Həvəskar rəssamların və tətbiqi sənət ustalarının iştirakı ilə regionlarda keçirilən sərgi-seminarlar uğurla yekunlaşıb
   
   Bədii yaradıcılığın və incəsənətin müxtəlif sahələrində - poeziya və musiqi, heykəltəraşlıq və memarlıq, miniatür və dekorativ-tətbiqi sənətlərdə misilsiz nailiyyətlər əldə edən Azərbaycan sənətkarları dünya mədəniyyəti xəzinəsini zənginləşdirən çoxlu şah əsərlər yaradıblar. Nadir memarlıq abidələri, əlvan koloriti, zəngin yaradıcılıq fantaziyası və misilsiz gözəlliyi ilə seçilən xovlu-xovsuz naxışlı və süjetli xalı və xalçalar, dulusçuluq nümunələri, bədii parça, zərgərlik, metal və keramika məmulatları Azərbaycan xalqının qədim yaradıcılıq irsinə malik olduğunu sübut edir.
   
   Orta əsr Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran miniatür sənətimiz olub.
   Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir. Bu sənət günümüzədək uğurlu inkişaf yolu keçib. Xalq dekorativ-tətbiqi sənət ustalarının yaratdıqları əl işləri qədim tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi qalaraq yaşayır.
   Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daim mədəniyyət və incəsənətimizin yüksəlişinə, tərəqqisinə xüsusi qayğı göstərib. Bu dövrdə həmçinin təsviri və xalq dekorativ-tətbiqi sənətinə verilən xüsusi diqqətin nəticəsində müntəzəm olaraq müxtəlif tədbirlər, həmçinin sərgilər keçirilirdi. Xalqımızın təsviri və dekorativ-tətbiqi sənətinə yönələn belə bir diqqət və qayğı həvəskarlıqdan peşəkarlığa doğru gedən təkmilləşməni sürətləndirir, habelə sərgilərin iştirakçıları arasında adlı-sanlı sənətkarların yetişməsi ilə nəticələnirdi.
   Mədəniyyət və incəsənətimizin inkişafına yüksək dövlət qayğısı bu gün də davam etməkdədir. Ölkə prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncamlar, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə mədəniyyətin, o cümlədən təsviri incəsənət və dekorativ-tətbiqi sənətin inkişafına göstərdiyi diqqət Azərbaycan xalqının milli-mədəni irsinin və mənəvi dəyərlərinin dünya miqyasında təsdiq edilməsinə yönəlib.
   Son vaxtlar respublikamızda keçirilən bir sıra sərgilər də paytaxtda və regionlarda yaşayıb-yaradan həvəskar sənətçilərin fəaliyyətini təşviq etmək, onların dəyərli əl işlərini ölkəmizdə və xaricdə təbliğ etmək məqsədi daşıyır. Bu il Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə regionlarda keçirilmiş və payızda Bakı şəhərində yekun vurulacaq «Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərləri» mövzusunda sərgi-seminarlar da həmin məqsədə xidmət edir.
   Qeyd etmək lazımdır ki, xalqın içərisindən istedadlı insanların, xüsusən gənc sənətçilərin üzə çıxarılmasına xidmət edən belə sərgi-seminarlar əvvəllər də uğurlu nəticələr verib. Hələ sovet dönəmində təşkil edilən bu növ kütləvi tədbirlərin sayəsində ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyilli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşəbbüs və təşkilatçılığı həmişə mühüm rol oynayıb. Bu dövlət idarəsinin rəhbərliyilə keçirilən tədbirlərdə üzə çıxarılmış çoxlu sayda sənətçi və xalq tətbiqi sənət ustalarının arasından sonralar professional sənətə gələrək öz əsərləri ilə ölkədə və xaricdə tanınan sənətkarlar da olub.
   Həmin ənənə bu gün uğurla davam edir. Mədəniyyət və Turizm Nazirliyinin xalq yaradıcılığının mühüm tərkib hissəsi kimi həvəskar rəssamların və tətbiqi sənət ustalarının layiqli əsərlərinin üzə çıxarılması, təbliğ olunması və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə kömək göstərilməsi məqsədilə 2010-cu ilin payızında Bakı şəhərində «Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi-seminar» keçirilməsi barədə qərarı da bunun göstəricisidir. Ənənəyə sadiq qalaraq daim axtarışlarda olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz sənətçiləri, həvəskar rəssamları, gəncləri yaradıcılığa yönəltmək istiqamətində məqsədyönlü fəaliyyətini bu sərgi-seminarın təşkilində də davam etdirir.
   Sərgi-seminarın Əsasnaməsinə uyğun olaraq əsərlərin nümayişi və seçimi əvvəlcə regionlarda keçirildi. 2010-cu il iyunun 16-18-də Cəlilabadda Lənkəran, Yardımlı, Masallı, Astara, Lerik, Neftçala, Biləsuvar rayonlarından müəlliflərin iştirakı ilə sərgilərin keçirilməsinə start verildi. Doqquz rayondan 65 müəllifin müxtəlif janrlar üzrə 170-ə qədər əsəri nümayiş etdirildi. Sərgidə fərqlənən həvəskar sənətçilər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin «Fəxri fərman»ı ilə təltif olundu. Daha layiqli əsərlər Bakıda, respublika sərgisində nümayiş olunmaq üçün münsiflər tərəfindən seçildi.
   İyulun 6-8-də Balakən rayonunda sərgi-seminar davam etdi. Şəki, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala rayonlarından olan müəlliflərin iştirakı ilə ümumiyyətlə, 85 sənətçinin 309-a qədər əsəri nümayiş etdirildi. Sərgi-seminarda iştirak edən həvəskar rəssamlardan və xalq sənəti ustalarından 28 nəfərinə «Fəxri fərman» təqdim olundu.
   Sərgi-seminarın davamı iyulun 12-14-də Şabran şəhərində Xaçmaz, Xızı, Siyəzən, Qusar, Quba, Şabran rayonlarından olan sənətçilərin iştirakı ilə keçirildi. Sərgidə 27 sənətçinin 180-ə qədər əsəri nümayiş etdirildi. Altı rayondan gəlmiş sənətçinin 24 nəfərinə «Fəxri fərman» verildi. Müxtəlif janrlarda ən yaxşı əsərlərin müəllifləri Bakı şəhərində keçiriləcək yekun sərgisinə dəvət aldı.
   İyulun 26-28-də Gəncə şəhərində Mingəçevir, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Daşkəsən, Gədəbəy, Şəmkir, Xanlar, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayonlarından olan sənətçilərin iştirakı ilə növbəti sərgi-seminar keçirildi. Sərgi-seminarda 14 rayondan 37 sənətçinin 100-dən artıq əsəri nümayiş etdirilirdi ki, onların da 30 nəfərinə «Fəxri fərman» verildi. Gözəl sənət nümunələrinin respublika sərgisinə göndərilməsi qərara alındı.
   Nəhayət, avqustun 4-6-da Sumqayıt şəhərində keçirilən sonuncu regional sərgi-seminarda Bakı, Abşeron və Şuşanı təmsil edən tətbiqi və təsviri sənət əsərlərinin müəllifləri iştirak etdilər. 30-dək sənətçinin 100-ə yaxın əsərinin nümayiş olunduğu sərgi-seminarda fərqlənən sənətçilər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin «Fəxri fərman»ı ilə təltif olundular. Seçilmiş əsərlər müəllifləri ilə birlikdə Respublika sərgisinə dəvət aldı.
   Ümumiyyətlə, 5 regionda keçirilmiş sərgi-seminarda müxtəlif janrlarda işləyən 350-ə yaxın sənətçi iştirak edib ki, onların da təxminən 2 min əsəri nümayiş olunub. Bu regional sərgilərdən payızda keçiriləcək respublika sərgisində nümayiş etdirilmək üçün 700-dən artıq sənət nümunəsi seçilib. Qədim milli yaradıcılıq adət-ənənələrimizdən bizə gəlib çatan təsviri və xalq dekorativ-tətbiqi sənət nümunələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilib. Buna misal olaraq bir çox sənətçilərin adlarını çəkə bilərik: Gəncədən dəmir üzrə naxış açan usta Şaiq, Şəkidən şəbəkə ustası Tofiq, Şabrandan xalçaçı Həlimə, Şamaxıdan xalçaçı Tükəzban, Balakəndən musiqi alətləri ustası Aydın, Cəlilabaddan musiqi alətləri ustası Aydın və xalçaçı Bəhram, Xırdalandan rəssam Elçin... Bu siyahını daha da genişləndirmək olar. Tətbiqi və təsviri sənət həvəskarlarının yaratdıqları sənət əsərləri onların müəlliflərinin xalqımıza, elimizə olan məhəbbətlərinin bariz nümunəsidir.
   Respublika sərgisindən sonra ən layiqli əsərlərin Moskvada keçiriləcək sərgidə nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün bunlar təsviri və xalq dekorativ-tətbiqi sənətimizə dövlət qayğısının təzahürüdür.
   Mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, kökünü qədim əsrlərdən, Qobustanın qayaüstü rəsmlərindən götürən Azərbaycan təsviri sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından dünyada ən yüksək yerə layiqdir. Bu bir daha öz növbəsində Azərbaycanın odlar yurdu, nur və işıq diyarı olmasının ən gözəl sübutudur.
   
   Rafiq Quliyev,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri    







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar