Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində “Avstriya incəsənət sərgisi”nin açılış mərasimi keçirildi.
«İn Between» adlı müasir incəsənət sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə təşkil olunub. Tədbiri Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açaraq sərgidə nümayiş etdirilən əsərlərin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, sərgi oktyabrın 4-dək davam edəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgini Azərbaycanla Avstriya arasında mədəni əməkdaşlığın bir nümunəsi olduğunu vurğuladı. Qeyd olundu ki, sərgidə az sayda əsər nümayiş olunsa da, bu işlər Avstriya rəssamlarının geniş yaradıcılıq potensialı haqqında təsəvvür yaradır. Nazir bildirdi ki, Azərbaycanla Avstriya arasında mədəni əlaqələrin genişləndirilməsinə nümunə kimi yaxın gələcəkdə azərbaycanlı rəssamların da əsərlərinin Avstriyada sərgilənməsi yaxşı olardı.
Avstriyanın Azərbaycandakı səfiri Silvia Meyer-Kajbic sərgidə milli kolleksiyada mövcud olan müasir incəsənətin kiçik bir hissəsinin təqdim olunduğunu diqqətə çatdırdı: «Bu incəsənət, öz simasına malik, tənqidi, meydan oxuyan, yenilikçi və açıqdır. Bu sahədə çalışan rəssamlar öz bacarıqlarını, film, video, rəsm, rəngkarlıq, installyasiya və performans kimi müxtəlif növlü media istiqamətlərində tətbiq edirlər».
Tədbirin kuratoru Karin Zimmer “İn Between” müasir incəsənət sərgisində bir neçə əsas mövzuya toxunulduğunu qeyd etdi: «Sərgi müasir incəsənətin azad seçim və ya özünü ifadəetmənin üsullarından ibarət olan mövqelərini nümayiş etdirir”. Onun sözlərinə görə, sərgi indiyədək İsrail, Xorvatiya, Monteneqro, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Belçika və Litvada nümayiş olunub.
Sonra 36 rəssamın 40-dan çox əsərinin nümayiş olunduğu sərgiyə baxış keçirildi.
Mehparə