Sultan Sultanov: «Hər mükafat işimizə göstərilən böyük diqqətdir»
Xəbər verdiyimiz kimi, Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən «Debütlər Birliyi» Beynəlxalq müsabiqəsinin 2011-ci il üzrə laureatları elan edilib.
Müstəqil Dövlətlər Birliyi məkanında 2011-ci ilin «Tarix-mədəniyyət ili» elan olunması ilə bağlı üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş nominasiyalar («Tədqiqat və kəşf», «Dirçəlmə və mühafizə», «Maarifləndirmə və populyarlaşdırma») üzrə qaliblərin sırasında Azərbaycan nümayəndələri də var.
Gənc xanəndə Qoçaq Əsgərov müsabiqənin «Maarifləndirmə və populyarlaşdırma» nominasiyası üzrə laureatı, Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin bərpaçı rəssamı Sultan Sultanov və AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov isə müsabiqənin diplomantları olub. Onlardan biri - Sultan Sultanov dünən redaksiyamızın qonağı oldu.
Sultan ixtisasca neft mühəndisidir, Dövlət Neft Akademiyasını bitirib. Lakin bərpaçı rəssam sənətinə olan həvəsi onu bu sahəyə yönəldib. Özünün dediyi kimi, hələ uşaqlıqdan hansısa sınmış əşyanı bərpa etmək, taxta üzərində oyma işi görmək xoşuna gəlib və bu sahə üzrə xüsusi təhsil almasa da, tədricən bərpaçı rəssam kimi püxtələşirb.
Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. Ali məktəbi bitirdikdən sonra Milli Azərbaycan Tarix Muzeyində İtaliyanın «Eleka» firması ilə iki il çalışdıqdan sonra Sultan Sultanov Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə gəlir və 2009-cu ildən özünü bu sənətə bağlayır. Mərkəzdə şüşə və keramika-şüşə üzrə bərpaçı kimi fəaliyyətə başlayır.
Bu sahədə az müddət fəaliyyət göstərməsinə baxmayaraq, S.Sultanovun bərpa etdiyi keramika işləri respublikanın bir çox muzeylərinin ekspozisiyalarını bəzəyir. Təsadüfi deyil ki, «Debütlərin Birliyi» beynəlxalq müsabiqəsində də şüşə və keramika əşyalarının bərpası işlərinə görə qalib adına layiq görülüb: «Mən bu müsabiqədə ilk dəfə idi ki, iştirak edirəm və qazandığım uğura görə çox sevinirəm.
Bərpaçılıq işində belə bir prinsip var: gördüyünü göründüyü kimi saxlamaq və gələcək nəslə ötürmək. Bütün muzeylərdən bizə işlər gəlir və biz onu bərpa edirik. Xalça, gümüş əşyalar da bərpa olunur. Məsələn, Azərbaycandan başqa demək olar ki, heç bir ölkədə xalça üzrə bərpaçı rəssamlar yoxdur. Bərpada səhvə yol verməmək üçün gərək çoxlu oxuyasan, öyrənəsən. Ona görə də, biz çalışırıq ki, tariximizi qoruyub gələcək nəsillərə ötürək».
Hazırda Azərbaycanda muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpasının Avropa ölkələri ilə eyni səviyyədə olduğunu deyən S.Sultanov buna misallar da göstərdi: «Ötən il Belarusun paytaxtı Minsk şəhərində ixtisasartırma kurslarında iştirak edərkən şahidi oldum ki, bizim bərpaçı rəssam məktəbimiz heç də başqalarından geri qalmır. Deyərdim ki, hətta onlardan da öndəyik”.
Bərpaçı rəssamın ən çox maraq göstərdiyi sahə keramikadır: «Rəng duyumum da yaxşıdır və rənglə də işləyə bilirəm. Amma özümü daha çox keramikada tapıram. Azərbaycanda 200-ə yaxın muzey var və demək olar ki, onların hamısında işlərim var. Eyni zamanda şüşə, sümük üzrə də bərpa ilə məşğul oluram. Amma bundan sonra özümü heykəltəraşlıqda, yəni onların bərpasında da sınamaq istərdim. Çünki bu sahədə iş həcminin genişliyi xoşuma gəlir».
Sultan bu günə qədər bir sıra mükafatlara, sertifikatlara layiq görülüb. Taxtaoyma sənətinə görə İtaliyanın «Eleka» firmasının mükafatını, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin layihələşdirmə və təfsir, muzey eksponatlarının bərpası və konservasiyası işinin təşkili üzrə sertifikatını alan bərpaçı rəssam deyir ki, «Debütlər Birliyi» müsabiqəsinin qalibi adına layiq görülməsini isə gələcək işləri üçün stimul hesab edir: “Bu biz bərpaçı rəssamlara göstərilən diqqət və işimizə stimuldur».
Mehparə