Zabit Nəbizadə: “Bundan sonra da xalqıma, onun mədəniyyətinə, musiqi sənətinə xidmət edəcəyəm”
   
   Muğam nəhayətsiz bir ümman, ayrı bir aləmdir. Çünki bu musiqinin nüvəsində ilahi bir qüdrət var. Əsrlərin sınağından süzülüb bu günümüzə gəlib çatan Azərbaycan muğamı da sevilərək, əzizlənərək nəsildən-nəslə ötürülüb. Neçə-neçə görkəmli xanəndənin adı yazılıb muğam tariximizə: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Sabir Mirzəyev...
   
   Bu gün də sayılıb seçilən, muğamı dünya səviyyəsində yüksəkliklərə qaldıran sənətkarlarımız az deyil. Bu mənada Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev, Canəli Əkbərov, Mənsum İbrahimov kimi sənətkarlarımızın ayrı bir yeri var muğamsevərlərin qəlbində.
   Bu günlərdə muğam sənətində özünəməxsus yeri olan tanınmış xanəndələrimizdən biri ilə görüşdüm. Görüşümüzə səbəb isə daim mədəniyyətimizə, o cümlədən musiqi sənətimizə böyük diqqət və qayğı göstərən prezident İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı 15 sentyabr 2011-ci il tarixli sərəncamı oldu. Bu sərəncamda təltif olunanlar arasında Zabit Nəbizadə də var.
   Onun adı muğamsevərlərə yaxşı tanışdır. Yaşım o qədər çox olmasa da onun səhnəyə ilk gəldiyi vaxtları yaxşı xatırlayıram. Səlis tələffüzü, təmiz ifası ilə tez yol tapdı tamaşaçıların qəlbinə. Onun ifa tərzində nəsə bir tilsim vardı. İlk vaxtlar çoxları onu görkəmli xanəndə Alim Qasımovla müqayisə edirdilər. Zaman keçdikcə, o öz yolunu tapdı, sevildi, seçildi və budur, ölkə prezidentinin sərəncamı ilə “Xalq artisti” fəxri adı ilə də təltif olundu.
   1965-ci ildə Şamaxı rayonunda anadan olan Zabitin uşaq yaşlarında yəqin heç ağlına da gəlməzdi ki, nə vaxtsa tanınmış xanəndə, Xalq artisti olacaq. Deyir, hələ birinci sinifdə oxuyanda yuxarı sinif şagirdləri onu qucaqlarına alıb partanın üstünə qoyar və onlar üçün mahnı oxumasını istəyərdilər. Uşaq yaşlarında müxtəlif musiqi alətlərinə meyl göstərən Zabitin taleyini və sənət yolunu dəyişən xoş təsadüf baş verir. O vaxtlar Şirvan zonasında çox sevilən Alim Qasımovun onların kəndlərinə toya gəlməsi və məclisdəki ifaları Zabitdə muğam sənətinə maraq yaradır. Gələcəkdə xanəndə olmağı qarşısına məqsəd qoyan gənc hərbi xidmətini bitirdikdən sonra A. Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun Alim sənətinə olan sevgisi burada da özünü büruzə verir. Texnikumun rəhbərliyinə ərizə ilə müraciət edərək Alim Qasımovun sinfində təhsil almaq istəyini bildirir və buna nail olur.
   1995-ci ildə texnikumu bitirir, sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verir. Zabit Nəbizadə artıq neçə ildir ki, özü də pedaqoji fəaliyyət göstərir. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında muğam dərsləri verir. Çox dəyərli tələbələri var. Onların imkanlarına inanır. Sıralarında muğam müsabiqələrində yer qazanan, tanınanlar da var: Abgül Mirzəliyev, Mirələm Mirələmov…
   Aldığı fəxri adın sevinci içində olan sənətkar keçdiyi sənət yolundan danışdı, iştirak etdiyi neçə-neçə festivalın, müsabiqənin adını çəkdi. Bu zəhmətinin dövlət tərəfindən dəyərləndirilməsindən, 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülməsindən məmnunluqla danışdı. Xanəndə sənətinə verilən yüksək qiymətə - “Xalq artisti” adına görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirdi, dövlətin, xalqın sənətə diqqətindən məmnunluğunu ifadə etdi. Deyir, “Xalq artisti” fəxri adı yeni sevinc gətirməklə yanaşı, məsuliyyət hissini də birə beş artırıb: “Fəxri ad almağımla bağlı təbriklərin ard-arası kəsilmir, çoxsaylı muğamsevərlər sevincimə şərik olurlar. Bu hal insanda daha da çox işləməyə, yaratmağa həvəs oyadır. Xalq olmasa bizim sənət inkişaf edə bilməz, xoşbəxt ifaçılardanam ki, hər zaman xalqın diqqətində olmuşam. Bundan sonra da xalqıma, onun mədəniyyətinə, musiqi sənətinə gücüm çatdığı qədər xidmət edəcəyəm, bu sənətin sirlərini tələbələrimə öyrədəcəyəm”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar