və onun bir karvansaralıq növbəti sarbanı...
   
   O əbədi karvan cahana, bu növbəti sabiq sarban isə Azərbaycana məxsus: Mikayıl Hüseyn oğlu Abdullayev.
   O karvan forma və məzmunca sabit, say və payca mütəhərrik - artıb-azalan. Sarbanlar isə sürət və vüsətcə, din və milliyyətcə, istedad, qabiliyyət, janr, məhsuldarlıq və saircə fərqli, rəngarəng.
   Onun və bunların - karvan və sarbanların özəllik-gözəllikləri barədə nə qədər desən, demək olar. Amma deyəsən, dedikcə rənglər kontrastlaşır, aralarındakı xüsusi durğulu vergüllər, məxsusi vurğulu “və”lər obyekt və subyektləri tərəfləşdirir...
   
   Yox, burada söhbət “tərəf”-tərəfkeşlikdən deyil, böyük, dünyəvi mədəniyyəti hədəfləyən, bütün “çəkic”-fırçaları eyni sənət-“zindan”a vurmuş sələflər cəmindən və indilikdə - onların xələfi olan bir fərddən gedir.
   Belə ki, sözügedən “tərəflər”in hər ikisi - dünyanın rənglər karvanı da, onun bir karvansaralıq növbəti sabiq sarbanı kimi təqdim etdiyim həmişəyaşar üzvü də nəhayətsiz, quldur-saldırısız, “son mənzil”siz sənət səfərini dayanmadan davamda. Hər ikisi, dil vərdişlərimizdən olan “dünya durduqca” yox, dünya vardıqca yaşayı, gözlər baxdıqca, duyğular duyduqca qalı. Müxtəlif qitəli, çeşid-çeşni stilli o rəngarəng rənglər içərisində bizim elli, bizim stilli bir rəng, anadilli bir yaxı. Bütün bəşəriyyətə məxsus o karvan bizə bir köynək daha yaxın bu sarban sayəsində ötən yüzillik məhz Azərbaycan kültürsarayında xıxı. Bu aciz qələmin də o möcüz fırçaya adekvatlaşdıra bilmədiyi qiymət, öyüm. Və bu bayatıvari ibarələrin cəzbi-cezbinə gələn “avanqard” bir deyim:
   
   Mikayılın rəngləri...
   
   Haqqında oxuyub-öyrəndiklərimə, eşidib-bildiklərimə görə, Mikayıl Abdullayev - layiqi öygü-tərifləmə, qədərincə sevgi-sayğılama, dəyərincə təltif-qayğılama sarıdan dilimizin aciz, xalqımızın borclu, sovet hökuməti”miz”in xəcil qaldığı sənətkarlardandır.
   O özü isə insana, cəmiyyətə, bəşəriyyətə əsl dost, doğma oğul, sadiq vətəndaş, altruist sənətdaş ömrü, yaradıcı imici, korifey kredosu yaşadı. Onun təvazökarlığında plakatçılıqdan - cüzi də olsun - əsər-əlamət yox idi. O, başdan-başa natural-“dokumental” portret, canlı əsər təsiri bağışlayırdı. Bu an “layihə-ssenari” baxımından yazıda axıra saxlamağı qərarlaşdırdığım bir xatirə-haşiyəyə çıxmaqdan özümü saxlaya bilmirəm.
   ...1970-ci illərin ortaları. “Ədəbiyyat və incəsənət” qəzetindəki bir yumoristik yazımın və “Ulduz” jurnalında getmiş bir hekayəmin qonorarını almaq üçün Yazıçılar İttifaqının (AYB-nin) kassasına yaxınlaşıram. Dünyanın “düz”, ədəbi mühitin saz, tələbəliyin “vız” vaxtı ola, sən də başını başlara qoşub, bu boyda məşhur təşkilatın “xəzinədar”lığından para almağa gələsən və forslanmayasan?! Mən isə hətta bir az da zilə çıxıb, növbədəkilərdən “bağışlayın, o “Tənqid və bülbüloqrafiya” yazısının, “Təzə evlərdən reportaj” hekayəsinin müəllifi Sizsiniz?” kimi “heyrət, ey büt!” sualları gözləyirdim. Lakin hərəni öz qayğı və qaş-qabağında görüb, özüm sual verməli oldum: “Axırıncı kimdi?” Buradakıların hamısından ucaboy və hər kəsdən gülərüz, diqqətcil bir kişi: “Axırda mənəm, oğul” - dedi. Bununla təkcə cavab yox, həm də, sadəcə “mənəm”, “axırıncı mənəm” deyil, bu növbənöv növbələrli şəhərdə minbir xırdavat etiketlərindən birinə “axırda mənəm” kompozisiyası ilə ətrafına dərs də verən bu kişi Mikayıl Abdullayev imiş. Bunu məndən sonra gəlib, mənə və sonrakılara “axırıncı kimdir?” deyənlərin onu mehribanlıqla salamlayıb, hal-əhval söhbətlərindən bildim. İmzasını sərgilərdəki təkrarsız rəsmlərdə gördüyüm, adını radiodan (yataqxanamızda televizor yox idi), dillərdən eşitdiyim bu sənət igidinin üzünü məhz o gün gördüm. Və həmin gün Mikayıl Abdullayevin öz rənglərini - Tanrının xoş vaxtında yaratdığı xoşbəxt surət cizgilərini, vaxt-bivaxt ətrafına ovqat saçan təbəssüm “quaş”larını, baxış-duruşundakı təlqin “eskiz”lərini də gördüm.
   Və o anlar öz-özümə fikirləşdim ki, özü bu görkə, fiziki əlvanlıqlara malik olan bir adam niyə də o görkəmdə heyrani sənət səltənəti yaratmasın? Bu bioloji-psixoloji rənglər nədən ümumsosioloji zövq rənglərinə çevrilməsin?
   Sonralar onu iş otağında, sərgi salonlarında, rəsmi törənlərdə, xəlqi məclis-mərəkələrdə də gördüm. İş otağında, emalatxanasında səni elə qarşılayar, sənə elə diqqət, gen-bol vaxt ayırardı ki, deyərdin bəs, bu boyda sənətkarın işi-peşəsi elə buymuş. Sərgi salonlarında öz “ranqa”sı ilə söhbət-məşvərətlərdə ikən, kənarda “boynunu büküb”, qələm-mikrofon çəkib, onlardan birinin diqqətini cəlb etmək istəyən müxbirlərə elə bir munis üz göstərərdi ki, mövzunun batinindən bixəbər üzdülər, müsahibə zamanı, ondan buradakı rəsmlərin “tarix-nadir” elementlərilə bağlı müfəssəllik “astarı” da istəyirdilər. Bu professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq mükafat laureatı rəsmi yığıncaqlarda - adları “Biləcəridən bir az o yana” çıxmışlardan arxada dayanardı. Camaat arasında bir-iki ara sözlərilə kifayətlənər, bərə güdən söz-söhbətlərdən yüz ov mənzili uzaq durardı.
   “Mikayılın rəngləri” deyibən konkretləşdirməyi bacarmadığım “portret” bu. Qaldı bu böyük şəxsiyyətin sənət portretləri, tabloları, peyzajları ki, bunun yarımbaşlığı da elə həminkinin davamı -
   
   Rənglərin Mikayılı
   
   Yazımın əvvəlində vurğuladığım “hökumətin xəcil qalması” məsələsi tək elə ona verilib-verilməyən adlarla, təltiflərlə bağlı deyil və əslində, bu sarıdan ciddi irad bildirmək də doğru çıxmaz. Məsələnin məğzi Mikayıl Abdullayev obrazlığında, universallığında, fantaziyalılığında, virtuallığında olan bir sənətkara yalnız “aktual” mövzular diktələnilməsində idi. O direktiv diktələr bu ipək qəlb sahibinin, qadir fırça ustadının könül pıçıltılarını eşidilməz, istedad sifarişlərini yerinəyetirilməz edirdi. Həşəmətli sovet tənqid-təbliğ ruporu onun “Çəltikçi qızlar” lövhəsini əzəmətli, iyirminci əsr qadınının zəngin (!) mənəvi (?!) cizgilərini əks etdirən monumental tablo kimi dəyərləndirirdi. Deyim ki, bu əsər çox maraqlı, orijinal bir işdir. Lakin fitri bir istedad sahibini axı nə qədər bu “istehsal-monumental” sahədə işlətmək, bu sırf rəiyyət mövzularına dəxli olmayan “bəy tərifi” vermək olardı? Mikayıl Abdullayev də daxil, yetkin sənətkarlara yetmiş il boyunca, bax bu an sirli-sehrli təbəssümünə ehtiyac duyulan “Cakonda” kimi xanımlıqlara əl atmağa dilsiz yasaqlar, elansız qadağalar qoymaq olardı?!
   Amma bütün bunlara baxmayaraq, əlahəzrət istedad, dilsiz-ağızsız rənglər öz ayrıca Mikayılını da yaratmaqda idi. “Mingəçevir işıqları” - içlərində mənəvi ziyaları, psixoz-psixolojilərində azadlıq nurları söndürülmüş insanların, heç olmasa, gözlərinə, zövqlərinə işıq saçırdı. “Xaçmaz qızları”ndakı gözəllərdən bir-ikisinin baxışları “xarüqələr”dən xəbər verirdisə, biri də qonşu Qubadakı quyularda “xəbərsiz” uyuyan sür-sümüklərə ehmalca eyham edirdi. Dünənki Xankəndinə “Stepanakert” deyən, sabahkı Xocalıda oğul-uşağının qanlı köynəyini ağlayası “Qarabağlı qızlar” internasional, “”Lənkəranlı kolxozçu qadın”lar qəhrəmani-sosial motivli marşlar təsiri ilə bahəm, gizli bir şərqi, təsnif, muğam zümzüməsi də duyururdular.
   Bu kimi deqradasion inteqrasiyalara məruz qalmış sənətkar böyük zamanlara, əbədiqalımlara işləməyə də vaxt və fürsət tapırdı. “Azərbaycan çöllərində” bu heyrətamiz rəngkarın sənətkarlıq bacarığını büsbütün əks etdirən bir əsərdir. Bu rəsm tamaşaçıya Mirzə Cəlilin bədii təhkiyə və dili qədər sadə, zəngin, Qara Qarayevin “İldırımlı yollar”ı kimi dinamik, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” halətində çılğın-dolğun təsir-təlqinlər edir. “Abşeronlu qadın”ın formasında dünyanın bütün ucqarlılarına məxsus həya, məzmununda bütün sivilizasiya mərkəzlilərinə şamil ziya vardır. “Ananın gəncliyi” və başqa əsərləri də öz müşahidə dövrlərindən gələcək zamanlara faktik informasiya, sentimental-mental harmoniya, milli-mənəvi emosiya daşıyası tablolar, portretlər, peyzajlardır.
   Sənətkarların təqdimatı adətən, “həyat və yaradıcılığı” formulunda olur. Bu dəfəki ardıcıllıqda isə yaradıcılıq önə, həyat sona keçdi.
   Deməyək “daha keçdi, artıq gecdi”. Dünya çaplı fırçasıyla bəşər zövqlü əsərlər də yaratmış, London, Moskva, Dehli, Monreal kimi böyük sənət mərkəzlərində fərdi sərgiləri keçirilmiş, bir çox nümunələri ən nümunəvi muzeylərin əbədi saxlancına çevrilmiş bir rəssamın olum-ölüm arası bəzi nüanslarını, yaşantılarını da yad etmək vacibdir ki, bunun da ən qısa yazı rəsmi belədir:
   
   Həyatı
   
   Amma ömürcə uzun olsa da, səs-küy, təm-təraqca o qədər də zəngin deyil - bu olum-ölüm bölümü. Bir də ona görə ki, bu həyat sahibinin yaradıcılıqdan başqa heç nə ilə işi olmayıb. Amma onun sakitliyi, sükutu çox qara-qışqırıqçıların qalmaqallarından daha maraqlı, daha sədalı olub. Bu barədə “quru” faktlar da çox şey deyir.
   1921-ci ildə doğulub, 1939-da - 18 yaşında Əzim Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini bitirib. İyirmi səkkiz yaşında isə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbinin ən istedadlı, ən perspektivli məzunu kimi işə başlayıb, ətrafında “Mikayıl qəlbində Sergey Gerasimovun dünyəvi fantaziyasını, əlində Bəhruz Kəngərlinin milli fırçasını gəzdirir” kimi deyimlər formalaşdırıb.
   Gəncliyinin “oğlan çağları” müharibə illərinə təsadüf edən Mikayıl həmin vaxtlar öz fırçasıyla gah şəhər, gah kənd zəhmətkeşlərini foto, kino kamera kimi izləyib, onların qollarına qüvvət, qəlblərinə təsəlli verməyə çalışıb.
   Və bu da 2002-ci ilin qızmar avqust günlərindən biri. Səksən birini yenicə haxlamış sənətkarın alovlu qəlbi əbədi susub, onu əbədiyyətə qovuşdurur...
   
   Tahir Abbaslı