Son illərdə ölkəmizdə yaradıcı ixtisaslara maraq göstərən gənclərin sayı artmadadır. Vokal, instrumental ifaçılıq, rəssamlıq və digər sahələrdə qazanılan  nailiyyətlər gənc nəsli bu istiqamətə yönəldir, yeni axtarışlara, bu sahəyə yeni nəfəsin gəlməsinə şərait yaradır.

Dövlət tərəfindən gənc istedadlara göstərilən diqqət və qayğı, onlara Prezident təqaüdlərinin verilməsi, Heydər Əliyev Fondunun gənclərə bütün istiqamətlərdə dəstəyi nəticəsində Azərbaycan gəncliyi böyük uğurlara imza atır. Gənclərin cəmiyyətdə rolunu artırmaq, onların bilik və bacarıqlarının üzə çıxarılması bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bütün sadaladıqlarımız, təbii ki, gənclərin ixtisas seçiminə təsirsiz ötüşmür.

Bu il ali və orta ixtisas məktəblərinə qəbul zamanı yaradıcı təhsil müəssisələrinin plan yerləri, demək olar ki, dolub. Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksindən verilən məlumata görə, bu sahə üçün ölkəmizdə mütəxəssis hazırlığı səviyyəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əvvəlki tədris illəri ilə müqayisədə akademiyaya qəbul olunan tələbə sayı əhəmiyyətli dərəcədə artıb. 2018/2019-cu tədris ili üçün Dövlət İmtahan Mərkəzinin xətti ilə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında BXA-nın orta ixtisas (kollec), bakalavriatura və magistratura səviyyəsinə qəbul olunanların ümumi sayı 252 nəfər təşkil edib. Göstərilən nəticə BXA-da tələbələr üçün nəzərdə tutulmuş bütün plan yerləri üzrə 85 faiz deməkdir.

Bu gün Azərbaycanda xarici ölkələrdən gəlmiş tələbələrin təhsil alması beynəlxalq əlaqələrin inkişafında mühüm amilə çevrilib. Ona görə də hər bir ali təhsil müəssisəsi daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdır. Bu rəqabətli prosesdə fəal iştirak edən Xoreoqrafiya Akademiyası 4 illik fəaliyyəti ərzində xeyli sayda xarici tələbəni cəlb etməyə nail olub.

Onu da bildirək ki, bu il BXA-nın bakalavr pilləsinə sənəd verənlər akademiyada yeni fəaliyyətə başlayan xoreoqrafiya sənəti üzrə klassik rəqslər, balet rejissoru və dizayn ixtisasları üzrə də seçim ediblər.

Azərbaycan Milli Konservatoriyasının elmi katibi Səbuhi Quliyev bildirir ki, hər il olduğu kimi, bu il də abituriyentlər mərkəzləşmiş qaydada seçmə turdan keçərək qəbul imtahanlarına buraxılıblar. Konservatoriyanın ifaçılıq və musiqi tarixi və nəzəriyyəsi fakültələrinə tələbə qəbulu tam olaraq yerinə yetirilib.

Asəf Zeynallı adına Musiqi Kollecinin direktor müavini Gülzar Həsənzadə qeyd edir ki, bu il təhsil ocağına instrumental ifaçılıq, xanəndə, vokal, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xalq çalğı alətləri ixtisasları üzrə 234 nəfər Azərbaycan, 12 nəfər isə rus bölməsinə qəbul edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul səviyyəsi də ürəkaçandır. Təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Qaralova universitetə cari ildə müxtəlif ixtisaslar üzrə 700-ə yaxın tələbənin qəbul olunduğunu bildirdi.

Qeyd edək ki, paytaxtın bədii təhsil ocaqlarını ötən tədris ilində bitirən 150-dən çox şagird tələbə adını qazanıb. Onlardan 22-si Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, beşi Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirirlər.

Lalə AZƏRİ