“Düşünmürəm ki, əsərlərimi satıb pul qazanım“
Ağac oyma tarixən maraqlı sənət növlərindən sayılıb. Lakin ağır zəhmət tələb edən bu sənətdə tanınmaq çətin olub. Müsahibimiz sənətini qəlbən sevən və bu sahədə tanınan sənətkar Ələkbər Məmmədovdur.
- Ələkbər müəllim, sənət yolunuz haqqında nə deyərdiniz?
- 1985-1987-ci illərdə Rəssamlıq Məktəbində oxumuşam. Təhsilimi başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri rəssamı kimi işə düzəldim. Bir il sonra kinostudiyanın nəzdində multiplikasiya kursu açıldı. İlyarım da orada oxudum. Sonra orada səkkiz il multiplikasiya rəssamı kimi fəaliyyət göstərdim. Daha sonra karikatura ilə məşğul oldum.
- Sizdə bu sənətə maraq necə yaranıb?
- Ailəmizdə incəsənətə maraq böyük olub. Atam Rafiq Məmmədov tanınmış muğam ifaçısı idi. Xeyli vaxt Muğam Teatrında çalışıb. Məndən kiçik iki qardaşım da rəssamdır. Mənim ağac oyma sənətinə marağım isə təsadüfən yaranıb. Bir gün rəsm alətlərinin satıldığı mağazada idim. Oyma sənəti üçün lazım olan alətləri gördüm. Deyim ki, ağac oymağa marağım bu alətlərdən başladı. Alətlər çox baha idi. Buna baxmayaraq lazım olacaq alətləri aldım. Evimizdə fil fiquru vardı. Onu dayım Vyetnamdan gətirmişdi. Həmişə ona baxar və əksini yaratmaq həvəsi fikrimdən keçərdi. Elə ilk işim də həmin fil fiqurunun əksini yaratmaq oldu. Bu zaman təcrübəsizlikdən əlimi möhkəm yaraladım. Gərək bu işə birinci dəfə yumşaq ağacdan başlayasan. Mən isə əksinə etdim. Çünki ağacları tanımırdım. Sonradan ağacların möhkəm və yumşaq xüsusiyyətlərini öyrəndim. İndi daha çox qoz və cökə ağacı üzərində işləyirəm. Bu yolda nə bir müəllim yanında oldum, nə də bir kitab oxudum. Hər şeyə böyük həvəs, intəhasız maraq və bacarığımla nail oldum.
- Sizə bu işdə mane olmaq, həvəsdən salmaq istəyən olubmu?
- Yaxşı mənada olub. Mənə maraqsız görünən bu sənətdən ayrılmağımı və gərəkli bir işin qulpundan yapışmağımı məsləhət görüblər. Ancaq sonradan işlərim çoxaldıqca bir ağac parçası üzərində müəyyən bir obrazı görməyin nə qədər maraqlı olduğunu anladılar və məni başa düşdülər.
- Zəhmətlə, çətinliklə bu əsərləri yaradarkən nə düşünürsünüz, fikrinizdən nələr keçir?
- Hər bir əsərimi yaradarkən onunla yaşayıram. Ancaq düşünmürəm ki, onu satım pul qazanım. Bunlar mənim maddi yox, mənəvi qidamdır. Onlardan aldığım mənəvi zövqü heç nə əvəz edə bilməz. Bu mənə çox rahatlıq gətirir. Çətinliyim olanda bu əsərlərin əhatəsində otururam. Sıxıntılarım bir anın içində yox olur.
- Mövzu seçiminiz haqda nə deyərdiniz?
- Mövzuların əksəriyyəti öz fantaziyamın məhsuludur. Yeni mövzular haqda düşünərkən şəhəri gəzməyə çıxıram. Tarixi abidələrin məndə doğurduğu təəssürat yeni bir əsərin ərsəyə gəlməsinə səbəb olur. Qədim Bakı və milli geyimlər diqqətimi daha çox çəkir. İşlərimdə çeşidliliyə və rəngarəngliyə üstünlük verirəm. Bir dəfə işlədiyim əsərin təkrarını yarada bilmirəm. Daha çox süjetli işlər qurmağı və hərəkətli personajlar yaratmağı xoşlayıram. “O olmasın, bu olsun”un personajlarının - Məşədi İbad, Sərvər və Gülnazın təsviri olan əsərlər ən çox sevilən oymalardır.
- Respublikada və xaricdə sərgiləriniz olubmu?
- 2003-2004-cü illərdə əvvəl Azərbaycanın Londondakı səfirliyində, sonra Şotlandiyanın Aberdin şəhərində sərgim oldu. “Dədə Qorqud” adlı əsərimi bir ingilis lordu aldı. Orada bu işimə “Ən yaxşı əsər” sertifikatı verildi. 2009-cu ildə isə “Azərbaycan-Qazaxıstan“ Dostluq Cəmiyyətinin dəvəti ilə Qazaxıstanın müstəqillik günü münasibəti ilə keçirilən sərgidə on bir əsərimlə iştirak etdim. Orada dünyanın bir çox ölkələrindən gəlmiş sənətkarların əl işləri sərgilənirdi. “Şah sarayda” adlı əl işim ən yaxşı əsər kimi sertifikat aldı. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində keçirilən xalq tətbiqi sənəti nümunələrinin sərgilərində yaxından iştirak etmişəm.
- Əl işlərinizə kimlər çox maraq göstərir. Onlar daha çox nələrə diqqət yetirirlər?
- Əsərlərimə xarici vətəndaşlar daha çox maraq göstərir. Onların diqqətini at və başqa heyvan fiqurları, bir də tarixi mövzularda yaratdığım işlər çəkir. Bir dəfə emalatxanama Almaniyadan bir turist gəlmişdi. Taxta üzərində ruzi duası yazılmış əsərimi gördü. Çox bəyəndiyini bildirdi. Sonra həmin əsəri ona satmağımı xahiş etdi. Amma orada yazılanı başa düşmürdü. Elə naxışlardan çox xoşu gəldiyini deyirdi. O naxışların nə olduğunu ona izah etdim. Marağı daha da artdı. Pulunu ikiqat ödəyərək, ruzi duası həkk olunan əsəri aldı.
- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- Bir neçə tamamlanmamış işim var. Onların çoxu tarixi mövzudadır. Üzərində işlədiyim əsər isə “Bulaq başında“ adlanır.
Savalan Fərəcov