Tanınmış teatr rəssamı, Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü Nabat Səmədova əmək fəaliyyətinə 1975-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrına baş rəssam təyin edilib.
   
   Rəssamın son dövr yaradıcılığı Dövlət Musiqili Komediya Teatrı ilə bağlıdır. Bu teatrın səhnəsində Ü.Hacıbəylinin “Arşın mal alan“, S.Fərəcov və Ə.Əmirlinin “Səhnədə məhəbbət”, O.Rəcəbov və A.Babayevin “Əlin cibində olsun”, R Mustafayev və C.Məmmədovun “Məsmə xala dayımdır”. musiqili komediyalarına, N.Qoqolun “Evlənmə” əsərinin tamaşasına bədii tərtibat verib. Ümumilikdə 60-dan çox teatr tamaşasının, 20-dək televiziya filminin quruluşçu rəssamı olub.
   
   - Nabat xanım, səhnə əsərinin yüksək səviyyədə alınmasında rəssam işinin xüsusi yeri var. Bu sahədə böyük təcrübəsi olan sənətkar kimi, quruluşçu rəssamın fəaliyyətini necə xarakterizə edərdiniz?
   - Quruluşçu rəssam işi yaradıcı işdir. Düzdür, tamaşaçı bilavasitə səhnədəki aktyorları, rejissor işini görür, musiqini eşidir, səhnə əsərinin ərsəyə gəlməsində rolu olan insanların bir qismi elə səhnə arxasında qalır. Amma tamaşanın ərsəyə gəlməsində, uğur qazanmasında həmin insanların, o cümlədən quruluşçu rəssamın məxsusi rolu, yaradıcı payı var. Əslində tamaşa haqqında tamaşaçıda ilk təəssüratı məhz teatr rəssamının işi yaradır. Pərdə açılanda ilk nəzərə çarpan rəssam işi olur. Elə ilk təəssüratdan da tamaşaya qiymət vermək olar. Çünki rəssam dekorasiya, geyimlə əsərin, orada əks olunan dövrün ab-havasını tamaşaçıya çatdırır. Rəssam öz işləri ilə tamaşanın nüfuzunu artıra, azalda da bilir. Təbii ki, tamaşanın əsas yaradıcı rəhbəri rejissordur, rəssam işinin necə alınacağı da rejissordan asılıdır. Rəssamla rejissorun birgə fəaliyyəti səhnənin dekorasiyasının uğurlu alınmasını şərtləndirir. Çox vaxt ideyalar rejissorla rəssam arasında gedən müzakirələrdə, söhbətlərdə yaranır. Axı aktyorun ssenariyə uyğun obraz yaratması, söz söyləməsi ilə iş başa çatmır. Rəssamın yaradıcılığı yüksək səviyyədə olanda tamaşanın məzmunu açılır. Bu baxımdan rəssam işi tamaşanın simasıdır.
   - Rəssam tamaşada öz əsərləri ilə tamaşaçıya nəyi anlatmalıdır?
   - Quruluşçu rəssam da ssenarini oxuyur. Orada sözün, fikrin sətiraltı mənası olur. Rəssam həmin mənanı duymalıdır. Bunu bilməsə, tamaşanın simasını aça bilməz. Rəssam fırçası, sənəti ilə buna xidmət etməli və tamaşanın obrazını yaratmalıdır. Əsas odur ki, əsərin mahiyyəti dərk edilsin.
   - Əvvəllər teatrlarda parlaq səhnə tərtibatına, rəssam işinə böyük diqqət verilirdi. İndi bu sahədə vəziyyət necədir?
   - Düz deyirsiniz, vaxtilə səhnədə parlaq dekorasiyaya geniş yer verilib. Ancaq zaman keçdikcə hər şey dəyişir. Başa düşülür ki, teatr rəssamlığına da avanqard fikirlər, ideyalar gətirilməlidir. Yəni konstruktivlik, hərəkət, işıq lazımdır.
   - Gənclərin sənətə münasibətini necə qiymətləndirirsiniz? Teatr rəssamlığına gənclər maraq göstərirmi?
   - Gənclərin sənətə marağı var. Amma bu maraq daha çox işin maddi tərəfi ilə bağlıdır. Teatr rəssamı olmaq istəyənlər azdır. Ancaq gəncləri də qınamaq olmaz. Axı bazar iqtisadiyyatı dövrüdür. Hər bir yaradıcı insan da gördüyü işin maddi tərəfini düşünür. Bu da təbiidir.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar