Dekabrın 8-də Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, yazıçı Altaf Güləhmədovun “Qapılar” adlı fərdi sərgisinin açılışı olacaq. Ekspozisiyada müxtəlif janr və üslublarda işlənmiş 20-dən çox əsər nümayiş etdiriləcək. Rəssamın əsərlərindən ibarət sərgilər dəfələrlə Bakıda və ölkənin digər şəhərlərinin qalereya və bədii salonlarında təşkil edilib. Tədbirdə Rəssamlar İttifaqının, digər yaradıcılıq birliklərinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
   * * *
   Dekabrın 2-də isə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində sənətsevərlər daha bir maraqlı sərgi ilə tanış olublar. «Pravoslav Bakısı və təkcə o yox» adlı sərgidə Azərbaycandakı pravoslav yeparxiyasının fotoqrafı Dionis Sveçnikovun (Dionis ata) foto əsərləri təqdim olunub. Dionis ata artıq uzun illərdir ki, Bakıda keçirilən ibadət mərasimlərini, dini və ictimai tədbirləri lentə alır. Rusiyanın müxtəlif şəhərlərində müxtəlif kilsə forum və konfranslarda iştirak edir. Fotoqraf kimi onun diqqətini təkcə ibadət və kilsə mərasimləri deyil, gündəlik məişətdə bizi əhatə edən hər şey cəlb edir.
   Tədbirdə çıxış edən Bakı Xəzəryanı yeparxiyasının rəhbəri Aleksandr ata bildirib ki, sərgidə təqdim olunan fotolarda müasirliklə dərin qədimlilik bir harmoniya təşkil edir. Rusiya səfiri V.Doroxin tədbiri Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu vurğulayıb. 

   Mehparə