Bakı İncəsənət Mərkəzində ənənə və müasirlik mövzusunda sərgi
   
   Fevralın 17-də Bakı İncəsənət Mərkəzində (Yeni Gallery) “2012 - Əjdaha ili - natürmort, portret, mənzərə və kompozisiya: ənənə və müasirlik” sərgisinin açılışı oldu.
   Tədbirdə çıxış edən mərkəzin direktoru Rafael Gülməmmədli sərgidə Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Rasim Babayev, Mikayıl Abdullayev, Kamil Nəcəfzadə və digərlərinin əsərlərinin nümayiş olunduğunu bildirdi: “Əsərlərdəki inqilabi dəyişiklik göz oxşayır. Bu, rəssamlıq sənətimizdəki tarixi gedişatın göstəricisidir. Hər bir əsərdə fərqli yanaşma, fərqli baxış var. Çalışdıq ki, ekspozisiyada yeni işlərə də yer ayıraq”.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgidə bir çox tanınmış rəssamın dəyərli əsərinin yer aldığını vurğuladı. Bir rəsm əsərini yaratmaq üçün böyük bir məktəb keçmək lazımdır. Vaxtilə çəkilmiş tabloların böyük sənət əsərləri olduğu bir daha təsdiqlənir. Bu cür əsərlərlə dünyanın istənilən guşəsinə fəxrlə çıxa bilərik”.
   Sonra sərgiyə baxış oldu. Sərgidə görkəmli rəssam Rasim Babayevin “Əjdaha ili”, böyük fırça ustalarından Səttar Bəhlulzadənin “Natürmort”, Mikayıl Abdullayevin “Portret”, Kamil Nəcəfzadənin “Liman ay işığında. Fransa xatirələri”, habelə Namiq Dadaşov, Fərman Qasımov, Toğrul Dadaşov və digərlərinin əsərləri - ümumilikdə 27 rəsm əsəri və 7 heykəltəraşlıq nümunəsi nümayiş olunur.
   Sərgi bir ay davam edəcək.

   Reyhan