Latviyalı xanım Datse Ştrausanın "Canlı irs" adlı rəngkarlıq sərgisinin
əsas qəhrəmanları Qarabağ atlarıdır
Mayın 30-da Muzey Mərkəzində latviyalı rəssam, xanım Datse Ştrausanın "Canlı irs" adlı rəngkarlıq sərgisinin açılışı keçirildi. Sərginin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi, "AGA Group"dur.
Açılışda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və sənətsevərlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs açaraq sərginin Latviya və Azərbaycanın həyatında çox vacib hadisələrlə üst-üstə düşdüyünü bildirdi. O, vurğuladı ki, bu il hər iki ölkə öz müstəqilliyinin 100 illiyini qeyd edir: "Mən çox şadam ki, bu hadisə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün keçirilən mərasimlərin bir hissəsidir. Bu sərgi Qarabağ atlarına həsr olunub. Mən xanım Datse Ştrausaya bu qeyri-adi atların təsviri olan sərgisi üçün minnətdaram".
Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə tədbirin əhəmiyyətindən bəhs etdi, sərginin hər iki ölkə arasında mədəni münasibətlərin inkişafına bir töhfə olduğunu bildirdi.
Xanım Datse Ştrausa da çıxış edərək fikirlərini bölüşdü. O, iki ildir Azərbaycanda yaşadığını və Qarabağ atlarına heyran olduğunu bildirdi. Onun sözlərinə görə, bu sərgi də atlara olan sevgidən yaranıb. Rəssam Qarabağ atlarına həsr etdiyi sərgisində 29 əsərini tamaşaçılara təqdim edir. Sənətkar sərginin təşkilində zəhmət çəkən hər kəsə sayğısını dilə gətirdi.
Sonra mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın iştirakı ilə sərginin açılışını bildirən rəmzi lent kəsildi və iştirakçılar sərgi ilə tanış oldular.
Rəssam öz əsərlərində müxtəlif rənglərdə olan Qarabağ atlarının təsvirini dəqiqliklə verib. D.Ştrausanın təqdim etdiyi obrazlar ürəyin səsi, qəlbin çağırışı ilə yaradılıb. Onun heyvanlara olan sevgisi hər bir əsərində aydınca görünür. "Qarabağ əfsanələri", "Günəşin toxunuşu", "Küləklər vadisi", "Bu və o məqam", "Gümüşü işığın parıltısı", "Gələcəyə ümidlər ilə", "Sehrə inam", "Gələcək nəslə hekayət", "Təbiət kimyagərliyi", "Kənarda", "Vacib nəsə deyiləsi var", "Külək ilə yarış", "Toxuna biləcək alov" əsərləri Qarabağ atlarının müxtəlif məqamlarını əks etdirir.
Qeyd edək ki, D.Ştrausa 1981-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirərək zootexnik ixtisasına yiyələnib. 1988-1991-ci illərdə Latviya Rəssamlıq Akademiyasının hazırlıq şöbəsində oxuyaraq sənət təhsili alıb. İndiyə kimi 18 sərgidə iştirak edib.
Sərgi iyunun 4-dək davam edəcək.
S.Qaliboğlu