Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin nəzdində təşkil olunan “Türk Dünyası Folklor Mərkəzi” bir neçə ildir ki, maraqlı layihələri ilə diqqəti çəkir. 2008-ci ildə yaradılan Mərkəzin «Plov festivalı», «Xınayaxdı» kimi tədbirləri ictimai maraq doğurub.
   
   Mərkəzin direktoru Rəna Salehovadan indiyədək görülən işlərlə yanaşı, gələcək layihələr barədə də məlumat aldıq. Müsahibimiz bildirdi ki, mərkəz Azərbaycan milli-mədəni irsini, folklorunu təbliğ etmək və dünyaya tanıtmaq məqsədilə yaradılıb. Mərkəzə daxil olanları maraqlı kitabxana və bir-birindən gözəl əl işləri qarşılayır. Bu əl işləri tikiş təhsili olmayan müxtəlif sahənin xanımları və fiziki qüsurlu insanlar tərəfindən hazırlanıb. Kitabxanada isə Azərbaycan folkloruna aid nəşrlər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzə hədiyyə etdiyi antologiya, külliyyatlar, habelə müxtəlif jurnallar, özbək, qazax, türkmən və digər türkdilli xalqların folkloruna aid kitablar yer alıb.
   R.Salehova bildirdi ki, türkdilli ölkələrin folkloruna aid keçirilən bütün seminarlarda iştirak etməyə çalışır: «Ötən il Türkiyənin Bolu şəhərində türkoloqların seminarında iştirak etdik. Səfər zamanı Türkiyənin digər şəhərlərinin tarixi yerlərində olub, mədəniyyəti və folkloru ilə tanış olduq. Bu mədəniyyətlərin mübadiləsi, tanıdılması məqsədilə təşkil olunmuş tədbir idi. Seminarda türkdilli ölkələrdən 80-dən artıq nümayəndə iştirak edirdi və onların bir çoxu ilə əlaqələr qurduq. Bu əlaqələr davam edir. Türkdilli ölkələrə Azərbaycan folkloruna aid vəsaitlər göndəririk, onlar da öz nəşrlərini bizə göndərirlər. Həmçinin informasiya mübadiləsi aparırıq. Onu da deyim ki, türkdilli ölkələrin əksəriyyətində bizim kəlayağı haqqında məlumat yoxdur. Bu haqda həmkarlarımıza lazımi bilgiləri verdik. Xarici ölkələrdə keçirilən sərgilərə öz eksponatlarımızı göndəririk. Həmçinin də türk dövlətlərində keçirilən sərgilərdə öz vəsaitlərimizlə çıxış edirik. Türkiyə, Gürcüstan, Norveç, Moskvada dəfələrlə eksponatlarımızı, milli geyimlərimizi təqdim etmişik».
   Ötən ilin dekabrında keçirilən “Plov festivalı” mərkəzin ən uğurlu layihələrindən biridir. Həmin festival iştirakçılarına Azərbaycanda plovun 160-dan çox növünün olması, həmçinin dünyada düyünün yayılması və s. barədə maraqlı məlumatlar verilmişdi. Qonaqlara təqdim olunan 66 növ Azərbaycan plovu isə xüsusi maraqla qarşılanmışdı. Milli rəqslərimizin nümayişi isə tədbirə rəng qatmışdı. Təsadüfi deyil ki, Azərbaycan Kulinariya Assosiasiyası tədbirin reallaşdırılmasına görə, mərkəzi diplomla təltif etmişdi.
   Mərkəzdə ənənəvi olaraq təşkil olunan əl işləri sərgisi də geniş maraq doğurur.
   R.Salehovanun sözlərinə görə, bu, milli irsin qorunması və təbliğinə bir töhfədir: «Unudulmaqda olan ənənələrin, xalq sənətkarlığının təbliğində belə layihələrin mühüm rolu var. İstedadlı xanımları bu layihəyə dəvət etdik. Layihəyə qatılanlar arasında müxtəlif peşə sahibləri, o cümlədən həkim, müəllim var idi. Əl işləri sərgisində balaca istedadlardan 90 yaşlı nənələrədək qız və xanımlarımız iştirak etdi”.
   Direktorun sözlərinə görə, sərginin mahiyyəti təkcə əl işlərini nümayiş etdirməkdən ibarət deyil: “Novruz bayramı ərəfəsində keçirdiyimiz sərgidə iştirakçılara milli bayramımız, ilaxır çərşənbələr haqqında məlumatlar veririk. Sonuncu dəfə keçirdiyimiz sərgidə hətta xanımlar Azərbaycan milli geyimlərini təqdim etdilər. Həmçinin tədbir çərçivəsində “Xınayaxdı” mərasimini nümayiş etdirdik. Bu sərgi ildən-ilə genişlənir. 2009-cu ildə keçirdiyimiz ilk sərgidə cəmi 20 nəfər 77 əl işi ilə qatılmışdı. İkinci sərgiyə isə 77 nəfərin 770 əl işi təqdim olunmuşdu. İştirakçılar arasında Suğra Bağırzadə kimi professionallar da var idi».
   Direktor deyir ki, bu sərgilərin əsas məqsədlərindən biri də xeyriyyəçilikdir. Qüsurlu insanları birləşdirən cəmiyyətlər - «Müstəqil həyat», Daun sindromlu uşaq və böyüklər üçün cəmiyyət, eşitmə və danışma qabiliyyəti olmayan, kimsəsiz uşaqlarla bağlı digər təşkilatlar da əl işləri sərgisində iştirak edərək, onlar üçün ayrılmış xüsusi stendlərdə əl işlərini sərgiləyirlər. Sərginin belə iştirakçıları üçün mərkəzdə kurslar da təşkil olunub. Burada kompyuter kursu keçmiş iki nəfər işlə təmin olunub.
   Gənclərin marağını nəzərə alaraq mərkəz əl işləri kursu da təşkil edir. Burada xanımlara muncuq, düymə, xalçaçılıq, kiçik heykəltəraşlıq, tikiş kursları keçilir.
   
