Bu dəfə rəssam İlham İsmayılov haqqında yazmalı oldum. Əsərləri ilə tanış olanda gördüm ki, səhv etməmişəm. Onun rəsmlərində ənənəyə sadiqliklə yanaşı, orijinallıq, özünəməxsusluq da gördüm.
   
   İlham İsmayılovu oxuculara təqdim etmək istərdim. O, 1971-ci ildə Qubadlı rayonunun Göyyal kəndində anadan olub. Rəssamlığa həvəs onda hələ orta məktəb illərindən yaranıb. Orta məktəbi bitidirkdən sonra 1988-90-cı illərdə indiki Bakıxanov qəsəbəsində yerləşən rəssamlıq üzrə peşə məktəbində oxuyub. 1990-96-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssam-dizayner fakültəsində təhsil alıb. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinin üzvüdür. Onun əsərləri bir çox kollektiv sərgilərdə nümayiş olunub. İncəsənət aləmində özünə ilk müəllim rəssam İsmayıl İsmayılovu hesab edir. Hazırda rəngkarlıq, oyma sənəti və dizaynerlik sahəsində çalışır.
   Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, İlham İsmayılov olduqca dərin, fəlsəfi düşüncəli bir rəssamdır. Bunu onunla sənət barəsində etdiyim söhbət zamanı dəqiqləşdirdim. Rəssamın əsərlərinin böyük hissəsini portret və mənzərələr təşkil edir. Əsasən avtoportretlərə üstünlük verən rəssam bu haqda öz fikrini belə açıqlayır: “Avtoportret - rəssamın özünü axtarması deməkdir. Mən özümü avtoportretlərdə tamam fərqli-fərqli planlarda, görünüşlərdə təsvir etmişəm. Bu da ondan irəli gəlir ki, insan yalnız bir cür olmur, onun simasına müxtəlif mimikalar, hallar xasdır və bununla da portretlərdə o, hər cür vəziyyətlərdə çıxış edə bilər”. Doğrudan da, İlhamın avtoportretlərinin hərəsi ayrı-ayrı üz cizgilərinə malikdir, sanki onlar bir adama deyil, müxtəlif tipli insanlara məxsus olan portretlərdir. Bu məqamda yadıma bir maraqlı müqayisə düşür: ispan mənşəli fransız rəssamı Pablo Pikassonun (1881-1974) və holland mənşəli Vinsent Van Qoqun (1853-1890) avtoportretlərində də eynilə bu prinsipə rast gəlinir.
   İlham İsmayılovun çəkdiyi portretlərin üz ifadələrində hansısa bir narazılıq, qəmginlik, hətta dərd-sər duyulur. Bu hal isə, zənnimcə, müəllifin birbaşa daxili aləmi, xarakteri ilə əlaqədardır. Rəssamın özünün dediyinə görə, “Şəkil insanın xarakterini üzə çıxarır...” Söhbət zamanı o, sənət barədə çox orijinal fikirlər söylədi. “Sənət, tablo yeganə vasitədir ki, insanı daima yaşadır, onu ölməzlik dərəcəsinə qədər belə gətirib-çıxarır. Nə olursa olsun, sənət sənətkarı ruh şəklində yaşamasını şərtləndirir”. İlham müəllifin bütün ruhunu öz əsərinə qoymasının tərəfdarıdır. Belə halda mənə rəssamı yalnız alqışlamaq qalır...
   Müxtəlif mövzulara müraciət etmiş rəssamın bir neçə silsilə əsərləri də vardır ki, onlardan Xocalı faciəsinə, Abşeronun səfalı təbiətinə həsr etdiyi etüd və tabloları qeyd edə bilərik. Onun “Söhbət” (kətan, yağlı boya; 1998), “Sona bülbüllər” (1998), “Payız natürmortu” (kətan, yağlı boya; 2006), “Avtoportret” (ağac üzərində oyma; 2000), “Abşeron mənzərəsi” (kətan, yağlı boya) və s. kimi tablolarını özünəməxsus səpkidə yaradılmış maraqlı əsərlərdən hesab etmək olar.
   Rəssamın kompozisiyalarının ümumi koloritinə gəlincə, isti, bulanıq və tutqun rənglərə müraciət etdiyini görürük. Belə qənaətə gəlirəm ki, tutqun və bulanıq rəng tonları müəllifin daxili aləmi ilə bağlıdır. O zahirən sakit, yumşaq xarakterli görünsə də, daxilən təlatümlü dənizə bənzəyir. İlhamın çəkdiyi tablolara baxanda hesab edirəm ki, “daxilən təklik” bu rəssamı bəlkə də, həyatda ən çox düşündürən problemdir... İsti rənglərin izahını isə müəllif özü qısa və lakonik şəkildə belə açıqlayır: - “Bu, birbaşa təbiətdən, onun diktəsindən irəli gəlir”.
    Üslub baxımından İlham İsmayılovun yağlı boya işləri impressionizmə, daha çox isə postimpressionizmə yaxındır. Mən birinci dəfə onun əl işləri ilə tanış olduqda, ilk baxışdan onlar mənə məşhur rəssam cütlüyü, Van Qoq və Qoqenin stilini xatırlatdı.
   Təhlil üçün rəssamın “Sona bülbüllər” adlanan rəngkarlıq əsəri maraqlı olardı. Bu tablo 1998-ci ildə kətan üzərində, yağlı boya texnikasında işlənmişdir. Kompozisiyada üç kişi fiquru təsvir olunub: rəssamın özü, dostu və müəllimi. Çox maraqlıdır ki, fiqurun hər üçü fikrə gedən, düşünən zaman göstərilib. Onlar əslində musiqi dinləyirlər. Mahnının ab-havası, musiqi sədaları onları o dərəcədə sarmışdır ki, hər biri ayrı-ayrılıqda öz aləmlərində, bilavasitə musiqinin ağuşunda fikrə dalıblar, sanki həmin musiqi aurası onları mövcud olduqları məkandan təcrid edib, uzaqlara aparıb. Hər üç fiqur masa arxasında əyləşən vəziyyətdə göstərilib: ortada rəssamın avtoportreti, başda əyləşmiş müəllimi və arxası tamaşaçıya doğru oturmuş dostu. Rəng baxımından tablo təmiz rənglərlə deyil, əsasən bulanıq qammada işlənilib. Lap dəqiqi, burda bütün rənglər bulanıqdır. Lakin buna baxmayaraq tablo öz harmonikliyini qoruyub saxlayır. Kompozisiyada açıq-aydın qəmgin, dərdli əhval-ruhiyyə sezilir. Şübhəsiz ki, bu kimi həssas nüanslar, həm əsərin adı, həm də müəllifin ruhu ilə əlaqəlidir...
   Deyirlər, əsl sənət təsirləndirmək iqtidarında olur. Mən İlham İsmayılovun əsərlərinin fotoalbomuna baxdım. Doğrusu, təsirləndim. Onlar fotosurəti olsa da, adamı düşündürür. Mən hələ də həmin əsərlərin təsiri altındayam...
   
   Nigar Yunus







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar