«Jizel» baleti, iki pərdəli səhnə əsəri, bəstəkar A.Adan, libretto müəllifi T.Qotye, J.Sen-Jorj, xoreoqrafiya - J.Perro, J.Koralli, M.Petipa.
   Jizel - Rusiya Böyük Teatrının solisti Çinarə Əlizadə
   Alfred - beynəlxalq müsabiqələr laureatı Andrey Bolotin
    «Bakıda Opera və Balet Teatrının səhnəsində rəqs etmək arzusundayam. Hansı rolda çıxış edəcəyimin də əhəmiyyəti yoxdu, əsas odur ki, həmin səhnədə oynayım...» (Çinarə Əlizadə, «Baku» jurnalı, Moskva sentyabr-oktyabr 2008)
   
   Baş tutdu! Çinarə, sənin arzun gerçəkləşdi...
   Sizi də təbrik edirəm, möhtərəm bakılılar!

   
   Bir zamanlar nail olduğu şöhrət zirvəsini qoruyub saxlamaq naminə tanınmış balet artistlərinin tamaşalara dəvət edilməsi yolunda Akademik Opera və Balet Teatrımızın məhsuldar fəaliyyəti milli balet ideyasının apofeozu ilə başa çatdı...
   Moskva Böyük Teatrının solisti, prima-balerina, beynəlxalq balet müsabiqələrinin laureatı - sayca çox az olan balet bilicisi və həvəskarlarının (onlar heç yerdə heç vaxt çox olmurlar, amma Bakıdan fərqli olaraq onlar hər yerdə göz önündədirlər və onların fikirlərinə hörmətlə yanaşırlar) illərdən bəri davam edən milli səhnəmizin keyfiyyətcə yeni prima balerina obrazına - yeni tipli, həm də müasir məktəb keçmiş (hərçənd demək lazımdır ki, Böyük Teatrın məktəbi köhnə məktəbdir) balerinaya həsrəti sona çatdı. İntizam, fədakar əmək, balet səhnəsində güzəştin mümkünsüzlüyünə şahidlik... tənqid və özünütənqidin həsrəti... axır ki, bitdi. Cənablar, bizim öz primamız var. Ötən illərin möhtəşəm balet quruluşlarını xatırlayaq. Nə vaxtdan bəri göz yaşı axıdan səhnənin öz priması var... Səhnəmiz canlandı...
   Sənin sayəndə, Çinarə! Bu, sənin nailiyyətindi...
   Yeni-yeni həyat sahələrini zəfərlə fəth edən Azərbaycan qadınını bütün dünya heyrətlə seyr edir. Qoy bir nailiyyəti də hesabına yazsınlar - dünya səviyyəli balerina.
   Arıtq publikanın bir qisminin bir qədər qısqanc suallarını eşidirəm - Axı o kimdi ...?
    Xanımlar və cənablar, bu odur... Bu həmin xanımdır ki, onun barəsində “Bakı” jurnalında yazmışdılar, və bu yazı ilə həm onu tanıtmış, həm də Azərbaycanda balet sənətinin gələcəkdə inkişafının bünövrəsini qoymuşdular ( bu, ən azından ailələrin öz uşaqlarını balet sənətinə həsr etməsi marağına təkan verdi). Bu həmin xanımdır ki beynəlxalq balet müsabiqəsinin laureatı olmuşdur.
    “Axı o, Böyük Teatrdandır, biz isə burada təhsil almışıq” sayaq bəzi qısqanc etirazlar qulağıma yenə də çatır...
    Bəli, cənablar, elədir.
   MƏKTƏB, MƏKTƏB, YENƏ DƏ MƏKTƏB. Məktəb əsas deyil, vacibdr (özü də təkcə baletdə yox, mədəniyyətin bir çox sahələrində), lakin böyük hərfli Balerinanı - Primanı adi bir rəqqasədən fərqli edən İSTEDAD lazımdır.
   Çünki BALET SOLİSTİ - sadəcə, duruş, ayaqların forması, vücud cizgiləri, addım, dönmə, tullanış... kompleksi deyil. Böyük teatr məktəbi mükəmməlliyi ilə o dəqiqə tanınır... Dünyanın ən möhtəşəm məktəbi olduğu da şəksizdir... Yalnız cənablar, istedad, qəlb duyumu, artistizm, plastika və ifadəliliyin daxili qovuşuğu, ekspressiyanın milli energetik xüsusiyyətləri - bu cəhətlər şüuraltı səviyyədə tanınan və adamı heyran edən, həzz verən, ehtizaza gətirən doğmalıq bu istedadın keyfiyyətləridir...
   Baş tutdu, cənablar.
   Çinarənin xarakteri, onun əla fiziki forması, mükəmməl məktəbi, akademizm ifa etdiyi Jizelin müvəffəqiyyəti ilə nəticələndi... Uzun müddət həsrət içində qalan və ancaq möcüzəyə ümid bəsləyən tamaşaçı, bu möcüzəni görməyə müvəffəq oldu...
   Teatra gedəndə bir az həyəcanlıydım, hər necə olsa, axı bu «Jizel»dir. Böyük teatr məktəbinə son sehrli vasitə kimi ümidimi bağlamışdım... Ümidim özünü artıqlaması ilə doğrultdu.
   Çinarənin Jizeli müasir olduğu qədər ənənəvidir. Hər kəsə İnanan sadədil kəndli qızının məhəbbət əhvalatı dünyanın özü qədər qədimdir. Saf gözəllik və uşaq səadəti ilə dolu səhnələr qədərin daxili dramatizmlə dolu kulminasiya momenti ilə əvəzlənir. Və mösüzə... baş verir... Qarşımızda uzaq Avropa ölkəsinin bəstəkarı Adanın baletindəki ağlını itirmiş pastoral kəndlisi ( postrenesans dövründə ideal bir ölkə sakini kəndçi qız) yox, aldadılmış doğma azərbaycanlı qızı canlanır... dağınıq saçlar, kədərlə dolu sima... balet pa-ları (pa- tipik balet hərəkətləri) arxasından bizim milli plastikamız açıqca sezilir. İlğım, dejavyü (indi baş verən hadisənin əvvəldən görünməsi), sənətin sehri hamısı bir yerdə... Bax, elə bu yerdə balerinaya məharət və yaradıcı şəxsiyyətin öz artistizmi vacibdir ki, bu da Çinarənin unudulmaz oyununu, həmin mürəkkəb hissləri tamaşaçıya çatdırmağı parlaq bir şəkildə bacardı (bu sözü dəfələrlə təkrar etmək istərdim: PARLAQ). Təcrübəli balet rejissurası hər zaman milli balet teatrının xüsusiyyətlərini, hətta səhnənin özünün ənənəvi cəhətlərini həmişə nəzərə almağa cəhd göstərir, hərçənd novasiyalar (yeniliklər) bəzən sınanmış fənd və vasitələrdən uzaqlaşmağı tələb edir. Lakin Çinarənin Jizeli həm də ona görə dəyərli idi ki, yüksək professionallıq və məharətlə yanaşı, onun qəhrəmanı ifaçının xarakterinin dərinliyindəki mentallığın zərif motivləri ilə çulğalaşmışdı. Bu da onu dünya balet sənəti kontekstində tam nadir və bənzərsiz ifaçıya çevirir. Buna görə də klassik balet sənəti bütün sərt reqlamentləşməyə və klassik rəqsin ifadə vasitələrinin zahiri kasadlığı fonunda obrazın özəyini ifaçının öz obrazı, ekspressiyası və artistizmi ilə dolğunlaşdırmasına nəinki yol verir, hətta alqışlayır. Beləcə, səhnədə hadisənin gerçək səviyyəsinə uyğun əsərlərin tükənməz variasiyaları yaranır.
   Balet ansamblının partiyaları kantilendirlər (kantilen- yəni axıcı, bir birini tamamlayıcı). Adolf Adanın ecazkar musiqisinin müşayiəti ilə prelyüd cərçivəsindən çıxmadan hadisənin kulminasiyasına yaxınlaşırlar. Andrey Bolotinin Alfredi şərəfli balet məktəbinin mükəmməlliyi və fiziki ifadə və artistizmlə tamamlanan çıxışı ilə gözəldir, bu da, onun öz partnyoru ilə divvertisment rəqslərini qüsursuz təqdim etməsinə imkan verir. Bolotinə tamaşa edəndə, partnyorunu iki saniyədən artıq qolları üstdə saxlamağı bacarmayan, fiziki cəhətdən zəif bəzi rəqqasları unudursan. Növbələşən «pa»lar, tutmalar, gözəl tullanış, hərəkətlərin dəqiq ölçülmüş amplitudu... tamaşaçını Alfred partiyasının ifaçısı Bolotinin çıxışından həzz almağa vadar edir.
   Bütün bunlar arzular aləminin- Villiss dünyasında (mifik bir ölkə) xəyal dünyasından bəhs edən ikinci aktda zirvə mərhələsinə gətirir.
   Ansambldakı bütün ifaçıların əməyini qiymətləndirmək lazımdır. Onlar bizi rəqsin vasitəsilə arzular aləminə apara bildilər, tamaşaçıları da inandırdılar, heyrətləndirdilər.
   Dəqiq işlənmiş, eyni zamanda yüngül və hər bir tamaşaçını öz lirik xəyalları aləminə aparan rəqs! Sənətin (həm də quruluşçu baletmeysterin) sehrli gücü bundadır.
    Bu, əsl balet tamaşasıdır , gözəl və ənənəvi, amma lazımsız təmtəraqdan və küsdürücü bəsitlikdən eyni dərəcədə uzaq, mümkün qədər zəngin dekorasiyalar.
   Kordebaletin də çıxışı (sayına görə belə demək mümkündür, yoxsa ki, neçə illər nə keyfiyyətə, nə də kəmiyyətə riayət olunmurdu) nizamlı və səliqəli idi, rəqqasələrin fiziki forması lirik və emosional innotasiyalar barədə, həm də Bakı Xoreoqrafiya Məktəbinin məzunlarının öz üzərində yaxşı və planlı çalışmaları barədə fikir yürütməyə imkan verir. Cavanşir Cəfərovun idarə etdiyi orkestr də nizamlı çıxış edirdi. Orkestrin ifası göstərirdi ki, balet partiturası üzərində dirijor ciddi işləyib və Bakı Opera və Balet Teatrının orkestrinin həm akademik, həm milli teatrın səviyyəsinə uyğun, həm də Bakı səhnəsinin bir zamanlar adla deyilən şöhrətinə layiq ifası səviyyəsinə yaxındır .
   Şübhəsiz, səhnənin ən mükəmməl ənənələrini yaşadan klassik balet tamaşası çox gözəldir. Son onilliklər boyu Azərbaycanm bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri müasir balet janrında bir sıra gözəl əsərlər yaradıblar. İstərdik ki, həmin əsərlər bizim milli səhnəmizdə öz adekvat və layiqli təcəssümünü tapsın, daha yaxşı olar ki, əsas partiyalarda Çinarəni, birinci dərəcəli balet ulduzlarını və yeni isimləri görək.
   Balet tamaşasının seyrindən doğan heyranlıq və mənəvi həzz gənc tamaşaçının mənəvi tərbiyəsi ilə bağlı ümidlər verir.
   Daha bir məqam. Azərbaycanın gənc bəstəkarlıq məktəbi və balet generasiyası qarşısında müasir balet repertuarının yaradılması kimi bir vəzifə durur.
   Sözümüzün sonunda Çinarənin Bakı səhnəsində çıxış arzusunu, eyni zamanda Bakı tamaşaçısının və Bakı balet səhnəsinin belə bir gözəl Jizeli görmək, həm də yeri gəlmişkən, balet səhnəmizdəki durğunluğun sonu ilə bağlı arzularını gerçəkləşdirənlərə minnətdarlıq etməyi lazım bilirik.
   Çox sağ olun, cənablar! 

   Azər ALLAHVERDİYEV







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar