Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə pedaqoq, hərbçi, dramaturq görkəmli ictimai və siyasi xadim Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadənin anadan olmasının 148 illiyi münasibətilə tədbir keçirilib.

Muzeydən bildirilib ki, “Yusif Ziya Talıbzadə – 148, türkçülüyün unudulmayan şəxsiyyəti” adlı tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək dramaturqun yaradıcılığından söhbət açıb. “Yusif Ziyanın adı o dövrdə qadağan olunmuş adlar siyahısında idi. Kamal Talıbzadə Ulu Öndər Heydər Əliyevdən Yusif Ziyanın adının ictimaiyyətə tanıdılmasına köməklik göstərilməsini xahiş etmişdi. Məhz Ulu Öndərin köməkliyindən sonra Kamal Talıbzadənin səyləri ilə Yusif Ziyanın adı bərpa olundu və tanıdıldı”,- deyə o əlavə edib.

Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Türk Ocaqlarının fəaliyyəti barədə danışıb. O bildirib ki, Yusif Ziya Talıbzadə bu ocaqların əsas qurucularından biri olub. Onun avtobioqrafik dram əsərində türkçülük və birlik ideyalarına həsr etdiyi fəaliyyəti əks olunub.

Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda məruzə ilə çıxış edərək, professor Zeki Vəlidi Toğanın xatirələrində Yusif Ziyanın geniş təsvirinə yer verildiyini bildirib. O, Yusif Ziyanın Ənvər Paşanın tapşırıqlarını həyata keçirən fövqəladə komissar kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Tədbirdə professorlar Minaxanım Əsədova, Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Yusif Ziyanın çoxşaxəli ictimai və siyasi fəaliyyətinin təbliği, zəngin irsinin xalqımıza tanıdılması, qorunması kimi mühüm məsələlər ətrafında fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində muzeyin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin türk ordusunun Azərbaycana gəlişinə həsr etdiyi “Neçin böylə gecikdin” adlı şeirini səsləndirib.

Sonda Yusif Ziyanın 2027-ci ildə keçiriləcək 150 illiyinə hazırlıq məqsədilə onun elmi-publisistik və ədəbi irsinin nəşri və şəxsiyyətinin təbliği məqsədilə konfrans, simpozium və digər tədbirlərin keçirilməsi müzakirə olunub.