yaşamca çox ünvanlı, sənətcə hər yerli Toğrul
   
   Sirli-sehrli fırçasıyla bu dünyanı bu dünyanın özü kimi fırlanan, şanlı Vətənini hələ təsis edilməmiş “Bəşər TV” ilə “canlı yayım”layan Toğrul Nərimanbəyov!
   Əlli il əvvəl yaratdığı “Nar” natürmortunu qırx il öncə - tələbəlik illərimizdə ilk dəfə görəndə dedik, yəqin bu narların gilələri də özləri kimi, dünyanın bütün nar dənələrindən gözəl və şirindir!
   
   Elə “surətcə portret görklü” deyim də o vaxtlara məxsusdur. Biz Səttar Bəhlulzadə ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı portretə bənzədirdik. Hələ onların sənət və xarakterik keyfiyyətlərini də müxtəlif rənglər üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə ikisinin birlikdə və hər birinin ayrı-ayrılıqda xəyali portretlərini yaradırdıq. İndilikdə, təbii, bu ayın bu günlərində doğulmuş Toğrul Nərimanbəyov haqda. Əlbəttə, əvvəlcə:
   
   Mənsubiyyət rəngləri
   
   Və lap öncə yuxarıda işlətdiyim bir qədər abstrakt anlamlı epitetlər içərisindəki “hər yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər. Yeri gəlmişkən, bu mükəmməl abstraktsionizm ustadı haqda danışıb-yazarkən də - qeyri-mükəmməl olsa da - abstraktçılıqdan, sözün qanad-fanatçılığından qaça bilmirəm: fikir, təfəkkür, sənətkarlıq zirvələrinin elə bir həddi də var ki, insan ora (ona) çatanda hər hansı bir coğrafi-toponimik məkana, etnik qrup-topluma sığmır. Haralı yox, hər yerli - dünyalı olur. Kimlərdənsə, hansısa zümrəyə, xalqa, millətə deyil, Xaliqin “ol!” hökmü ilə yaranmış cəmi-ümmətə mənsub olur.
   Kökəncə şuşalı, doğumca bakılı, vətəndaşlıqca ikili (Azərbaycan, Fransa), düşüncə-daşıncadaşlıq, vəsfi-sənətdaşlıq, qloballıq, heyrandaşlıqca dünyəvi olan Toğrul Nərimanbəyovu təkcə “öz rəngimiz”də görmək, təsəvvür etmək mümkünmü?
   Bəli, bu təkrarsız yaradıcının sir-sifəti böyük Yaradanın qələmiylə çəkilmiş tanrısal portretə - rəsm əsərinə bənzəyir. Düzdür, bütün dahilərin yaratdığı bütün surətlər Allahın yaratdıqlarının yanından yel olub ötə bilməz. Amma ulu Tanrının yaratdığı milyardlarla fərdilik, fərqlilik, rəngarənglik içərisində özünə hamıdan bir köynək yaxın dahilərin yaratdıqlarına bənzəri də olur. Özü də bu kişi daha çox - lap qədimlərdə adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb üstümüzə “quaş” assimilyasiyası ilə qayıtmış rənglə rəsm edilib. Bu tər-təmiz türk adlı rənglə “işləndiyindən” əti, qanı, can “materialı” nə qədər ümumbəşəri, Adəmanə olsa da, özgü-cizgiləri başdan-başa Turan mayalıdır. Qüdrətdən yaradılmış Göy gölcə gözlərinə, Kür-Arazca qaşlarına, Qoşqarca alnına baxanda, Göyçəcə dərinliyini, Şahdağca vüqarını, Şuşaca təbəssümünü görəndə, Damcılıca, kişmişicə gülüşünü eşidəndə, deyirsən, daha bu adam ecazkar rəssam olmayıb, kim olasıydı ki?!.
   
   Fırça rəngləri
   
   Bu rənglər, əslində, ona məxsus bütün rənglərin əzəli, özülüdür. Ona məxsus hər şey, cəmi-peyklər məhz bu planet ətrafında - fırça çevrəsində fırlanır. Onun istedad təndiri o qədər itidir ki, hər şeyi öz odlu kürəsində bişirib qıpqırmızı qızardır. Qırmızımtraqlar, qırmızımtıllıqlar, qızartdaqlıqlar bir könül “laboratoriya”sında həll olunub tül qırmızı, gül qırmızı və nəhayət, al qırmızılıqlar səltənəti yaradır. “T.N” imzalı bu fırçadan rəng içən güllər, çiçəklər, kollar, ağaclar, gözəllər, göyçəklər nə qədər bizimdirsə, o qədər də hamınındır. Hələ erkən gəncliyində memarlıq İçərişəhərindən “düzəltdiyi” rəssamlıq İçərişəhəri silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı avropalılara, fransızlara ecazkar bir “kənar baxış”la təqdim etdiyi rəsmlərində özü ilə bərabər, sənətin də nələrə qadir olduğunu bir daha təsdiq etdi və hələ onun dahiyanə “dərkənar”ları davam edir.
   Toğrul Nərimanbəyov yaradıcılığında qırmızı rəng, təbii, hər əsər-məclisin başındadır. Lakin digər rənglər heç də ayaqda deyil. Yoxsa onun “səmaları”, “sünbülləri”, “çiçəkləri” xoş ovqat toxumaq əvəzinə, qan qoxuyardı. Fidan “körpələri”, qızıl “gözəlləri”, qırış-quruş “qocaları” polifonik şərqilər, major aləmlər əvəzinə, minor ələmlər oxuyardı. Onun fırçasında mavi rənglər dan üzü kimi ağarışır, göy rənglər göyərçinlər tək göyərişir, sarılar bərəkət sayaq kəhrəbalaşır. Yaşıllar sevgililərdi - baxışlara sarmaşır, ağlar “ağ” eləmədən ağarışır, qaralar - mövzunun yamanına işlənəndə şərləşir, yaxşısına işləyəndə ərləşir...
   Onun əsərləri arasında “bu qədər!” sədalı işlər də var, “bütün bunlardan sonra...” ehtimallı nümunələr də. Onun fırçası mövzu seçim-biçimi baxımından - dünyanın ən məşhur abstraktsionistlərinin işləri içərisində hansı potensial gücə malikdirsə, işləmə sarıdan qüdrətli rəngkarlar, natürmortçular sırasında da eləcə seçilir. Onun abstraksiyalarının çoxusu çox hallarda ilk baxışa, ilk tamaşaya tabe olmur. İkinci, üçüncü zənddə isə gözlər qarşısında aləmlər açılır. Amma hər ikinci-üçüncü nəzərlərdə nə qədər açılsa da, “və sair”incilərə yenə bir şey qalır. Hər növbəti baxış növbəti bir qənimət əldə edir. Özü də tək elə milli yox, beynəlmiləl baxış-qənimət. Buradan belə bir “fəlsəfi” qənimət də dildə olunur ki, baxışın, tamaşaçılığın da milləti yoxmuş. Bəli, bu əsərlər nə qədər millidirsə, o qədər də İvanov dilli, Renuar, Brüller, Van Qoq əsilli tamaşaçılarlıqdır...
   
   Xarakter və söz rəngləri
   
   Toğrul Nərimanbəyova məxsus bu rənglər də parlaqdır, seçkindir, bütövdür, emosionallıq plastikası ilə bahəm, kəskindir. Bütün bunlar - əsərlərindən xeyli fərqli olaraq - onun özünün-sözünün tamaşaçıları, dostları, tanış-bilişləri, həmsöhbətləri tərəfindən dərhal sezilir. SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı, neçə-neçə orden-medal sahibi, hər ilin altı ayını yaşadığı Parisdə necə yüksək mərtəbədə tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma babasının Şuşada doğulmasından, sonra dövlət xətti ilə Almaniyaya getməsindən, Tuluzada təhsil almasından, məşhur mühəndis olaraq Mingəçevir su-elektrik stansiyasını tikməsindən, atasının özgür bir milliyyətçi kimi sıravi əcəl mənsubu yox, repressiya qurbanı olmasından iftixarla danışır. O, çox “quru”, əda-ədavasız, bəzən ahıl yaşlarda da - susuz səhraya yağış tək gərək olan şıltaqlıqların yasaq edildiyi ziyalı “cızığından” heç bir halda qırağa çıxmır. Onun qırım-durumu ev-eşiyində də, küçədə də, efirdə də daimi bir pedaqoqluq təlqin edir, ağsaqqallıq saçır. Onun baxışına baxan, yerişini-duruşunu seyr edən, sözünün karına, səsinin tonuna diqqət kəsilən hər kəs bilir: nə olar, nə olmaz.
   Onun çox gec-gec açılan söz-fikir mücrüsü, düşüncə tərzi də obrazlı rənglər qalereyası timsalındadır. Nə desə, “nədən?” sorulmaz, kimə desə, “niyə?” doğulmaz. Onun sözlərindən, fikirlərindən mən də az eşitməmişəm, buralıqda isə ataların məşhur bir miqdar sayı (üçdən) qədərini xatırladacağam: “- Neçə illərdi Teymurlənglə bağlı eskizlər hazırlayırsız, bəs əsər nə vaxt başa gələcək? - Həmin eskizlər Teymurləng miqyasına çatanda”. “Azərbaycanın harası daha çox möcüzəvidir? - Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın harası möcüzəvi deyil?” “- Bu gün sizə Şuşaya getmək təklif olunsaydı... - Yox, Şuşaya qonaq kimi getmərəm. Mən ora onun sahibi kimi gedəcəyəm!..”
   1930-cu il qaynar avqust doğumlu bu qaynar sənətkarın sənətimizə hələ çox füsunkar rənglər bəxş edəcəyi arzusuyla...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar