Milli İncəsənət Muzeyinin səyyar sərgisi
Fevralın 24-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən Dövlət Sərhəd Xidmətinin Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar səyyar sərgi təşkili olunacaq.
“Xocalı qisasa çağırır bizi” adlı tədbirdə Muzeyin direktor müavini Elmira Qasımova əsərlər əsasında bədii ekskursiya aparacaq, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi, Xocalı sakini Həvva Məmmədova tarixi faktlara istinad edərək həmin hadisələrin mahiyyətindən danışacaqlar.
Tədbirdə yaradıcı ziyalılar, rəssamlar, xocalılar iştirak edəcək, həmçinin Şuşa Mədəni-Maarif Texnikumunun müəllim və tələbələrinin ifasında musiqili-ədəbi kompozisiya səslənəcək və mövzuya müvafiq sənədli kadrlar göstəriləcək.