatmasa da, yaxşıdır. Keçən ilki başqa aləm idi, muğam, ariya... Nə bilim, bu mənim subyektiv fikrimdir. O qədər də ürəyimcə deyil builki seçim.
   Tural Məmmədov (saç ustası): Düzdür, əslində bizim daha da gözəl mahnı ilə təmsil olunmaq imkanımız var idi. Amma “Always” də pis mahnı deyil. Təmsilçilərimizə uğurlar!
   Sədaqət Axundova (evdar qadın): Əvvəl hamı Azərbaycanı Ayselin təmsil edəcəyindən danışırdı. Amma sonra ortaya Aysel və Araş dueti çıxdı. Məncə, birinci variant daha yaxşı idi. Araşı heç bəyənmirəm də! Düzü mahnını da! Mən daha maraqlı bir şey gözləyirdim. Amma yenə də düşünürəm ki, Azərbaycanın beşliyə düşmək imkanı var.
   Sadiq Nəcəfov (hərbçi): Mahnıda qeyri-adi bir şey olmasa da, maraqlı ideyası olan performansla, bir qədər mürəkkəb quruluşlu plastika ilə Avropanın diqqətini cəlb etmək olar.
   Asiman İbrahimova (tələbə, ATU): Keçən ilki mahnı qeyri-adi bir musiqi idi. Bununla belə layiqli yerini tutmadı. Builki mahnı isə mənə daha primitiv gəlir, ona görə də çox yüksəklərə qalxacağı nəsə inandırıcı görünmür. Təəssüf ki, adı mahnı müsabiqəsi olsa da, həmişə siyasət öz sözünü deyir.
   Nazim Əliyev (tələbə, ADMİU): Mahnı əladır, amma keçənilkinə nisbətdə zəifdir. Bundan başqa, pramoşn azdır. Düşünürəm ki, Aysel tək getsəydi, daha yaxşı olardı. Mahnıda milli ornamentlər azdır, təkcə tarla olmaz. Onlara uğurlar arzulayıram, Azərbaycanın adını yüksəklərə qaldıracaqlarına inanıram.
   Ötən il Azərbaycanı “Day after day” (“Gündən- günə”) mahnısı ilə Elnur və Samir təmsil etdilər. Əksər mütəxəssis və tamaşaçıların fikrincə, əslində daha yüksək yerə layiq olan çıxışımız 8-ci yeri tutdu. Müsabiqədən əvvəl, Azərbaycanın bu çıxışla ən azı üçlüyə düşəcəyindən ağızdolusu danışanlar, müsabiqədən sonra təsəlliverici bir ahənglə ilk dəfədən onluğa düşməyin böyük nailiyyət olduğundan bəhs etdilər. Özündə maraqlı ideya daşıyan performans, çox çətin və maraqlı bir tərzdə sintez olunmuş mahnı və milli musiqimizi əks etdirən muğam, heç bir ölkədə yox idi. Lakin siyasət öz sözünü dedi. 8- ci yer, “Filan ölkədən gözlədiyimiz halda niyə bizə səs gəlmədi” - sualına, “Bu veriliş mahnı müsabiqəsidir, siyasi proqram yox! ”- deyə, cavab verənləri bir qədər susdurdu.
   2008- ci ildə Azərbaycana Türkiyə və Macarıstandan 12, Ukrayna, Rusiya, Çexiyadan 10, Makedoniya, Belorus, Moldovadan 8 bal gəldi. Aparıcının üzərində Azərbaycanın performansına uyğun olaraq, ağ mələk qanadları görünən Almaniyadan isə, qanadları görər- görməz, hamı “12” düşünməyə başlasa da, yalnız bircə bal gəldi.
   Bu il hansı ölkədən hansı balı alacağımızı, neçənci yeri tutacağımızı bu həftə biləcəyik. Amma əyri oturub, düz danışsaq, Azərbaycan öz Aysel və Araşının “Həmişə”si ilə ən azından beşliyə düşməyi haqq edir. Bu, faktdır. Hər şey göz qabağındadır axı...
   
   Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar