Fransız rejissoru Robber Enrikonun ekranlaşdırdığı «Köhnə tüfəng» bədii filmi müharibə mövzusunda çəkilmiş maraqlı kino əsərlərindən hesab edilir. Filmdəki hadisələr 1944-cü ildə Fransanın əyalət şəhərlərinin birində baş verir. Müharibədə məğlub olacaqlarını yəqin edən alman faşistləri işğal etdikləri torpaqlardan geri çəkilərkən dinc əhaliyə divan tuturlar.
   
   Şəhərin bombardmana məruz qalacağını zənn edən mülayim təbiətli həkim Jülyen (F.Nuare) ailəsinin təhlükəsizliyi naminə doğmalarını bir neçə günlük kənd evinə aparır. Faciə də burada baş verir. Heç kimə rəhm etməyən azğınlaşmış faşistlər həkimin xanımı Eleni (R.Şnayder) və məktəbli qızını diri-diri yandırırlar. Ertəsi gün kəndə qayıdaraq doğmalarının yandırılmış meyitlərini görən Jülyen intiqam hissi ilə alışıb-yanır. O, köhnə ov tüfəngindən istifadə edərək, evinə soxulmuş faşistləri bir-bir məhv edir.
   Rejissor R.Enrikonun ustalıqla quruluş verdiyi «Köhnə tüfəng» kinofilmi 1975-ci ildə «Sezar» mükafatına layiq görülüb. Filmdə baş qəhrəmanları oynayan Romi Şnayder və Filipp Nuare ifaları ilə yaddaqalan obrazlar yaradıblar.
   Əslən avstriyalı-alman olan, lakin Fransa aktrisası hesab edilən Romi Şnayder (əsl adı və soyadı Rozmari Albax-Retti) 1938-ci il sentyabrın 23-də doğulub. O, ilk dəfə 1953-cü ildə anası ilə birlikdə Hans Depponun «Ağ yasəmən haçan çiçək açacaq?» melodramında çəkilib. Daha sonra Şnayder imperator Frans İosifin arvadı - Zissi rolunda bir neçə seriyalı melodramda oynayıb.
   R.Şnayderin fransız aktyoru Alen Delonla görüşü onun taleyini büsbütün dəyişir. Onların məhəbbət macərası qəzetlərin sensasiya hədəfinə çevrlir. Şnayder Fransaya köçür. Gənc aktrisa bu arada Delonun sayəsində məşhur kinorejissorlarla tanış olur və onların filmlərində çəkilməyə başlayır; ilk növbədə L.Viskontinin «Bokkaçço - 70» (1961, İtaliya) sonra isə O.Uellsin «Proses» (1962, Fransa), K.Formenin «Qaliblər» (Böyük Britaniya) və O.Premincerin «Kardinal» (ABŞ) - hər ikisi 1963-cü ildə və digər kinofilmlərdə.
   60-cı illərdə çəkildiyi filmlər Şnayderə böyük uğur gətirmir. O,1969-cu ildən başlayaraq əsas etibarilə Fransada yerli rejissorlarla yaradıcılıq işini davam etdirir. Həmin ildə A.Delonla birlikdə rejissor M.Leqranın «Hovuz» filmində çəkilir. Şnayderin ekran həyatında daha çox rejissor Klod Sotenin filmləri - «Ömür qısadır» (1970), «Maks və tənəkçilər» (1971), «Sezar və Rozali» (1972), «Mado» (1976), «Adi əhvalat» (1978, sovet prokatında «Hərənin öz şansı») yer alıb.
   R.Şnayderin yaradıcılığının başlıca mövzusu haqq və ədalətin axtarışı, xoşbəxtliyə çata bilməyən qadın taleləri barədədir. Onun çəkildiyi filmlərdə başlıca mövqeyi kişilər tutsa da, Şnayderin oynadığı qəhrəmanlar daha vacib sayılır. Romi Şnayderə əsl sənət uğuruna həyatının dördüncü onilliyində, çoxları üçün parlaq karyeranın qürub çağı sayılan dövrdə nail olub. Qadın müdrikliyi, təmkinlik, böyük ləyaqət, sadəlik və təbiilik aktrisanın son filmlərində onu, həyatın təlatümlü dalğalarında, kişi qəhrəmanların həsəd aparacağı sakit və etibarlı məkana gətirib çıxarırdı.
   R.Şnayder 80-ci illərin əvvəlində məşhur Katrin Denevlə fransız ekranının bir nömrəli «ulduz» adı uğrunda rəqabət aparırdı. Bəlkə də onlar sonuncu rəqib olmalı idilər. Şnayder əksər filmlərində yenə epizodik rollarda çəkilir. Onun qəhrəmanlarının taleyi də bir çox filmlərdə - «Pəncərədən görünən qadın» (1976), «Qatar» (1973), «Ölüm haqqında canlı reportaj» (1979) - dramatik və faciəlidir.
   Yaradıcılıq bioqrafiyasının son illərində aktrisaya şöhrət qazandıran onun qəhrəmanlarının xarici gözəlliyi ilə bərabər, işıq saçan daxili aləminin harmoniyası idi. Klod Sotenin «Adi əhvalat» filmi deyilənləri sübut edir. Bu ekran əsəri 40 yaşına çatmış qadın haqqında hekayədir. Filmin qəhrəmanı Marinin bütün müsbət cəhətləri var: işlədiyi konstruktor bürosunda hamı tərəfindən sevilən bu gözəl qadın ağıllı, əməkdaşlarla səmimi və mehriban ünsiyyətdədir. Rejissor qəhrəmanı ilə tamaşaçını çox vacib qərarları qəbul edən zaman tanış edir: gələcək övladından imtina edəndə və sevgilisi ilə ayrılan məqamda.
   Şnayderin çəkildiyi sonuncu film «San-Susidə görüşlər» (1982) olub. Bu ekran əsəri Fransanın kinoteatrlarında təzəcə nümayiş etdirilməyə başlayanda aktrisa dünyasını dəyişmişdi. Bütün Avropa sənətsevərləri bu xəbəri böyük kədərlə qarşıladı. Sevilən sənətçi yaradıcılığının çiçəkləndiyi vaxtda, 44 yaşında ürək tutmasından vəfat etdi. 1983-cü ildə Fransada Romi Şnayder adına xüsusi mükafat təsis edilib.
   
   Həsən Tağıyev