Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvanda yaradıcılıqla məşğul olan Qədirulla Bağırovun fərdi sərgisi açılıb. 
   Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək sərginin rəssamın 60 illik yubileyi ilə əlaqədar təşkil olunduğunu diqqətə çatdırmışdır. Daha sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Sarvan İbrahimov rəssamın özünəməxsus yaradıcılıq yolundan bəhs edərək bildirmişdir ki, Qədrulla Bağırov 1968-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirb. 40 ildir ki, rəssamlıqla məşğuldur. Naxçıvan Rəssamlar Birliyinin yaradıcılarından biri olan Q.Bağırovun indiyədək Çexoslovakiya, Rusiya, Özbəkistan və digər ölkələrdə əsərləri sərgilənmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. O, həm də 1982-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir.
   Dekorativ tətbiqi sənət növündə də özünü uğurla sınayan rəssamın əsərləri bir çox muzeydə və şəxsi kolleksiyalarda saxlanılır. Onu da qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasına səfərə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana hədiyyə olunan "Naxçıvanın qədim abidələri" adlı tətbiqi sənət nümunəsinin müəllifi də məhz Qədrulla Bağırovdur.
   Tədbirdə rəssamın yaradıcılığı haqqında çıxış edən həkim Adil Mirişli , Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov və başqaları onun özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışmışlar.
   Çıxışlardan sonra sərgiyə baxış olmuşdur. 200-ə yaxın sənətsevərin iştirak etdiyi sərgidə rəssamın müxtəlif janrlarda çəkilmiş 50-dən çox əsəri nümayiş olunurdu. Burada yağlı boya ilə çəkilmiş peyzaj nümunələr, natürmortlar daha çox diqqəti cəlb edirdi.
   Azərbaycanın görkəmli romantik şairi Hüseyn Cavidin, xalq şairi Məmməd Arazın portretləri isə öz canlılığı ilə seçilirdi.
   Rəsmlər arasında muxtar respublikanın təbiət və tarixi abidələri, xüsusilə Möminə Xatun türbəsi, Xüdafərin körpüsü rəssamın fırçasında daha orijinal təsir bağışlayırdı. Q.Bağırovun avtoportreti isə sərgiyə əlavə rəng qatırdı.
   Qeyd edək ki, sərgi qarşıdakı 1 ay müddətində Bərhuz Kəngərli sərgi salonunda təşrif buyuranların xüsusi zövq mənbəyi olacaq.
  
   Elxan YURDOĞLU,
   Naxçıvan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar