Masallının “Halay” folklor rəqs kollektivi yarım əsrdən çoxdur ki, milli-mənəvi dəyərlərimizin təbliği ilə məşğuldur. Bir sıra beynəlxalq uğurlara imza atmış ansamblın sorağı bu yaxınlarda Macarıstandan eşidildi.
   
   “Halay” Sazhalombatta şəhərində keçirilən Dünya folklor festivalında uğurla çıxış edib. Kollektivin uğurunda xüsusi əməyi olan Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Lətifə Mövsümova səfər təəssüratlarından danışdı:
   - Avqustun 12-də bizi macar torpağında səmimiyyətlə qarşıladılar. Həmin gün “Halazşarda” restoranında tanışlıq axşamı oldu. Ansamblımızın üzvləri 20 dəqiqə ərzində milli rəqslərlə yanaşı, bir neçə folklor-yaradıcılıq elementi də təqdim etdi.
   Avqustun 13-ü səfər proqramında “Macarıstan günü” idi. Ölkənin paytaxtı Budapeştlə tanış olduq. Dunay çayının hər iki sahilində qərarlaşmış şəhər həm klassik tarixi abidələri, həm də müasir dizaynla ucaldılmış tikinti-arxitektura nümunələri ilə diqqəti cəlb edir. Biz gəmi ilə səyahətdə şəhəri seyr edə bildik.
   Həmin gün axşamüstü “Macarıstana xoş gəlmisiniz!” şüarı altında bütün qruplar üzrə rəqs kollektivlərinin təqdimatı keçirildi.
   Ayın 14-də festivalın açılışı oldu. Ölkələrin sıralandığı səhnədə biz birinci dayanmışdıq. Hər kollektiv öz dövlətinin bayrağı ilə təqdim olunurdu. ”Summurfest-2011” festivalına 20-dən artıq ölkənin folklor kollektivi gəlmişdi. Avropa ölkələri ilə yanaşı, Kanada, Uruqvay, Venesuela, Peru, Çin, Tailandın da tədbirə qatılması həyəcan və məsuliyyəti daha da artırırdı. Həmçinin qardaş Türkiyə, qonşu Rusiya, eləcə də Estoniya, Fransa, İtaliya, Rumıniya, Çexiya və digər ölkələrin də iştirak etdiyi folklor bayramı gərgin sənət yarışmasının olacağından xəbər verirdi.
   “Halay” kollektivi Qafqaz və Orta Asiyadan yeganə olduğu üçün bizim rəqslərə və milli mərasim oyunlarına maraq daha böyük idi. Qızlarımız təkcə rəqs etməklə kifayətlənmir, həm də yerli sakinlərə və turistlərə öz rəqslərimizi öyrədirdi. Belə tədbirlərimizlə müharibə və əmək veteranlarının, əlil insanların qonağı olduq, onlara Azərbaycan mərasimlərində oynanılan rəqsləri nümayiş etdirdik.
   Festivalın proqramına əsasən, ayın 14-ü Şadlıq günü, 15-i Dostluq, sonra Musiqi, Qızıl ürək, Sevgi, Vətəndaş, Bütün macarların həmrəyliyi, 21 avqust isə Vida günü idi. Kollektivimiz hər yerdə səmimiyyətlə qarşılanır, bizə ölkəmiz, təmsil olunduğumuz rayon, insanlarımız barədə suallar verirdilər. Festivalın bağlanışında ansamblımız hədiyyələr və xüsusi diplomla mükafatlandırıldı.
   “Summurfest - 2011”dəki uğurlu çıxışımız ümumi zəhmətimizin bəhrəsidir. Folklor nümunələrimizin layiqli təqdimatında rəqqaslar Mətin Ələkbərli, Xəyalə Dadaşova, Heyran Sadıqova, İranə Sadıqova, musiqiçilər Sakit Müslümov, Qabil Niftiyev və digərlərinin əməyi çoxdur.
   
   Əyyar Tahirov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar