Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində məşhur tatar bəstəkarı Saleh Saydaşova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. “Rossotrudniçestvo” nümyəndəliyinin təşkilati-informasiya dəstəyi ilə “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə həmvətənlər və gənclər təşkilatlarının, yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.
   Tatar professional musiqisinin banisi S.Saydaşov öz yaradıcılığında ilk xalq bəstəkarlarının təcrübəsini ümumiləşdirmiş, çoxəsrlik xalq ənənələrini Avropa musiqi təcrübəsi, habelə folklorla üzvi surətdə birləşdirərək əsl milli və professional musiqi əsərləri yarada bilib. Gecədə “Tuqan tel” cəmiyyətinin bədii özfəaliyyət kollektivinin ifasında S.Saydaşovun mahnıları səslənib, gənc ifaçılar rəqs nömrələri təqdim ediblər.
   Bəstəkarın həyat və yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən sənədli kadrlar nümayiş etdirilib.