Muzey Mərkəzində sərgi keçiriləcək
   
   Fevralın 10-da Muzey Mərkəzində “6-cı mikrorayon rəssamları” adlı sərgi açılacaq. Fevralın 16-dək davam edəcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının Bakının 6-cı mikrorayonunda yerləşən yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən rəssamların əsərləri nümayiş olunacaq.
   
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığına əsasən, nazir müavini Ədalət Vəliyev nazirliyin əməkdaşları ilə birlikdə 6-cı mikrorayondakı emalatxanalara gedərək, burada işləyən rəssamların problemlərini yerində öyrənmiş, onları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son dövrlərdə yaradılmış yeni sənət əsərləri ilə yaxından tanış olmuşlar. Qeyd etmək lazımdır ki, bu təcrübə artıq ənənəyə çevrilmişdir. Rəssamlarla emalatxanada, yaradıcı şəraitdə keçirilən görüşlər yeni ideyaların yaranmasına da təkan verir. Rəssamların müraciətləri nəzərə alınaraq, “6-cı mikrorayon rəssamları” adlı sərginin təşkili qərara alınmışdır.
   Sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqət çəkir, eyni zamanda ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir.
   Sərginin təşkilində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, uzun illər emalatxanada qalaraq, heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərinin nümayişini təşkil etmək, rəssamların yaradıcılığını dəstəkləmək və təbliğ etməkdir.