1 oktyabr Beynəlxalq ahıllar günüdür. BMT Baş Assambleyasının qərarı ilə 1991-ci ildə təsis edilən bu gün ölkəmizdə də qeyd olunur. Uzun illər incəsənətimizə töhfələr vermiş, mədəniyyətimizi xarici ölkələrdə layiqincə təmsil etmiş və bu gün ahıllıq yaşına çatmış xeyli insanlar var. Bu gün onlardan ikisi ilə söhbətimizi oxuculara təqdim edirik.
   
   Adil Rüstəmov, Əməkdar rəssam, professor:
   - Ahıllıq elə bir nemətdir ki, o hər adama qismət olmur. 68 yaşım var. Ömrün bu çağını xüsusi dəyərləndirmək, Tanrıya şükürlər etmək lazımdır. İnsan yaşa dolduqca müdrikləşir, öyüdləri ilə ətrafdakılara düzgün yol göstərir, onları naşı hərəkətlərdən çəkindirir. Əlbəttə, bu müdriklik, xeyirxahlıq “toxumları” onun daxilində hələ gənclik vaxtlarından cücərməlidir.
   İndi arxaya dönüb baxanda ömrümün hədər keçmədiyi ilə fəxr edirəm. Məndə rəssamlığa həvəsi mərhum anam Fatma xanım yaradıb. Onun yaxşı əl qabiliyyəti vardı. Hər dəfə ağ parça üzərində saldığı gözəl naxışlara, rəngarəng tikişlərə baxarkən ovsunlanmış kimi sehrli bir aləmə düşər, onların cazibəsindən qurtara bilməzdim. Bu hiss məni rəssamlığa gətirdi. Əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, sonra M.Əliyev adına İncəsənət İnstitutunu bitirdim. Xalq rəssamı Tahir Salahovun, məşhur heykəltəraş Tokay Məmmədovun siniflərində oxumuşam. 1975-ci ildən Rəssamlar İttifaqının üzvüyəm. 1981-ci ildən müxtəlif sərgilərdə iştirak etmişəm. Altı fərdi sərgim keçirilib. Təvazökarlıqdan kənar saymayın, ilk və yeganə azərbaycanlı rəssamam ki, keçmiş SSRİ-nin ən ucqar nöqtəsinə - Arktikaya səfər etmişəm. Bütün təəssüratlarım 1985-ci ildə nümayiş etdirdiyim “Arktika” fərdi sərgimdə əksini tapıb. “Lirika-Poeziya” (1991), “Əliağa Vahid-100” (1994), “Füzuli-500” (1996), “Azərbaycan və Türkiyə şairləri” (2000), “Ömər Xəyyam aləmi” (2005), “Qarabağ şikəstəsi” (2010) fərdi sərgim də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bir neçə beynəlxalq və respublikamızda keçirilən müsabiqələrin laureatıyam. “Məmməd Araz”, “Əliağa Vahid-100”, “Şəhriyar-90”, “Hüseyn Cavid”, “Soltan Məhəmməd”, “Rəsul Rza”, “Humay” və digər mükafatlara layiq görülmüşəm. Berlində, Tehranda keçirilən mötəbər sərgilərdə diplomlara, fəxri fərmanlara layiq görülmüşəm, əsərlərim Fransada da tanınır.
   Bütün sərgilərin arxasında böyük iş, gərgin zəhmət durur. Hər fərdi sərgimdə 50-60 əsərin nümayiş etdirilməsi xırda məsələ deyil. Sərgilərim haqqında saatlarla danışmaq olar. Təkcə bunu demək istəyirəm ki, onların hamısına eyni məsuliyyətlə hazırlaşmışam. Onu da bildirim ki, mənim rəsmlərimlə ümummilli lider Heydər Əliyev də tanış idi. Bu barədə professor Vilayət Quliyev “Ədəbiyyatın yüksək borcu və amalı” (1999) kitabında görkəmli qəzəlxan şair Əliağa Vahidin yubileyinə həsr olunmuş tədbirdən bəhs edərkən yazır: “Dövlətimizin başçısı Respublika Sarayının (indiki Heydər Əliyev Sarayı - red.) foyesində rəssam Adil Rüstəmovun xalqımızın sevimli sənətkarına həsr olunmuş qrafika əsərlərinin sərgisi ilə tanışlıqdan razı qaldığını bildirərək dedi: “Mən sərgi ilə tanış olanda da dedim, Vahidin əsərləri başdan-başa fəlsəfədir. Bax, buaxşamkı yubiley tədbiri də bir fəlsəfə gecəsidir. Mən bunu belə qəbul etdim. Sizin oxuduğunuz o şeirlər, dediyiniz sözlər, səslənən musiqi də fəlsəfədir. Bax, rəssam da bunu belə dərk edib. Onun çəkdiyi əsərlər çox gözəl rəsm əsərləridir və orada da fəlsəfə var. Siz şeirləri oxudunuz, rəssam da o rəsmləri çəkib. Vahidin surətini müxtəlif kompozisiyalarda yaradıb. Bu rəsmlərin hər birində də Vahidin şeirlərindən misralar yazıb. Hətta özü də Vahidin şeirlərini yaxşı oxuyur. Mən sərgiyə baxarkən o, Vahiddən bir neçə şeir oxudu”. Bu xoş sözlər Ə.Vahidin yubileyi günü mənə ünvanlanmışdı.
   Onu da deyim ki, 2002-ci ildə keçirilən “Lirika-Poeziya” sərgimdə mənimlə yanaşı nəvəm Hüseyn Hüseynbəylinin də çəkdiyi rəsmlər nümayiş olundu. İndi 19 yaşı var, rəsmlərdən bir qədər uzaqlaşsa da istedadlı oğlandır. Ailəmizdə sənətimi böyük qızım Vəfa (qrafika) və həyat yoldaşı Rasim (rəngkarlıq) davam etdirir. Hər ikisi Rəssamlar İttifaqının üzvüdür, respublika və beynəlxalq sərgilərdə iştirak edirlər.
   Səhhətimdə bir qədər problem olmasına baxmayaraq indi də üzərində işlədiyim əsərlər var. Kim bilir, bəlkə ahıl yaşımda daha bir sərgi ilə çıxış etdim. Ürəyimdə yerinə yetməsini çox istədiyim bir arzu da var: tezliklə işğal altında olan torpaqları geri qaytaraq. Biz rəssamlar da həmin yerlərə gedib xalqımızın quruculuq işlərini, səfalı guşələrimizi, gözəl Qarabağın şən günlərini rəsmlərimizdə təsvir edək.
   
   * * *
   Rəfiqə Axundova, Xalq artisti, balerina və xoreoqraf:
   - Ahıl yaşlarında olsam da, özümü, maşallah, çox gümrah hiss edirəm. Gördüyünüz kimi, çəkim də artmayıb. Elə həyat yoldaşım Xalq artisti Maqsud Məmmədovun da sağlamlığı qaydasındadır. Gənclikdə onunla səhnədə bir yerdə olduğumuz kimi indi də bir-birimizə arxa, dayağıq. Keçdiyimiz həyat yoluna baxdıqda fəxr etməli çox faktların olduğunu görürəm. Bu, bizi ruhdan düşməyə qoymur. Necə deyərlər, yaşın nə fərqi var ki...
   Balet sənətinə 1952-ci ildə gəlmişəm. İlk müəllimim Xalq artisti Qəmər Almaszadə olub. Sonra təhsilimi Moskvada davam etdirmişəm. Düz 20 il Maqsudla birgə Opera və Balet Teatrında bütün balet tamaşalarında çıxış etdikdən sonra özümüzü xoreoqrafiya sahəsində sınamışıq. Qeyd edim ki, burda da uğur bizdən uzaq düşməyib. Müxtəlif balet əsərlərini ərsəyə gətirdik, ölkəmizdə və xaricdə tədris işlərilə məşğul olduq. İlk quruluş verdiyimiz əsər bəstəkar Tofiq Bakıxanovun neftçilərdən bəhs edən “Xəzər” balladasıdır. Onda qazandığımız müvəffəqiyyət bizi yeni işlərə ruhlandırdı. Bəstəkar Fərəc Qarayevin (rəssam Toğrul Nərimanbəyov) “Qobustan kölgələri” əsərinə (1969) quruluş verdikdən sonra elə həmin il üzümüzə Fransanın qapıları açıldı.
   Quruluş verdiyimiz “Xəzər”, “Qobustan kölgələri” əsərləri, eləcə də Rauf Hacıyevin “Azərbaycan süitası” baleti ilə Parisdə keçirilən festivalda iştirak etdik. Tamaşalar çox bəyənildiyi üçün Fransanın digər şəhərlərində də sənətimizlə tanış oldular, xeyli diplomlara layiq görüldük. Hər yerdə böyük anşlaqla qarşılandığımız üçün məşhur Monte Karloya da dəvət aldıq. Fəxrlə deyə bilərəm ki, biz orada çıxış edən ilk və yeganə Azərbaycandan olan mədəniyyət nümayəndələriyik. Həmin tamaşalara dahi bəstəkar, gözəl insan Qara Qarayev də baxırdı və bizim belə hərarətlə qarşılanmağımız, uğurumuz onu da vəcdə gətirmişdi. Vətənə dönəndən sonra Qara müəllimlə “İldırımlı yollar”, “Yeddi gözəl” əsərlərini yeni quruluşda səhnəyə qoyduq.
   1972-ci ildə Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin sözlərinə yazdığı və bizim quruluş verdiyimiz “Muğam” (Bayatı-Şiraz üstündə) baleti də sonralar bütün Sovet İttifaqında məşhurlaşdı. Tamaşada Moskvanın Böyük Teatrının tanınmış artistləri Vladimir Vasilyev, Yekaterina Maksimova çıxış edirdilər. Vazehin şeirlərini isə Xalq artisti Vera Şirye oxuyurdu. 1987-ci ildə “Babək” baletini (Aqşin Əlizadə, Tahir Salahov) ərsəyə gətirdik. Onun premyerası Respublika Sarayında böyük təntənə ilə keçdi. P.Çaykovskinin “Şelkunçik”, F.Qarayevin “Kaleydoskop”, “Tanrıdan” əsərləri də müxtəlif illərdə bizim zəhmətimiz sayəsində nümayiş olunub. Qürurla deyə bilərəm ki, biz Azərbaycan baletini dünya səhnəsinə çıxaran, onu beynəlxalq aləmdə tanıdan ilk xoreoqraflarıq.
   Müxtəlif zaman kəsiyində Belçikada (2 il), İsveçdə, Qahirədə, Əlcəzairdə, Türkiyənin müxtəlif şəhərlərində çalışmışıq. Harada işləməyimizdən asılı olmayaraq həmişə vətənə dönməyə tələsmişik. 1990-1996-cı illərdə Opera və Balet Teatrında baş xoreoqraf, 2000-2002-ci illərdə isə Bakı Xoreoqrafiya Məktəbində bədii rəhbər vəzifəsində çalışmışam. Çoxlu yetirmələrimiz, dostlarımız var. Onlar heç vaxt bizimlə ünsiyyəti pozmayıblar.
   Xoşbəxtəm ki, həyatda Maqsud kimi bir insanla ailə qurmuşam. Sənətdə isə dahi bəstəkar Qara Qarayevi, məşhur rəssamlar Tahir Salahovu, Toğrul Nərimanbəyovu yaxından tanıyıb onlarla birgə balet tamaşaları üzərində işləmişəm, ünsiyyət yaratmışam. Harada olmağımıza baxmayaraq həmişə xalqımızın, vətənimizin adını, mədəniyyətimizi yüksəklərə qaldırmağa nail olmuşuq. Bundan sonra da mədəniyyətimizə, incəsənətimizə bacardığımız töhfəni verməyə hazırıq.
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar