Fevralın 22-də “Gülüstan” sarayında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda respublika rəsm sərgisi keçirilib. Sərgi Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
   
   Hökumət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdiriblər.
   Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi bir neçə mərhələdə keçirilib. Sərginin məqsədi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsini bir daha yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirməkdir.
   Tədbirlər planına müvafiq olaraq respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunmuş 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil edilib.
   Nazir bildirib ki, rəsm sərgisi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilib. Sərginin respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdlərinin çəkdikləri 1200-dən çox rəsm işi təqdim olunub. Sərginin respublika mərhələsində qalib adına layiq görülən 100 rəsm işi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fevralın 27-28-də Moskvada Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçiriləcək sərgidə nümayiş etdiriləcək.