Haqqında söhbət açmaq istədiyim istedadlı rəssam Sürəyya Muğanlı özünəməxsus üslubu olan sənətkarlardandır. Onun əsərləri əsasən üç ümdə əlaməti ilə diqqəti cəlb edir. Birincisi, müəyyənlik, yəni fikrin aydınlığı, ikincisi ardıcıllıq, dinamiklik, üçüncüsü əsaslılıq, sübutluluq.
   
   Sürəyya xanımın da əsərlərinə baxdıqca bir daha təsdiqlədim ki, onun əsərləri İlahidən gələn təfəkkürlə ərsəyə çatıb ki, bu da onun iç dünyasının ifadəsidir. O, rəsm çəkərkən əlinin hərəkəti qəlbinin və ruhunun bağlılığını ifadə edir. Fırçasının soldan sağa, sağdan sola, yuxarıdan aşağı hərəkəti qəlbin hökmü ilə gerçəkləşir. Əsərlərində yuxarıdan aşağı - bəşərin göy ilə yer aləmi arasında sehri, ruhun maddi ifadəsini göstərir, dış aləmdən iç aləmə - qəlbə doğru hərəkəti təmin edir. Onun xətti varlıq səhifəsinin ərişi-arğacıdır. Şaquli yazısı sabitliyin, üfüqi yazı isə kəsirət aləminin nişanəsidir.
   Qədim yunan filosofları Platon və Aristotelə görə, insan başqalarından fəza təfəkkürünün genişliyi ilə digər varlıqlardan fərqlənir və bunun əsas xüsusiyyəti İlahi başlanğıcın əlaməti kimi qiymətləndirilir. Bədii yaradıcılıqla məşğul olan insan öz estetik hisslərini, yaşantılarını realizə edir. Yəni gözəl bir sənət əsəri həm də əxlaqi təsir gücünə malik olur. İnsanın yaratdığı özünə doğmadır. Çünki onun ideyasının daşıyıcısıdır.
   Hər sənətin təkamülündə sənətkarın fərdi istedad və səliqəsi önəmli yer tutur. Sənət əsərində sənətkarın ruhu ifadə olunur. Sürəyya xanımın əsərləri də bu ümumi prinsipdən xali deyil. Hər xalqın rəssamlığında ümumi prinsiplərlə yanaşı həmin xalqın milli ruhu əks olunur. Arif insan dünyaya və gerçəkliyə təkcə məntiq gözü ilə deyil, daha çox qəlb və bəsirət gözü ilə baxır. Ona görə də xoş bir avaz, xoş bir naxış onda zəngin və müsbət duyğular oyadır. Belə insanın gözləri gözəl biçim və rəng çeşidlərindən, qulaqları isə ürəyəyatımlı səs harmoniyasından qidalanır. Bu isə onun zövqünü tənzimləyir və təkmilləşdirir, intellekt və diqqətini daha da gücləndirərək gerçəkliyin mükəmməl dərkinə yönəldir. Bu yolda Sürəyyanın da əsərlərinin özünəməxsus məziyyətləri var.
   Təbii ki, hər kəs öz elinin, obasının yetirməsidir. Sürəyya xanım da əsərlərində doğulub boya-başa çatdığı Saatlı rayonunun təbiətini, tarixi abidələrini əks etdirməyə çalışır. Doğma rayonun tarixi-mədəni irsi onun üçün çox əzizdir. Çünki yaradıcılıq fəaliyyəti ilə yanaşı, o həm də Saatlı rayonunun Tarix-diyarşünaslıq muzeyinin direktorudur. Bu bölgənin tarix yaddaşının qorunub, gələcək nəsillərə çatdırılması ona həvalə edilib.
   Rayonun rəhbərliyi, o cümlədən sənətə, bədii yaradıcılığa dəyər verən icra başçısı Siraqəddin Cabbarov, rayonun mədəni ictimaiyyəti Sürəyya xanımın yaradıcılığına böyük hörmət bəsləyir, onu hər yeni təşəbbüsündə dəstəkləməyə çalışır. Sürəyya Muğanlı ümidvardır ki, onun bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi nəzərdə tutulan fərdi sərgisinin təşkilinə də doğma rayonunun rəhbərliyi öz köməyini əsirgəməyəcək. Biz də həmin sərgidə Sürəyya Muğanlının sənətini sevənlərin iştirak edəcəyinə inanırıq. Sürəyya xanıma isə yeni-yeni yaradıcılıq uğurları, səadət dolu günlər arzulayırıq. Arzu edirik ki, Tanrı bəxş etdiyi gözəllik duyumunu heç vaxt ondan əsirgəməsin.
   
   Nardanə İsrafilqızı,
   Milli Azərbaycan Tarixi Muzeyinin baş elmi işçisi, memarlıq namizədi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar