Şimali Kipr Türk Cümhuriyyətinin Girne şəhəri 2009-cu ildən bundan sonra ənənə şəklini alacaq beynəlxalq rəssamlıq simpoziumunun təşkilatçısına çevrilib. Burada fəaliyyət göstərən Amerika Universiteti rəhbərliyinin təşəbbüsü ilə keçirilən I Rəssamlıq simpoziumunda (3-17 iyul) 16 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Rusiya, İran, Ukrayna və s.) nümayəndəsi iştirak edib. Həmin mötəbər sənət toplantısında respublıkamızın təmsilçisi tanınmış fırça ustası Azər Əliyev olmuşdur. Qeyd edək ki, o, əvvəllər də Rusiyada (1996), Finlandiyada (1998) və Almaniyada (2002) da keçirilən rəssamlıq simpoziumlarında respublikamızı layiqincə təmsil edib, müasir Azərbaycan rəngkarlığının uğurlarını nümayiş etdirə bilib.
      
   Tanışlıq üçün deyək ki, Azər Əliyev ixtisas təhsilini əvvəlcə məşhur “Əzimzadə məktəbi”ndə, sonra isə o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunda alıb, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq və dizayn” kafedrasının baş müəllimidir. 1986-cı ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Əsərləri ayrı-ayrı muzeyləri, o cümlədən Azərbaycan Dövlət İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Neçə-neçə xarici ölkənin nüfuzlu şəxsi kolleksiyasında onun fırçasından çıxmış tabloları görmək mümkündür.
   Bugünlərdə yaradıcılıq simpoziumundan vətənə dönən Azər Əliyev Şımali Kipr təəssüratını oxucularımızlarla bölüşməyə razılıq verdi... O, gözəl təbiəti ilə gözoxşayan Şimali Kiprin rəssamlar üçün çox maraqlı obyekt olduğu qənaətindədir. Bunu elə onun orada işlədiyi rəngkarlıq əsərlərindən də görmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, iki həftə ərzində Azər Əliyev on iki əsər işləyib. Onlardan səkkizini özü ilə gətirib, qalan dördünü isə simpoziumun təşkilatçılarına ərməğan verıb. Simpoziumun proqramından söz açan rəssam iki həftə ərzində onun əsasən ölkənin mədəni həyatı ilə tanışlıqdan və alınan təəssüratın bədii ifadəyə çevirməkdən ibarət olduğunu bildirdi. Belə yerlər isə həm bütün Şimali Kiprdə, eləcə də tədbirin keçirildiyi Girne, həmçinin digər Levkoşa və Makosa şəhərlərində kifayət qədər çoxdur. Rəssamın Afroditanın vətənindən aldığı təəssürat kifayət qədər duyğulandırıcı olub. Antik mədəniyyət ocağının izləri, tarixi abidələr, Şekspirin məşhur qəhrəmanı Dezdemonanın adı ilə bağlı saray və digər neçə-neçə guşələr onun yaddaşına birdəfəlik həkk olunub. Artıq burada adanı dövrələyən limanlar, qırmızı kirəmitli evlər, mavi səmanı sivri kimi paralayan müxtəlif biçımli ağaclar onun yeni əsərlərinin bədii görüntülərinə çevrilib. Elə Azər Əliyevin qardaş türk torpağına olan sevgisini ifadə edən həmin əsərlər tədbir təşkilatçılarının da diqqətindən yayınmayıb. Simpoziumda Azərbaycan müasir təsviri sənətini layiqincə təmsil etməsi qarşılığında ona, səmərəli fəaliyyətinə görə Girne Amerika Universitetinin fəxri diplomu təqdim olunub. Belə ki, münsiflərin qənaətincə, onun çəkdiyi mənzərə və portretlərdə ənənə və müasirliyin duyulası və uğurlu bədii vəhdətinə nail olunub.
   Bütünlükdə çəkdiklərini nəticə kimi daha çox duyğularının coşqunluğunun ramedicisi hesab edən rəssamla bu görüşümüzdən istifadə edib, onun son vaxtlar daha çox “sandıq nümunələri”nə çevirdiyi əsərləri barəsində də oxuculara az da olsa məlumat vermək istərdik. Belə ki, Azər Əliyevin yaradıcılığında yeni və özünəməxsus bədii-estetik məziyyətlər kifayət qədərdir və sənətsevərlərə və mütəxəssislərə maraqlı görünə bilər...
   Onun üçün janr məhdudiyyəti olmasa da, duyğularını mənzərə və natürmortlarla ifadə etməyə daha çox üstünlük verir, desək, yanılmarıq. Rəssamın çəkdiklərini qətiyyətlə özündə axıcı bədii ritmi, təsirli rəng həllini, duyğulandırıcı yaxı ekspressiyasını əks etdirən uğurlu əsərlər sırasına daxil etmək olar. Bütün bunlar da ilk növbədə onun rəssam simasını - yaradıcı “mən”ini şərtləndirib. Bu da fikrimizcə, hər bir yaradıcının arzuladığı ən böyük ümidverci nəticədir. Zaman-zaman milli ənənələri öyrənməyə səy göstərən, xüsusilə miniatürün bədii-estetik və etik-fəlsəfi dəyərlərini davamlı təhlillərdən sonra müasir biçimə bələyən rəssam qədim sənətkarların nail olduqları əbədiyaşar estetik ruhu duyulası dərəcədə “gəncləşdirə” bilmişdir. Bu mənada onun çəkdiklərində görünənlərin estetik dəyəri daha dərin mənəvi qatlardan şirələndiyindən nə qədər real olsalar da, yenidir və bütünlükdə duyulası dərəcədə irrealdır. Lakin məkan möcüzəlı qiyafəsinə baxmayaraq inandırıcıdır. Tamaşaçı inanir ki, bu cür gözəllik mövcud ola da bilər və yaxud özü də bu cür gözəllik yaratmağa qadirdir. Yeri gəlmişkən qeyd edək ki, təbiətə bu cür bir qədər də utopik -fantastik münasibət Səttarda da vardı və uğurlu nəticəsi də göz qabağındadır. Yaxşı haldır ki, bir qərinədən çox müddətdə əlçatmaz sayılan və az qala unudulmaqda olan təbiətə “Səttarsayağı münasibət”, obrazın kamilliyi xatirinə söylənilən “bədii yalan” prinsipi yenidən, özü də yeni biçimdə və ovqatda gündəliyə gəlməkdədir. Bu yöndə onun sənət və əqidə dostları Faiq Əkbərov və Məmmədhüseyn Hüseynovla bu günə qədər davam edən mükalimələrinin də onun yaradıcılığına müsbət təsiri olmuşdur, desək, həqiqəti ifadə etmiş olarıq.
   Ümumiyyətlə, son vaxtlar milli təsviri sənətimizdə qədim ənənələrin unudulması təhlükəsini duyanların vəziyyətin dəyişilməsi yönündə səy göstərdiklərini də vurğulamaq lazımdır. Onların sırasında görkəmlı Azərbaycan alimi Xudu Məmmədovun ənənələrini layiqincə davam və inkişaf etdirən professor Siyavuş Dadaşın və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Faiq Əkbərovun, eləcə də onun yuxarıda adları çəkilən əqidə dostlarının və rəssamlarımızın müxtəlif nəsillərinin nümayəndələrinin adlarını çəkmək olar. Baş verənlər isə bizdə ta qədimdən öz yüksək bədii məziyyəti ilə dünyanı heyran qoyan Azərbaycan təsviri sənətinin və onun yaradıcılarının keçmişlə əlaqənin daşıyıcısı olan etibarlı mənəvi yaddaş körpüsü sala biləcəklərinə inam yaradır. Yaxşı haldır ki, bu gün yaradıcılığı barəsində qısa da olsa söz açdığımız istedadlı fırça ustası Azər Əliyev də bu şərəfli mənəvi yükün daşıyıcıları sırasındadır...
   
   Ziyadxan ƏLİYEV,
   əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar