Şəxsiyyəti, ləyaqəti, istedadı və sadəliyi ilə böyük hörmət və nüfuz qazanan, xalqına və vətəninə qəlbən bağlı olan, həyatının faydasını faydalı və mənalı əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, təhsilinə böyük töhfələr verən hər bir insanla təkcə öz ailəsi, şəcərəsi deyil, bütün ictimaiyyət qürur duyur, fəxr edir. Zaman-zaman belə işıqlı şəxsiyyətlər xalqın güvənc yeri olmaqla, həm də millətin adını bütün dünyaya tanıdır. Azərbaycanımızın haqq səsini, dünya ictimaiyyətinə çatdırır. “Qurani-Kərim”də deyilir ki, “Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir”. Xalqımız dəyərli ziyalıları ilə həmişə fəxr duymuş, onları milli sərvəti saymışlar.
Görkəmli alim, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin adı təkcə respublikamızda yox, onun hüdudlarından kənarda da elmi ictimaiyyətə yaxşı tanışdır. Yaradıcı ömrünün böyük hissəsini elm, təhsil və mədəniyyətin inkişafına həsr etmiş professor Timuçin Əfəndiyev onlarla dəyərli tədqiqat əsərinin, dərsliyin, yüzlərlə məqalənin müəllifidir. O, respublikamızda və dünyanın əksər ölkələrində nüfuzlu elmi-nəzəri konfransların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti mövzusunda mühazirələr oxumuşdur. Təbii ki, onun bioqrafiyası da düşdüyü mühitlə istiqamətlənir. Professor Timuçin Əfəndiyev əsil-nəcabətli bir nəslin ocağında dünyaya gəlib, pərvəriş tapıb. Dünya şöhrətli Xalq yazıçımız İlyas Əfəndiyevin ailəsində dünyaya göz açmaq, böyümək Timuçin müəllimin özünün də etiraf etdiyi kimi onun bir şəxsiyyət, yaradıcı insan kimi formalaşmasında böyük rol oynayıb: “Mən həmişə yaradıcı mühitlə təmasda olmuşam, yaradıcı ab-hava ilə nəfəs almışam. Azərbaycanın ən görkəmli, tanınmış sənət xadimlərini – yazıçılarımızı, ədəbiyyatşünaslarımızı, teatr xadimlərimizi, müğənniləri, rəssamları evimizdə tez-tez görərdim. Onların maraqlı söhbətlərini indi də xatırlayıram və bu, mənim dünyagörüşümün formalaşmasına təsir göstərib. Bu, mənim həyatda nail olduğum itirilməz qazancımdır”.
1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirən Timuçin Əfəndiyev 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur. 1972-ci ildə “Hüseyn Cavidin yaradıcılığı” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülür. Elə həmin ildən də Timuçin Əfəndiyev Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində çalışmışdır. Sonralar “Romantik dramaturgiyada tarixilik və bədiilik” mövzusunda doktorluq dissertasiyası müdafiə edir, 1987-ci ildə isə professor elmi adına layiq görülür.
1977-ci ildən taleyini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bağlayan Timuçin Əfəndiyev baş müəllim, dosent, professor və dekan vəzifəsində çalışıb. 1987-ci ildə həmin universitetə rektor təyin edilir. Görkəmli alimin yüksək idarəçiliyi və elmi-təşkilati fəaliyyəti dövründə bu sənət ocağı böyük bir inkişaf yolu keçib. Rektor təyin olunduqdan sonra ciddi reformalar aparıb, əvvəllər 3 ixtsasda fəaliyyət göstərən 3-cü dərəcəli kiçik bir institut respublikada BDU-dan sonra ilk universitet statusu alan təhsil ocağına çevrilib. Onun təşəbbüsü sayəsində universitetdə az müddət ərzində 32 ixtisas açılıb.
Bu bir həqiqətdir ki, hər bir insanın xarakteri əslində onun əməllərində və əsərlərində öz əksini tapır. Ömrünün əlli ilini elmi-pedaqoji fəaliyyətə sərf etmiş professor çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun ədəbiyyata, teatr tənqidinə, dramaturgiyaya və mədəniyyətin konseptual problemlərinə həsr edilmiş elmi-nəzəri məqalələri yüksək peşəkarlıqla yazılıb.
***
Professor Timuçin Əfəndiyevin yaradıcılıq diapazonu genişdir. O təkcə ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi yox, həm də sənətşünas alim kimi də səmərəli fəaliyyət göstərir. Onun musiqi sənəti, xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri, rəssamlıq, kulturologiya sahəsindəki miqyaslı araşdırmaları da yetərincədir. O, Azərbaycan ədəbiyyatşünaslığı və sənətşünaslığında xüsusi yeri və çəkisi olan professional tədqiqatçıdır. Alimin müxtəlif illərdə çapdan çıxmış “Hüseyn Cavidin ideyalar aləmi” (1985), “Romantik dramaturgiyada tarixilik və bədiilik” (1999), “Azərbaycan dramaturgiyasında metodlar” (2002), “Azərbaycan mədəniyyəti və incəsənəti” (2003), “Azərbaycan teatr tarixi” (2009), “Mədəniyyətdə tarixilik və müasirlik” (2011), “Hüseyn Cavid: ideal həqiqət axtarışı” (2013), “İllərin izi ilə” (2015), “Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri” (2020) və s. əsərləri yüksək nəzəri səviyyəsi və elmi yeniliyi ilə seçilir.
Timuçin Əfəndiyevin “Azərbaycan dramaturgiyasında metodlar” fundamental tədqiqatında tarixilik və müasirlik, bədii zaman və romantik qəhrəman, mühit və şəxsiyyət kimi estetik problemlər H.Cavidin və C.Cabbarlının romantik dramlarının kontekstində təhlil edilir. “Azərbaycan dramaturgiyasında metodlar” dram tariximiz, XX əsrin birinci dönəminin ədəbi prosesi və bir bədii metod kimi romantizm haqqında yazılmış sanballı monoqrafik tədqiqat əsəridir. Alimin “Mədəniyyətdə tarixilik və müasirlik” monoqrafiyası Azərbaycan mədəniyyəti və incəsənəti tarixinə, nəzəri problemlərinə həsr edilmişdir. Professor mədəniyyət və incəsənət tarixinə ümummilli və ümummədəni konsepsiyadan yanaşmış, keçmiş zamanlardan tutmuş çağdaş dövrədək olan Azərbaycan mədəniyyətini mərhələlərlə əhatəli tədqiq etmişdir. Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin edən əsas məziyyətlərdən biri tarixi-müqayisəli təhlillər vasitəsilə Azərbaycan mədəniyyətinin bütün sahələrinin elmi-estetik özəlliklərinin ümumi mənzərəsini verməkdir.
Timuçin Əfəndiyevin “Azərbaycan mədəniyyəti və incəsənəti” monoqrafiyası teatr sənəti, musiqi sənəti, memarlıq, təsviri sənət, heykəltəraşlıq, kino sənəti, miniatür sənət sahələrinin tarixi və inkişaf mərhələlərini əks etdirən ensiklopedik səciyyəli fundamental bir kitabdır. Bu ensiklopedik monoqrafiyanın dəyərli cəhətlərindən biri də budur ki, əsərdə mədəniyyətimizin inkişaf mərhələlərinə tarixi-fəlsəfi nəzər salınır. Alimin “Hüseyn Cavidin ideyalar aləmi” kitabında Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur. Monoqrafiyada Cavid romantizminin ideya-bədii prinsipləri, bu dramaturgiyanın janr və üslub xüsusiyyətləri, Cavid dühasına xas olan fəlsəfi kamillik və poetiklik və s. əsas keyfiyyətlər əhatəli tədqiqat obyektinə çevrilmişdir. Mərhum tənqidçi Nadir Cabbarov bu tədqiqat əsərini “müasir cavidşünaslığın səviyyəli ədəbi faktı” kimi dəyərləndirərək yazmışdır: “Cavid dramaturgiyasının elmi şərhi kitabda, hər şeydən əvvəl, kontekstin genişliyi, sənətkarın mühiti, dünyagörüşü, intixab etdiyi bədii metod barədə fikir və mühakimələrin dolğunluğu və əhatəliliyi ilə, ən başlıcası, belə bir əhatəliliyin və dolğunluğun tədqiqatın əsas predmetini – Cavid pyeslərinin ideya-estetik təbiətini aşkarlamaqda mühüm amil kimi özünü doğrultması ilə nəzəri cəlb edir”.
İstedadlı ədəbiyyatşünas alimin “Romantik dramaturgiyada tarixilik və bədiilik” əsərində isə Azərbaycan ədəbiyyatının ədəbi-bədii cərəyanlarından olan romantizmin dramaturgiyadakı təzahür formaları tədqiq edilir. Əsərdə romantik dramaturgiya tarixilik və bədiilik problemi kontekstində aşkarlanır. Səciyyəvidir ki, müəllif monoqrafiyada mənzum romantik dramı ədəbiyyatın yeni janrı kimi səciyyələndirir, H.Cavidi isə bu janrın banisi hesab edir. Müəllif belə nəticəyə gəlir ki, romantik faciə üçün tarixilik və müasirliyin bədii dialektik vəhdəti başlıca şərtdir. Romantik sənətkar tarixi müasirliyin xidmətinə verdikdə, müasirliyi isə sabahın tarixi kimi yaratdıqda qüdrətlidir.
Professor Timuçin Əfəndiyevin bu yaxınlarda çapdan çıxmış “Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası (Bakı, “Azərnəşr”, 2020) dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizm probleminə həsr olunub. Araşdırılan mövzu ilə bilavasitə bağlı olaraq romantizm ədəbi cərəyanının bütün yönlərinə - romantizmin yaranması, formalaşması, dünya ədəbiyyatındakı yeri, ayrı-ayrı xalqlarda keçdiyi inkişaf yolu və problemləri, nəzəri məsələləri, estetik funksionallığı, Azərbaycan bədii düşüncəsindəki yeri və mövqeyi, fəlsəfi əsasları, milli romantizmdə türkçülük, islamçılıq, vətən, millət, hürriyyət və s. problemlərin təhlilinə və şərhinə xüsusi diqqət yetirilib. Müəllif uzun illər gərgin elmi axtarışlar nəticəsində hasilə gətirdiyi bu əsəri çağdaş dünya və milli-nəzəri fikir işığında, yeni mənbələr, təzə faktlar və zəngin qaynaqlar hesabına cilalamışdır. Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin edən əsas məziyyətlərdən biri müqayisəli təhlillər vasitəsilə romantizmin elmi özəlliklərinin ümumi mənzərəsini verməkdir. “Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri” monoqrafiyası uzun illərdən sonra problemə yeni baxış sərgiləyir, bir çox yanlışlıqlara təshihlər verir, dünya və Azərbaycan romantizmini bir yerdə nəzəri və praktik istiqamətləri ilə kompleks şəkildə izləyir. Bu cəhətdən monoqrafiyanı çağdaş ədəbiyyatşünaslığımızın uğurlarından biri hesab etmək olar.
Professor Timuçin Əfəndiyev yaradıcı fəaliyyəti dövründə hər zaman mətbuatla təmasda olmuş, qəzet və jurnallarla yaxından əməkdaşlıq etmiş, elmi-nəzəri və publisistik məqalələr yazaraq çap etdirmişdir. Yüksək elmi-nəzəri hazırlıq, dünya ədəbiyyatına və mədəniyyətinə dərindən bələdlik, analitik təhlil mədəniyyəti, intellektuallıq və təfəkkür orijinallığı professor Timuçin Əfəndiyevin təhlil üsulu üçün çox səciyyəvidir. Nəzəri ümumiləşdirmə aparma bacarığı bu məqalələrə xüsusi elmi siqlət verir. Onun bir sıra ictimai məzmunlu məqalələri əsl vətəndaşlıq amalı mövqeyindən yazılmış, dövlətçilik və azərbaycançılıq ideyalarının tərənnümünə həsr edilmişdir. Onun məqalələri içərisində səfər təəssüratları da xüsusi yer tutur. O, bir sıra xarici ölkələrdə, o cümlədən, Türkiyə, Sankt-Peterburq, Fransa, Amerika, London, Misir və s. ölkələrdə Azərbaycan ədəbiyyatını, mədəniyyət və incəsənətini ləyaqətlə təmsil etmişdir.
Professor Timuçin Əfəndiyevin müasir təhsilin problemlərinə həsr etdiyi məqalələri də aktuallığı, əhatəli təhlil və obyektiv müəllif mövqeyi ilə seçilir. Onun mədəniyyət təhsilində abituriyent seçimi qaydalarına, Bolonya təhsil sisteminin tətbiqi xüsusiyyətlərinə, bütövlükdə təhsil sahəsindəki inkişaf prosesinə aid irəli sürdüyü fikir və mülahizələri elmi-pedaqoji baxımdan diqqəti cəlb edir. Müəllifə görə, müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək biliyə və milli-mənəvi dəyərlərə yiyələnmiş gənc mütəxəssislərin hazırlanmasıdır.
***
Azərbaycanın görkəmli dövlət, ictimai, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçıları və tanınmış ziyalıları professor Timuçin Əfəndiyevə məqalələr həsr ediblər. Akademiklər Azad Mirzəcanzadə, Kamal Talıbzadə, Tofiq Köçərli, Fuad Qasımzadə, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Əhliman Əmiraslanov, Kamal Abdulla, xalq yazıçıları Anar, Hüseyn Abbaszadə, Xalq şairi Qabil, Xalq rəssamı Ömər Eldarovun və digər müəlliflərin Timuçin Əfəndiyev haqqındakı ürək sözlərində onun cəmiyyətimizin mənəvi həyatındakı xidmətləri, bütöv şəxsiyyəti, vətən sevgisi, alicənablığı, xeyirxahlığı, vətəndaş-alim və yüksək mədəniyyətli ziyalı rəhbər kimi ali keyfiyyətləri sərgilənir.
Bəzi fikirlərə diqqət yetirək:
Akademik Azad Mirzəcanzadə: “Timuçin İlyas oğlu Əfəndiyev haqqında bunu deyə bilərəm: o, elmimiz üçün çox iş görmüşdür, lakin bundan daha artığını edəcəkdir”.
Akademik Kamal Talıbzadə: “Timuçin Əfəndiyev qədirbilən adamdır. Bu xüsusiyyət ona atasından keçib. O təkcə atasının dostlarını yox, ümumən milli ziyalıları yüksək qiymətləndirən alim və təşkilatçıdır”.
Xalq yazıçısı Anar: “Timuçin Əfəndiyev mənə yaxın olan insanlardandır. Bu yaxınlıq müəyyən dərəcədə dörd nəsli ehtiva edən ailə ənənələrimizlə – hələ babalarımızın tanışlığından başlayan ənənə ilə bağlıdır”.
Xalq şairi Qabil: “Bu gün rəhmətlik İlyas müəllimin ruhu şaddır. Ona görə şaddır ki, soyadını daşıyan Elçin, Timuçin qanadlı oğlanları respublikamızda böyük hörmət və nüfuz sahibidirlər”.
Akademik Kamal Abdulla: “Mənim dostum Timuçin Əfəndiyevin Allahı qarşısında üzüağ, alnı açıqdır. Bunu hamı deyə bilər. Onun bir insan kimi gözəlliyi və özəlliyi həm də ondadır ki, yaxşı adamlar həmişə ona tərəf can atırlar. Onunla ünsiyyət, təmas səni bu zavallı və məşəqqətli dünyanın ağrı-acısını, azca da olsa, unutmağa sövq edir və sən sevinirsən ki, nə yaxşı Timuçin kimi müasirin var”.
Akademik Fuad Qasımzadə: “Timuçin Əfəndiyev sənətşünaslıq sahəsində ordu yaratmış mahir sərkərdələrdəndir”.
Akademik Vasim Məmmədəliyev: “Mədəniyyət və İncəsənət Universiteti kollektivinin, bu kollektivə çox gözəl rəhbərlik edən Timuçin müəllimin ciddi səyi nəticəsində vaxtilə doqquz ixtisas üzrə kadr buraxan bu ali məktəb indi otuzdan artıq ixtisas üzrə kadr hazırlayan, özünün müstəqil teatrı olan ali dərəcəli bir tədris müəssisəsi səviyyəsinə yüksəlmişdir. Bütün bunlar insanın ürəyini yüksək qürur hissi ilə doldurur”.
Xalq artisti Oqtay Mirqasım: “Timuçin Əfəndiyev qeydsiz-şərtsiz o adamlardandır ki, onlar əllərində nurlu çıraq tutmuşlar; bu nurlu çıraq milli və dünya mədəniyyətinə bilik, gözəllik və məhəbbət bəxş edir”.
***
Bakı Xoreoqrafiya Akademiyasına rektor təyin edilən professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə bu təhsil müəssisəsinin maddi-texniki bazası genişlənmiş, istedadlı mütəxəssislər, peşəkar professor-müəllim heyəti tədris müəssisəsinə cəlb edilmişdir. Respublikada ilk dəfə olaraq Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsinin təşkil olunması və müsabiqədə 2016, 2018-ci illərdə dünyanın 12 ölkəsindən 324 nümayəndənin iştirakı təkcə təhsil ocağının deyil, həm də ölkəmizin mədəniyyət tarixində mühüm hadisələrdən biri oldu. Bu illərdə akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilib. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Y.Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Pekin Rəqs Akademiyası və s. təhsil müəssisələri ilə əməkdaşlığa dair sazişlər imzalayıb. Təhsil müəssisəsində dünyanın məşhur balet ustası və xoreoqraflarının ustad dərsləri təşkil olunub. Bakı Xoreoqrafiya Akademiyasında yaradılmış demokratik mühit barədə həm pedaqoji kollektiv, həm də tələbələr səmimi, xoş sözlər deyirlər. Akademiyanın məzunları respublika və beynəlxalq forumlarda, festival və müsabiqələrdə tez-tez mükafatlara layiq görülürlər. Tələbələrin sorağı dünyanın müxtəlif şəhərlərində keçirilən festivallardan gəlir. Yüksək rəhbərlik səriştəsi, təşkilatçılıq bacarığı hesabına yaratdığı möhkəm nizam-intizam, böyük nüfuzu sayəsində yaratdığı şərait akademiyanı təhsil almaq üçün xarici ölkə vətəndaşlarının da həvəs göstərdiyi bir unikal təhsil məbədinə çevirib. Neçə-neçə istedadlı gəncin üzə çıxmasında, səhnə sənətinə gəlməsində və uğur qazanmalarının kökündə professor Timuçin Əfəndiyevin təəssübkeşliyi və qayğıkeşliyi durur. Timuçin müəllimin bədii təmayüllü ali məktəblərə rəhbərlik etdiyi dövrdə yüzlərlə xalq artisti, xalq rəssamı və əməkdar artistlər yetişmişdir. Onun elmi rəhbərliyi sayəsində onlarla gənc sənətşünaslıq üzrə fəlsəfə və elmlər doktoru alimlik dərəcəsi almaq üçün uğurla dissertasiya müdafiə etmişlər.
***
Professor Timuçin Əfəndiyevin adı təkcə Respublikamızda deyil, onun hüdudlarından kənarda da elm adamlarına və oxuculara yaxşı tanışdır. O bir ziyalı olaraq daşıdığı alim adını daim yüksək tutan, tutduğu vəzifələrin öhdəsindən layiqincə gələn, işlədiyi kollektivdə və ictimaiyyətdə böyük hörmət qazanan şəxsiyyətdir. Bir şəxsiyyət kimi Timuçin müəllimi səciyyələndirən əsas cəhətlərdən biri insanlara təmənnasız xidməti, xeyirxahlığı, prinsipiallığı, obyektivliyi və sözü üzə deməsidir. Kimliyindən asılı olmayaraq, hər bir işçiyə öz əməli fəaliyyətinə və işgüzarlığına görə qiymət verməsidir. Kadr seçimində də həmin işçinin işgüzarlığını, bilik və bacarığını, kollektivlə rəftarını və insanlar arasında olan hörmət və nüfuzunu əsas götürməsidir. Bunun nəticəsidir ki, onun rəhbərlik etdiyi təhsil müəssisələrində həmişə sağlam mühit, mehriban və səmimi münasibət formalaşıb. İllərdir ki, professor Timuçin Əfəndiyevlə çiyin-çiyinə çalışdığımdan onun necə obyektiv və tələbkar rəhbər olduğuna yaxşı bələdəm. O, qürurlu şəxsiyyət, vətənkeş, millət və dövlət təəssübkeşidir, xalqını sevən vətəndaş ziyalıdır.
Xalq yazıçısı, kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Timuçin Əfəndiyevə həsr etdiyi “Ocaq istisi... sönməz məşəl” məqaləsində yazır: “İnsan dünyaya göz açdığı gündən onun ömür kitabı da yaranır. Hər kəsin gördüyü iş, acılı-şirinli həyat yolu bu kitabın səhifələrini yaradır. Bu ömür kitabından gözdən-könüldən uzaq düşüb məhv olanları, yaddaşlarda özünə yer tapmayanları da olur, ürəklərdə əbədi yuva salıb, sətir-sətir oxunanları da... Timuçin Əfəndiyevin ömür kitabı da müasir və gələcək nəsillərə də örnək ola biləcək bir kitabdır. Onun ömür kitabını “vərəqləyəndə” həmişə xəyallarım keçmişin – heç vaxt sönməyəcək sənət məşəlinin işığına qərq olmuş qaranlıqları gəzir. Bu qaranlıqlarda keçmişdən bu günə doğru gələn yollara nur saçmış bir məşəl də alovlanır. Bu, İlyas Əfəndiyevin yandırdığı məşəldir ki, onun işığından çoxları pay götürüb. Amma Timuçin müəllimin ziyalandığı bu məşəl, qızındığı bu ocaq sadəcə pay deyil, həm də atanın övladına yadigar qoyduğu, etibar etdiyi əmanətdir”.
***
Böyük yunan mütəfəkkiri Ezop yazırdı ki, insanlar üçün ən qiymətli xəzinə işləmək bacarığıdır. Bu gün Azərbaycan mədəniyyəti və incəsənətinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, yeni incəsənət növlərinin gənc nəslə öyrədilməsində görkəmli alim Timuçin Əfəndiyevin böyük xidmətləri var. Böyük hörmət, yüksək əqidə və mənəviyyat sahibi, professor Timuçin Əfəndiyev Azərbaycanın bütün bölgələrində və xaricdə yaşayan dostlarının dərin məhəbbətini və rəğbətini qazanıb. Elm və təhsil fədaisi gördüyü faydalı işlərinə, elmi-pedaqoji fəaliyyətinə görə bir çox fəxri adlara və nüfuzlu mükafatlara layiq görülüb. Professor Timuçin Əfəndiyev mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, elm sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib. 2015-ci ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə o, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olunub. Timuçin Əfəndiyev 2004-cü ildə “Humay” və Akademik Yusuf Məmmədəliyev adına mükafatlara, 2005-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülüb. 2013-cü ildə isə Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü seçilib.
50 ildən artıqdır ki, bu görkəmli alim bir ədəbiyyatşünas, sənətşünas, təşkilatçı rəhbər və mədəniyyət xadimi kimi xalqına xidmət etməkdədir. Elmimizin, mədəniyyətimizin inkişafında yorulmadan fəaliyyət göstərən görkəmli alim, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin bu gün doğum günüdür. Elmi fəaliyyətə və təhsilə həsr olunub bu ömrün 50 ili. O, həmişə olduğu kimi bu gün də əzmlə çalışır. Gənc nəslin maariflənməsi, elmin tərəqqisi, təhsilin və mədəniyyətin inkişafına yorulmadan xidmət edir. Bu gün professor Timuçin Əfəndiyev elmimizdə, təhsilimizdə və mədəniyyətimizdə öz yeri olan, seçilən, sayılan, yüksək hörməti və nüfuzu olan bir ziyalıdır. Hesab edirəm ki, onun ən yüksək, ən ali mükafatı ictimaiyyətdə və istedadlı gənc nəsillərə dayaq olub yetişdirdiyinə görə hər yerdə adının hörmətlə çəkilməsidir. Hörmətli Timuçin müəllimi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Vəfa XANOĞLAN
sənətşünaslıq üzrə elmlər doktoru, professor