Azərbaycanın foto sənətkarı Rəna Əfəndi şahzadə Klaus Fondunun (Niderland) mükafatının laureatı olub. Niderlandın Bakıdakı səfirliyindən verilən məlumata görə, mükafatın laureatları 25 min avro məbləğində pul mükafatı alacaqlar. Təltifetmə mərasimi bu il dekabrın 14-də Amsterdamdakı Kral sarayında keçiriləcək.
Qeyd edək ki, mükafatın laureatları arasında Qazaxıstan, Zimbabve, Nikaraqua, Qvatemala, Özbəkistan, Haiti, Livan, Fələstin və Çinin mədəniyyət xadimləri də var.
Rəna Əfəndi hazırda Qahirədə (Misir) yaşayır. O, Fifty Crows beynəlxalq sənədli fotoşəkil fondunun müsabiqəsinin mükafatına layiq görülmüşdür, habelə Azərbaycanda “İlin fotosənətkarı” mükafatının laureatıdır. Fotorəssam müxtəlif ölkələrdə təşkil olunmuş sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın “Photo District News” jurnalı R.Əfəndini dünyanın 30 ən görkəmli fotoqrafı siyahısına daxil edib. Onun fotoşəkilləri “Le Monde”, “Le Figaro”, “Liberation”, “Courrier”, “İnternational”, “Newsweek”, “Days Japan”, “Reponse Photo”, “Oqonyok”, “Ekspert” və “Bolşoy Qorod” jurnallarında çap olunub.