Ölkəmizdə təşkil olunan xalq tətbiqi sənət müsabiqələrində makramelərə az da olsa rast gəlinir. Makrame - düyünlü hörgü anlamına gələn bu qədim xalq sənəti nümunəsi bu gün də tikmə və toxuma həvəskarları tərəfindən yaşadılır. Məlumat üçün deyək ki, ərəb mənşəli olan bu söz saçaq, lent anlamına gəlir. Kifayət qədər mürəkkəb əl işi sayılan makrame çətin başa gəlsə də, nəticə insanı heyrətləndirir.
   
   Bu şəbəkə hörməsinin texnikası hələ qədimdən məlumdur. Qədim Misirdə, Assuriya, İran, Çin, Qədim Yunanıstanda bu sənət xüsusilə yayılmışdı. Qədim dövrlərdə daş baltasında, həsirdə düyünlərin bağlamasında istifadə edilib. Bəzi məlumatlara görə, bu sənət növü Avropaya VIII əsrdə gəlib. O dövrlərdə dənizçiliyin inkişafı paralel olaraq şəbəkə hörməsinin də inkişafını zəruri edirdi. Dənizçilər düyünlü hörgülərdən istifadə edərək müxtəlif konstruksiyaları hörür, sükan təkərlərini bəzəyirdilər. Düyünlərin kombinasiyaları qeyri-adi və mürəkkəb olurdu. Öz gözəlliyinin və orijinallığın sayəsində çox dəniz düyünləri bədii sənətə keçdi və tədricən makrame yarandı. Alınan naxışlar isə yalnız gözəlliyi ilə fərqlənmir, eyni zamanda möhkəmliyi ilə seçilirdi. Makramenin əsas düyünlərindən biri ikiqat olduğuna və möhkəmliyinə görə qədim zamanlarda Herakl düyünü adlandırırdılar.
   İlk əvvəl makrame sadə və rəngsiz iplərdən, liflərdən, saçaqlardan hazırlanırdı. Sonralar bu tikmə zamanla təkmilləşdirilərək dekorativ toxuculuq növü kimi inkişaf edib. Makrame hörülməsinin texnikasının inkişafı ilə isə bədii hörməyə çevrilib.
   
   Düyündən başlanan incəsənət
   

   Makrame hörülməsi üçün çox miqdarda material tələb olunur. Hörgü üçün ən geniş yayılmış material dərinin zolaqları, müxtəlif parçalardan iplər, bitki lifləri, taxtabənd, kətan sapı, incə məftil, pambıq sap, ipək sap, yun sap hesab edilirlər.
   Makrame sənətində hər şey düyündən başlanır. Burada hörülmə üçün materiala tələblər qoyulur. Material möhkəm, lazımi dərəcədə burulmuş və elastik olmalıdır. Bəzən isə hörmə vaxtı materialın formasını dəyişməsi üçün onu yumaq və 10-15 dəqiqə ərzində qaynatmaq lazım gəlir.
   Dəqiq qabarıq naxışı almaq nisbətən çətin prosesdir. Kapron sapları birləşdirmək isə çox sadədir, çünki onlar əriyirlər. İndi bəzən makrame hörgüsü hazırlanarkən xammal kimi sintetik materiallardan da istifadə olunur.
   
   Rəng seçimi
   

   Əgər makrame hörülməsi müxtəlif rəngli saplarla yerinə yetirilirsə, onda rənglərin seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Əl işinin zövqlü alınması üçün göz yormayan rəng seçilməsi xüsusi önəm daşıyır. Hər rəngin çaları və təsiri nəzərə alınır. Buna görə də hörülmüş şəbəkədən alınmış təəssürat seçilmiş rənglərdən çox asılıdır. Makrame hörülməsi üçün qayçılardan, iynə, xətt, toxuma üçün metal millərdən, qarmaq və s. əşyalar tələb olunur. Əgər prosesdə məmulatların montajı lazım gələrsə, yapışqandan da istifadə edilir.
   
   Ceyhun Zərbəliyev