Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin hazırda yerləşdiyi bina 1888-1895-ci illərdə alman mühəndisi N.A. fon der Nonne tərəfindən fransız qrafı Debur üçün tikilib. 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində şöbə kimi işə başlayan muzey 1936-cı ildən müstəqil fəaliyyət göstərir. 1951-ci ildən isə hazırkı ünvanında qərar tutub. Dörd bölmədən ibarət olan İncəsənət Muzeyi iki binada yerləşir. Bölmələrə - Azərbaycan, Şərq ölkələri, Qərbi və Şərqi Avropa incəsənəti daxildir.
  
   İlk baxışdan möhtəşəm eksteryeri ilə adamı özünə cəlb edən İncəsənət Muzeyinin əvvəlcə bütün zallarını gəzdim. Ən çox marağımı Qərbi Avropa bölməsinin Flandriya zalı özünə cəlb etdi. Bu zal məni ovsunladığından Flamand incəsənətindən yazmağı qərara aldım. Zalda flamand rəssamlarının 15 rəngkarlıq əsəri və dekorativ tətbiqi sənət nümunələri cəmləşmişdir. Bürüncdən olan “Dekorativ kubok”, “Amazonka” adlı atlı heykəl (müəllifi: Fon Frants Stik; materialı: tonlaşdırılmış bürünc), üzərində at fiquru olan “Stolüstü saat” (materialı: bürünc) və alman məktəbinə aid “Buz üçün dekorativ qab” (1878, materialı: bürünc) kimi eksponatlar məhz Flandriya zalında yer alıb. Bu zala, həmçinin üzəri xüsusi bəzədilmiş düzbucaqlı masa və yanında dəridən basma naxışlarla hazırlanmış və metal düyməciklərlə pərçimlənmiş (bərkidilmiş) kürsü daxildir. Xatəmkarlıq (inkrustasiya) üsulunda yaradılmış masa ağac və fil sümüyündən hazırlanıb. Bir qədər əvvəl qeyd etdiyim dekorativ saat bu masanın üstünə qoyulub. Düzbucaqlı masanın tam mərkəzində qrafik üslubda süjetli kompozisiya təsvir edilib; masanın kənarlarında nəbati motivli dekorlar, künclərində isə müxtəlif görkəmli kişi portretləri çəkilib.
   Digər tətbiqi sənət nümunəsi zalın tam mərkəzində yerləşdirilib: buz üçün dekorativ qab qeyri-adi görünüşü ilə seçilir. 1878-ci ildə Almaniyada hazırlanmış bu bürünc qab vaxtilə soyuducu funksiyasını yerinə yetirib. Kifayət qədər ağırlığı olan qab iki qatdan ibarətdir: daxildən kənar hissələrinə buzlar yerləşdirilir, mərkəzi hissəsinə isə şərab şüşələri qoyulurdu ki, şərablar sərin saxlanılsın. Qabın üzərində şərabı simvolizə edən üzüm salxımları meynələri ilə birlikdə relyef texnikasında yapılmışdır, qapağının yuxarı hissəsində isə qədim yunan mifologiyasının şərab allahı - Dionisin kiçik heykəl - fiquru bərkidilib. Buz qabının hər iki qulpu olduqca mürəkkəb detallarla bəzədilib.
   Flandriya zalına daxil olarkən tamaşaçını ilk olaraq monumental ölçülü bir tablo cəlb edir. (Orta əsr flamand rəssamları əsasən böyük ölçülü əsərlər yaradıblar). “Venera və Adonis” adlanan mifoloji mövzulu, yağlı boya ilə işlənmiş bu əsər XVIII əsrdə yaşayıb-yaratmış Baltazar Besxeyə məxsusdur.
   Flamand incəsənətinin zaldakı rəngkarlıq nümunələri yağlı boya ilə kətan, dikt, mis üzərində işlənilib. Məşhur rəssam Adrian Brauverin (1605-1638) “Cərrahın yanında səhnə”, Kiçik Tenirsin dairəsindən olan bir rəssamın “Əsrarəngiz səhnə”, XVIII əsr naməlum flamand rəssamının “Apostol Filip müqəddəs Mavrikini xaç suyuna salır”, Yan Jozef Xoremansın (1682-1759) “Gizlənpaç oyunu”, XVII əsr naməlum Flandriya rəssamının “Salomeya”, Pol Baltazar Ommeqankın (1755-1826) “Otlaqda qoyunlar”, Piter Van Blyumenin (1697-1720) “Hərbi düşərgə”, XVII əsrin başqa bir naməlum flamand rəssamının “Natürmort”, Yustus Sustermansın (1597-1681) “F.Mediçinin portreti” və bundan başqa XVII əsrdə yaşamış naməlum flamand rəssamlarının “Kənd bayramı”, “Əsatiri süjet”, “Görüş”, “Rinaldo və Armida” adlı rəngkarlıq əsərləri də qiymətli eksponatlar sırasındadır. Qeyd edim ki, yuxarıda sadalanan tablolardan “Əsatiri süjet”, “Rinaldo və Armida” əsərləri italyan şairi Tarkvato Tassonun “Azad edilmiş Yerusəlim” poemasının motivləri əsasında çəkilib.
   Flandriya zalının eksponatları sırasında portret janrında işlənmiş yeganə bir əsər var. O da II Ferdinand Mediçiyə həsr olunmuş tablodur. Xronoloji baxımdan bu əsər zalın ən qədim eksponatıdır. Tablonun müəllifi Yustus Sustermans 1597-ci ildə Antverpendə dünyaya gəlmiş və 1681-ci ildə Florensiyada vəfat etmişdir. Sustermans ömrünün çox hissəsini İtaliyada keçirmiş və məşhur Mediçilər ailəsinin saray rəssamı olmuşdur. Onun İncəsənət Muzeyində yer alan bu əsəri işlənmə texnikası baxımından “kameralı” portret xüsusiyyətlərinə malikdir. Tablonun fonu və hersoqun geyimi tünd, yəni kölgədə göstərilib, üzü isə işıqlı təsvir edilib. Rəssam burada, Mediçinin üz ifadəsində, xüsusən də gözlərində portretin psixoloji keyfiyyətlərini əks etdirməyə çalışmışdır. Portretin geyimindən onun kübar dairəyə mənsub olduğu açıq-aydın duyulur. Əsərin koloriti, əsasən tünd mars qəhvəyi, qara, zoğalı qırmızı, ağ, neopolitan sarısı və digər bu tip çalarlar üzərində qurulub.
   Eklektik üslublu interyerə malik İncəsənət Muzeyinin bir zalının qısa təsvirini verməyə və zalın rəngli palitrasını təsvir etməyə cəhd etdim. Lakin bu, hələ son deyil. Muzeyin digər bölmələri də öz növbəsində maraqlı auraya malikdir. Onları tamaşaçıların özlərinin muzeydə canlı görmələri məsləhətdir. İncəsənət Muzeyində vaxt itirməyə dəyər. Əslində muzeydə vaxt itmir, zaman yaddaşda saxlanılır.
  
   Nigar Yunus







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar