Suğra Bağırzadənin sərgisi açılıb
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış rəssam-florist, Əməkdar artist, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü Suğra Bağırzadənin əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunub.
İxtisasca kimyaçı-mühəndis olan S.Bağırzadə uşaqlıqda “Cücələrim” ansamblının solisti olmuş, sonra isə kinoya çəkilmişdir. Hobbi kimi başlamış güllərə olan həvəs tədricən onu daha bir peşəyə gətirib çıxarıb. Təzə güllərdən hazırlanan orijinal kompozisiyalar rəssam-floristə şöhrət qazandırıb. Kimyaçı təhsili əbədi olmayan çiçəklərin ömrünü uzatmağa, onları əbədiləşdirməyə kömək göstərib. Sənətkarın təzə güllərdən və müxtəlif kimyəvi komponentlərdən yaratdığı ilk əsəri 15 ildən sonra indi də yaradıldığı gündə olduğu kimi təravətli qalıb.
Müxtəlif beynəlxalq sərgilərdə, tədbirlərdə o, Azərbaycanı layiqincə təmsil edir. 2004-cü ildə Dünya Floristlər Şurasının Riqada keçirilmiş XXI sammitində S.Bağırzadə floristika sənayesində yeni peşə istiqamətinə görə sertifikat alıb.
Suğra xanım bu janrda canlı güllərdən istifadə edən yeganə florist-dizaynerdir. O, gül aranjemançılarının Peterqofun (Sankt-Peterburqda muzey-qoruq) 300 illiyinə həsr olunmuş beynəlxalq sərgisində iştirak edib. Burada onun işləri “Dost Peterqofa hədiyyə” adı altında nümayiş etdirilib. Suğra Bağırzadə bu sərginin mükafatını almış 4 iştirakçıdan biri olub.