Nahid Vahabovun hazırladığı bütün əl işlərində millilik duyulur
   
   Kiçik bir otaq. Adi qum dənələri, kiçik həcmli ağac kötükləri, taxta parçaları, müxtəlif forma, ölçü və rənglərdə balıqqulağı, meyvə tumları... Bu, Rəssamlar İttifaqının ən gənc üzvü Nahid Vahabovun emalatxanasının məndə yaratdığı ilk təəssürat idi. Çoxları üçün sadəcə tullantı kimi görünən ağac parçaları, taxta qırıqları əslində onun üçün gözəl sənət nümunələri yaratması, daxilindəki yaradıcı potensialı üzə çıxarması üçün materialdır. Bacarıqlı əllərdə bu materialdan neçə-neçə sənət nümunəsi yaranır, xalq sənətinin gözəl nümunələri kimi evləri bəzəyir, zövqləri oxşayır. 
   
   Nahid Vahabov 1982-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. Özünün dediyinə görə, uşaq yaşlarından evdə xalq yaradıcılığı ənənələrinə söykənən sənət əsərlərinin hazırlanmasını görüb, atasından ağac üzərində oyma, qurama növlərinin ilkin sirlərini öyrənib: “Məni bu sənətə atam həvəsləndirib. Bəlkə də dekorativ xalq yaradıcılığına həvəs mənə irsən keçib. “Kirpi” jurnalında karikaturaçı rəssam kimi çalışan atam İbrahim Vahabov vaxtaşırı məni Lerikə aparardı, orada müxtəlif ağaclar toplayardıq. O, əsasən oyma üsulu ilə işləyərdi, ağacların növlərini tanımağı, suvenir hazırlamağı mənə öyrədərdi. Artıq 20 ildir bu sənətlə mütəmadi məşğul oluram”.
   Yeniyetməlik illərində ailəsi ilə birlikdə Bakıya köçən Nahidin qarşısında yeni üfüqlər açılır. O, yaradıcılığını genişləndirir, 2009-cu ildə Muzey Mərkəzində ilk fərdi sərgisi açılır. Elə ilk sərgi iştirakçılarda böyük maraq doğurur. 60-dan artıq sənət əsərinin nümayiş olunduğu sərgidə balıqqulağı ilə işləmələr, qurudulmuş budaq, təbii materiallardan istifadə etməklə qurama əsərləri, ağac üzərində oymalar, çay daşları ilə hazırlanan əsərlər rəssam-heykəltəraş kimi Nahid Vahabovun yaradıcılığına diqqəti artırır.
   Sonradan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan sərgilərdə fəal iştirak edir, beynəlxalq tədbirlərə qatılır, əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə ölkəmizi təbliğ edir. Ötən il Aşqabadda keçirilən “Bəşəriyyətin mənəvi xəzinəsi” festivalında onun 40 əsəri nümayiş olunub. Hazırda onun müəllifi olduğu əsərlər bir sıra xarici kolleksiyaçıların fondunda saxlanılır, beynəlxalq forumlarda nümayiş olunur.
   Onun əl işlərində daha çox millilik duyulur. Elə arzusu da hazırladığı sənət əsərləri ilə ölkəmizi, onun tarixini, mədəniyyətini, zəngin irsini təbliğ etməkdir. Hazırda Maştağada yaşayan Nahid özü üçün yaratdığı emalatxanada fəaliyyət göstərir. Duyğularından, hislərindən doğanları ağac üzərində əks etdirir. Sevilən Azərbaycan filmlərinin personajlarına, nağıl qəhrəmanlarına adi taxta parça üzərində yeni həyat verir. Bəzən bir əsərin üzərində günlərlə, aylarla işləməli olur: “Milli kinomuzun tanınmış simalarının, maraqlı personajların obrazlarını ağac üzərində oyma ilə işləyirəm. Milli dəyərlərin təbliği mənim üçün zövq qaynağıdır. Çünki tarixi abidələri, milli muğam alətləri, üzərində milli personajlar olan suvenirlər hər biri ölkəmizi təmsil edir. Bu sənəti sevməsən, işləyə bilməzsən. Mənim elə işim var ki, orada 3000-ə qədər balıqqulağından istifadə etmişəm. Habelə boya işlətməmək üçün müxtəlif meyvə və tərəvəz tumlarından istifadə etmişəm.
   Əl işləri təbiiliyi, dəqiqliyi sevir. Bu mənada mən əsərləri mikrometrlə işləyirəm ki, suvenir göz oxşasın. Hazırda “muğam üçlüyü” suvenirlərinin mağazalarda satışına daha çox rast gəlmək olur. Ancaq qeyri-dəqiq işləmələr də var. Məsələn, sənətkar tarın və ya sazın qolunu 1-2 santimetr uzun hazırlasa, heç nə dəyişməyəcək, Çünki suvenir suvenirdir. Amma daha yaxşı olar ki, suvenir hazırlanarkən ölçüləri həndəsi qaydalara uyğun olmaqla bərabər ölçülərdə kiçildilsin. O zaman suvenir daha çox göz oxşayar. Rəng seçimi, işıq kölgə effektlərinin düzgün verilməsi, mikrometrlərdən istifadə suvenirin kənardan göz oxşamasına səbəb olur. Məncə, işləri elə işləməlisən ki, əsərdə millilik duyulsun”.
   Nahid Vahabov Azərbaycanın tarixi abidələrini əl işlərində daha çox təsvir edir. İçərişəhərin vurğunudur. Gələcəkdə ağac üzərində oyma ilə böyük həcmdə İçərişəhərin maket formasında əsərini hazırlamağı düşünür. “İçərişəhər”də çox sayda hədiyyələr mağazası olsa da, emalatxanaya rast gəlməmişəm. Orada rəssamlar üçün emalatxana yaradılsa, çox yaxşı olar. Mən orada olan satıcılarla söhbət edəndə onlar deyirlər ki, turistlər sənət nümunələrinin necə hazırlandığını, kimin hazırladığını soruşurlar. Hazırlanma prosesi onlar üçün də çox maraqlıdır. Hətta bəziləri bu əsərlərin yerli sənətkarlar tərəfindən hazırlanmasına inanmır, Çindən və ya başqa ölkədən idxal olunduğunu düşünür. Bu baxımdan İçərişəhərdə emalatxana yaradılsa, həm turistlər üçün maraqlı olar, həm də yerli sənətkarlar turistlərin qarşısında bacarıqlarını sərgiləyə bilərlər”.
   Gənc sənətkar hazırladığı əsərlərinin satılmasında problem olmadığını deyir. Sifariş əsasında yeni-yeni əsərlər yaradır, bəzilərini isə hədiyyə verir. Bu ilin “Turizm ili” və 2012-ci ildə Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə gələcək çoxsaylı turist axını olacağını nəzərə alaraq yeni əsərlər üzərində işləyir. Eyni zamanda fərdi sərgisinə də hazırlaşır. Maraqlı ideyaları var. Yaradıcı gənc kimi Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi diqqətdən razılıq edir: “Öz əsərlərimi təbliğ etmək üçün mənə lazımi diqqət göstərirlər. Əsərlərimin beynəlxalq sərgilərdə nümayişi təmin olunur. Bu il ölkəmizdə "Turizm ili" elan olunduğundan indi işlədiyim əsas mövzu milli koloritimizi əks etdirən lövhələr, suvenir formatında musiqi alətlərimiz, bədii əsərlərin qəhrəmanlarının obrazlarıdır. Bu sahədə fəaliyyətimi genişləndirməyi planlaşdırıram. Amma ilk növbədə bunun üçün emalatxanamı genişləndirməliyəm. Fərdi sərgimi bu ilin sonu - gələn ilin əvvəllərində təşkil etmək istəyirəm. İndi Toğrul adlı bir tələbəm də var. Ona bacardığım qədər nəsə öyrətməyə çalışıram. Toğrulu mənim yanıma atası qoyub. Özünün də bu sənətə böyük həvəsi var. Daha çox balıqqulağı ilə işləməyə üstünlük verir. Bundan başqa yeni maraqlı layihələrim var, amma təbii ki, bütün bunları zaman göstərəcək.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar