Kamil Əliyev - 90
“Ölkəmizin ən böyük sərvəti neftdir. Amma, gəlin bir məsələyə diqqət yetirək. Hansı qonağa bir vedrə neft və ya bir kisə pambıq bağışlamaq olar? Heç kimə. Bu hərəkətimiz məna verməz və təhqir kimi qəbul edilər. Amma xalçanı üz ağlığı, alın açıqlığı ilə ən gözəl hədiyyə kimi veririk. Biz onu kiməsə verəndə əmin oluruq ki, hədiyyəmiz həmin adamın evində layiqli yeri tutacaq. Və Azərbaycanın ünvanına tərifəlayiq sözlər deyiləcək. Çünki bu, xalqın sənətidir. Allahın bizə verdiyi yeraltı sərvətlərlə yanaşı, mənəvi sərvətimiz də var. Allah bunu bizə maddi sərvət olaraq verib və bu sərvət bizim mənəviyyatımızı tərənnüm edir”.
Xalq rəssamı, Azərbaycan xalçaçılıq sənətinin ən tanınmış nümayəndələrindən biri Kamil Əliyevin anadan olmasının 90 ili tamam olur. Prezident İlham Əliyevin 19 iyul 2011-ci il tarixli sərəncamına əsasən, sənətkarın yubileyi müxtəlif tədbirlərlə qeyd ediləcək.
Biz də bu yazıda Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm xidmətləri olan Kamil Əliyevin ömür kitabına nəzər salmaq, sənətkarla bağlı xatirələri təqdim etmək istəyirik.
Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbinə daxil olur, görkəmli rəssam Əzim Əzimzadənin tələbəsi olur. Burada üç il dekorasiya şöbəsində oxuduqdan sonra müəllimlərinin məsləhəti ilə təhsilini davam etdirməklə yanaşı «Azərxalça» birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edən K.Əliyev cəbhədə böyük rəşadət göstərir, 22 orden və medalla vətənə dönür. Ordudan qayıtdıqdan sonra sevimli peşəsini davam etdirən rəssam Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq onu daha da zənginləşdirən, xalçada rəngarəng naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan sənətkar kimi tanınır. Onun yaratdığı xalçalardakı texniki mükəmməllik, yüksək səviyyəli rəsm duyumu xüsusilə özünü göstərir.
K.Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edib. Sənətkar xalçanın təravətli, şux rəngli naxışları ilə Füzuli lirikasını tamaşaçıya çatdırmışdı. Xalçanın uğuru rəssamı ruhlandırır və bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalçaları yaradır. Onun xalça üzərində yaratdığı portretlərdən danışarkən Atatürkə həsr etdiyi portret-xalısını xüsusilə qeyd etmək lazımdır. Bu portret-xalı K.Əliyevin ən böyük sənət uğurlarından sayılır. Türkiyənin dövlət rəhbərləri Turqut Özal, Süleyman Dəmirəl, bir çox elm və mədəniyyət xadimlər bu sənət əsərinə görə xalçaçı-rəssama hörmət və ehtiramlarını bildiriblər. K.Əliyevin 1999-cu ildə yaratdığı ümummilli lider Heydər Əliyevin portreti də onun əsərləri arasında xüsusi yer tutur. Müəllif həmin xalça barədə demişdi: «Bu əsər üzərində uzun illər işlədim və onu Heydər Əliyevin 75 illik yubileyinə tamamladım. Onun minnətdarlıq dolu dərin ifadəli baxışlarını, həmin gün mənə söylədiyi xoş sözləri heç zaman unutmaram».
Xalça sənətindən ayrılmaq çətindir
Əsərləri Paris, London, Tokio, Ankara, İstanbul, Tehran, Moskva və digər şəhərlərdə nümayiş etdirilən sənətkar “Xalq rəssamı” fəxri adına, «İstiqlal» ordeninə layiq görülüb. 2005-ci ildə dünyasını dəyişən K.Əliyev barədə sənət həmkarlarının, onunla bir yerdə işləmiş şəxslərin maraqlı xatirələri var.
«Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş direktoru Əlisəfa Nuriyev uzun illər onunla bir yerdə çalışıb, ürək dostu olublar. K.Əliyev birliyin direktoru vəzifəsində çalışarkən Ə.Nuriyev onun müavini işləyib. Ə.Nuriyev rəssamla bağlı xatirələrini bölüşərək, mərhumun işə, sənətə münasibətindən danışdı: «Kamil Əliyev barədə keçmiş zamanda danışmaq çətindir. Çətin vəziyyətimdə daim xəyalımda onunla danışır, fikirlərimi onunla bölüşürəm. O, bir bağbandır ki, yaratdığı bağın bəhrəsi tükənməz. Ucaltdığı bu xalq sənəti onu və onun timsalında xalqımızı ucaldır. Kamil Əliyev yüzlərlə sənətkarın yoluna işıq saçmış ustaddır. Özünə və ətrafındakılara qarşı çox tələbkar idi. Onun iş həyatını fərqləndirən də bu idi. O, işçilərin qarşısına quru tələblər qoymurdu. Əvvəlcə şəraiti yaradır, sonra bizdən iş tələb edirdi. Onun öz iş prinsipləri var idi. Öz sevimli sənəti ilə son günədək bir oldu. Hətta ondan bu barədə soruşanda deyirdi ki, «xalça elə bir sənətdir ki, mən sənəti atdım, o məni atmadı. Mən xalçaçılıqdan bir müddət uzaqlaşdım, başqa sahələrdə çalışdım. Bu müddət ərzində sənət məni təqib etdi. Sonra yenə sənətimə qayıtdım».
Göz oxşayan portret-xalılar
Görkəmli sənətkarın Məhəmməd Füzuliyə həsr etdiyi portret-xalı barədə söz açan Ə.Nuriyev rəssamın dahi şairə böyük sevgi bəslədiyini, onun poeziyasının vurğunu olduğunu bildirdi. Rəssam özü isə sadəcə bunu deyərmiş: “İlk olaraq Füzulinin portretini yaratmaq yəqin Allahın mənə buyruğu imiş”.
Xalça üzərində dünyanın bir çox məşhur simalarının portretlərini yaradan K.Əliyev hər əsəri tamamladıqdan sonra fikirləşirmiş ki, bu onun ən gözəl əsəri olacaq. Amma sonra böyük şövqlə növbəti gözəl əsərini yaradarmış. Ümummilli lider Heydər Əliyevə həsr etdiyi əsər üzərində işləyəndə də xalçaçı-rəssam eyni anları yaşayır və bu əsər ona baxanları heyrətləndirir.
K.Əliyevin digər özünəməxsus cəhətini açıqlayan həmsöhbətimiz bildirdi ki, rəssam olduqca həyatsevər və ətrafdakılara hörmətlə yanaşan insan olub. Sənətini sevən və ucaldan K.Əliyevi tanıyanlar onun bu xarakterini yüksək qiymətləndiriblər: «O, sənətini, vətənini, xalqını sevən adam idi. Böyük Vətən müharibəsindəki iştirakını xatırlatmağım bəsdir ki, dediyim anlaşılsın. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri həyatsevər olması idi”.
Xalçaçılıq sənətində yeni ruh, yeni nəfəs
Kamil Əliyev xalçaçılığa yeni ruh, yeni nəfəs gətirmişdi. Bu sənətdə portret janrının banilərindən olan sənətkar Azərbaycan xalçasının dünyada tanıdılmasında rol oynayıb: “Onun daha çox portret əsərləri dünyada yayılıb. Bilirsiniz ki, Azərbaycan xalçasını görən hər bir kəsdə Azərbaycan haqqında təsəvvür yaranır. Çünki Azərbaycan xalçası elə bir gözəlliyə malikdir ki, ona tamaşa edən hər kəs gözəlliyi olmayan, dərin tarixi kökləri olmayan bir xalqın belə sənət əsərini yarada bilməyəcəyini anlayır».
84 yaşında dünyasını dəyişən sənətkar ömrünün son günlərinədək çox gümrah idi. Onu belə şux saxlayan sənəti, bu sənətə olan sevgisi idi. Əks təqdirdə ömrünün son saatına qədər iş başında olmazdı. Rəssamın həyatının son dəqiqələrindən danışan Ə.Nuriyev onun son işini Mir Möhsün Ağaya həsr etdiyini dedi: «Yaradıcılıqdan bir an belə ayrı olmurdu. Elə iş başında vəfat etdi. Son tapşırıqlarını mənə verdi. Son anına qədər işinin içində olan insana az rast gəlinir. Sonuncu əsərlərini anasına və Mir Möhsün Ağaya həsr edib. Anasının portreti hazır olandan sonra xalçada anasının üzünü sığalladı və dedi ki, anam məni çağırır. Bu, ölümündən iki gün əvvəl olub. Ondan əvvəl isə deyirdi ki, anam yuxuda mənə dedi ki, Ağa səndən inciyib. Deyir, məndən başqa hamının portretini toxuyur. Həmin yuxudan sonra Mir Möhsün Ağanın qohumlarına zəng edir və onun fotolarını gətizdirir. Onun fotosunun üzərində çox işlədi. Prosesin hamısını hazırladı. Toxuma prosesi gedirdi və toxuma Ağanın əl hissəsinə çatan zaman Kamil Əliyev vəfat etdi».
Azərbaycan xalçaçılıq sənətində öz dünyasını yaradan Kamil Əliyevin əsərləri dünyanın görkəmli muzeylərində varsa, deməli o, yaşayır. Yetirdiyi mütəxəssislər, rəssamlar fəaliyyət göstərdikcə Kamil Əliyevin dəst-xətti görünür.
Sonda onun arzularını xatırlayaq. Sənətkarın arzusu çox olub. Bəzilərini bölüşüb, bəzilərini isə içində, öz aləmində saxlayıb. Amma onun hamıya məlum olan bir arzusu olub və bunu gizli saxlaya bilməyib - yeni əsərlər, portretlər yaratmaq.
Gülər Nizamiqızı