   Türk Dünyası Folklor Festivalı

   
   Mərkəz türk xalqları arasında böyük folklor festivalı layihəsini də hazırlayıb. Bu festivalın keçirilməsini çoxdan arzulayan R.Salehova bildirdi ki, bəzi problemlər həllini tapdıqdan sonra bu layihə gerçəkləşəcək: «Türk xalqları arasında böyük folklor festivalının keçirilməsini çox istəyirik. Layihəmiz hazırdır. Türkiyədə olarkən bu barədə danışmışdıq. Digər türkdilli xalqların nümayəndələri də gəlib öz mədəniyyətlərini nümayiş etdirmək istəyir. Layihənin 100-150 nəfər iştirakçısı olacaq».
   
   Açıq havada samovar çayı
   
   Mərkəz Novruz bayramı ərəfəsində yenidən əl işləri sərgisini keçirəcək. Bu dəfə isə sərgi daxilində «Azərbaycanda Çay Mədəniyyəti» adlı festival baş tutacaq. Hazırda festivala hazırlıq gedir. Hava qənaətbəxş olsa, festival açıq havada baş tutacaq: «Festivalı açıq havada «dədə-baba qaydası» ilə keçirəcəyik. Açıq havada xalçalar düzüləcək və xarici qonaqlara Azərbaycanda çay mədəniyyəti necə olduğunu, samovarın necə dəmləndiyini nümayiş etdirəcəyik».
   
   Nostalji Yeni il gecəsi
   
   Qeyd edək ki, R.Salehova Dillər Universitetində “Əcnəbi Xalqların Folklor Mərkəzi”nə də rəhbərlik edir. Mərkəzin məqsədi dünya ölkələrinin folklorunu tanıtmaqdır: “Mədəniyyətlərarası dialoqa xidmət edən bu layihə çərçivəsində xarici ölkələrin səfirlikləri ilə birgə tədbirlər keçiririk. Hər ölkənin diplomatlarını onların adət-ənənəsi, geyimləri ilə qarşılayırıq. Məsələn, Rusiya səfiri bura gələndə rus milli geyimində, «Kalinka» rəqsi və duz-çörəklə onu qarşıladıq. Xarici diplomatlar ölkələrinin mədəni irsi barədə söz açırlar. Biz də qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi ilə bağlı kitablar təqdim edirik».
   Qeyd edək ki, bir neçə gün əvvəl “Əcnəbi Xalqların Folklor Mərkəzi” Amerika Mərkəzi ilə birgə «Nostalji Yeni il» keçirib. Tədbirdə uşaqlara 60, 70 və 80-ci illərdə Yeni il şənliyinin necə keçirildiyi, 40-cı illərdə yolka işıqlarının, bəzəklərinin necə olduğu təqdim olunub. Tədbirdə retro oyuncaq sərgisi ilə yanaşı 70-ci illərin Şaxta baba və Qar qızı da təqdim olunub.
   
   Gülər Nizamiqızı