Muzey Mərkəzində İtaliyanın foto mənzərələri sərgilənir
Yanvarın 24-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Obyektivdə irs” adlı fotosərgi açılıb.
Sənət adamlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbiri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq sərgi haqqında məlumat verib. Qeyd olunub ki, İtaliyanın birləşdirilməsinin 150 illik yubileyinə həsr olunmuş sərgi bu ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilir. 2002-ci ildə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. İtaliyanın səfiri və səfirliyin nümayəndələri ölkəmizin mədəniyyət tədbirlərində çox fəal iştirak edirlər. İtaliya səfirliyi də öz növbəsində Azərbaycan vətəndaşlarının bu ölkənin mədəniyyəti və təbiəti ilə daha yaxından tanış olmasına çalışır. Bu baxımdan “Obyektivdə irs” adlı sərginin əhəmiyyəti böyükdür.
İtaliyanın Azərbaycandakı səfiri Mario Corco Stefano Baldi sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib. Bildirib ki, fotosərgi İtaliyanın gözəlliyinə, tarixi-mədəni abidələrinə həsr olunub: “Sərgidə tarixi, arxeoloji və peyzaj baxımından İtaliyanın ən gözəl abidələrinin və şəhərlərinin fotoşəkilləri nümayiş etdirilir. Ölkə vətəndaşları və turistlər hər gün bu gözəlliyi yaşayırlar”.
Fevralın 2-dək davam edəcək sərgi İtaliya ilə gözəllik arasında ayrılmaz əlaqənin bariz nümunəsidir. Sərgi UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilmiş 43 abidə vasitəsilə qonaqlara İtaliyanın sənət aləminə və tarixinə virtual səyahət etmək imkanı yaradır.