Milli təsviri sənətimizin inkişafında onun xüsusi xidmətləri var. O, rəngkarlıq və qrafika sahəsində yaratdığı əsərləri, bədii yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri incəsənət tarixinə əbədi həkk edib. O, Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadədir.
   
   Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, görkəmli fırça ustası, kamil sənətkar Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də yazıçı Seyid Hüseynin ailəsində dünyaya göz açıb. Anası Ümmügülsüm xanım və atası Seyid Hüseyn dövrün vətənpərvər ziyalıları olmuşlar. Valideynləri məhz vətənpərvər ziyalı olmaları səbəbindən 30-cu illərdə repressiya edilmişlər. O.Sadıqzadə gənc yaşlarından həyatın acı məhrumiyyətlərinə təkbaşına sinə gərmək məcburiyyətində qalıb. Lakin ağır mənəvi və maddi durum onu sənətə olan sevgisindən uzaqlaşdıra bilməyib. Beləliklə o, əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1935-1939), sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-1956) alıb. O.Sadıqzadə 1977-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. İndiyədək dünyanın müxtəlif ölkələrində yaradıcılıq ezamiyyətlərində olub. Onun əsərləri ölkəmizlə yanaşı müxtəlif ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
   Rəssam təsviri sənətin qrafika və rəngkarlıq sahələrinin müxtəlif janrlarında yaratdığı çoxsaylı əsərləri ilə yaradıcılığının erkən dövrlərindən sənətşünasların diqqətini cəlb etmişdir. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini, əsərlərinin məna və məzmun dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə həllini və ifadəliliyini, kolorit zənginliyini, əlvan yazı manerasını qeyd etmək olar. O.Sadıqzadə rəngkarlıq sahəsində süjetli tablo və portret janrında bir-birindən maraqlı əsərlər yaratmışdır.
   Onun süjetli tablolarına misal olaraq “Lənkəran qızları” (1965), “Kolxozçu qadınlar” (1972), “Oğullarını itirmiş ananın xatirəsinə” (1985), “Hüseyn Cavid” (triptix, 1997), “Nizami və dünya mədəniyyəti” silsiləsindən (1993-1999) “Nizami və Azərbaycan mədəniyyəti”, “Nizaminin sələfləri”, “Nizaminin davamçıları”, “Qədim yunan filosofları”, “Avropa mədəniyyət xadimləri” və s. əsərlərini göstərmək olar.
   Rəssamın ilk işlərində zəhmətkeş Azərbaycan qadınının romantik biçimdə surətləri canlandırılıb. Bu əsərlərdə ozamankı Azərbaycan ailə-məişət şəraitinin, ülvi qadın hissləri və saf ana məhəbbətinin tərənnümü əks olunub. Sadalanan xüsusiyyətləri “Lənkəran qızları”, “Kolxozçu qadınlar” və başqa əsərlərə şamil etmək olar.
   “Nizami və dünya ədəbiyyatı” silsiləsindən olan əsərləri sənətkarın yaradıcılığında xüsusi yer tutur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, rəssamın bir çox dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinə qrafik illüstrasiyalar yaratması, Şərq və Qərb dünyasının ənənələrinə yaxından bələdliyi ona bu cür əlaqəli və yüksək intellektual səviyyəli kompozisiyaların yaradılmasına kömək etmişdir. Qeyd olunan silsilədən “Nizami və Azərbaycan mədəniyyəti” adlı möhtəşəm tablosunda rəssam xalqımızın dahi oğlu Nizami Gəncəvinin dövründən XX əsrədək yetişdirdiyi görkəmli elm, sənət və ədəbiyyat xadimlərinin açıq təbiət qoynunda, son dərəcə yüksək sənətkarlıqla yaddaqalan surətlərini yaradıb. Tamaşaçı tabloya ilk nəzərlərindən kompozisiyanın mərkəzində yerləşdirilmiş N.Gəncəvinin və onun sağında və solunda, eləcə də qarşısında əyləşmiş Məhsəti Gəncəvi, Memar Əcəmi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Səməd Vurğun və başqa görkəmli sənətkarların bədii təsir gücünə malik, diqqəti cəlb edən obrazlarını görür. Rəssam zəngin sənət metodlarına əsaslanaraq uğurlu kolorit həlli, əlvan rəng keçidləri və mahiranə rəng yaxıları ilə uğurlu tabloların yaradılmasına nail olmuşdur. Sadalanan xüsusiyyətləri rəssamın bu silsilədən olan digər tablolarına da şamil etmək olar.
   O.Sadıqzadənin süjetli tablolarından onun portret ustası olduğunu asanlıqla sezmək olar. Bunu rəssamın yaratmış olduğu çoxsaylı portret əsərləri təsdiq edir. Rəssamın portret əsərlərinə misal olaraq “Seyid Hüseyn” (1960), “Tatalovanın portreti” (1963), “Qız portreti” (1966), “Bakılı qız” (1975), “Natəvan” (1983), “Fidan Qasımova” (1988), “Akademik Zərifə xanım Əliyeva” (2000) və s. portretlərini qeyd etmək olar.
   Rəssam “Qız portreti”ndə profildən dirsəklərini stola qoymuş və əllərini çənəsinə söykəmiş, nəzərləri uzaqlara yönəlmiş vəziyyətdə dalğın qızın çöhrəsini ustalıqla təsvir etmişdir. Yaşıl geyimli ağbəniz qızın qırmızı, çəhrayı fonda təsvir edilmiş təsirli cizgiləri son dərəcə ustalıqla verilib və böyük bədii təsir gücünə malikdir.
   O.Sadıqzadənin uğurlu portret əsərlərindən olan “Akademik Zərifə xanım Əliyeva”nın portreti özünün lirik məziyyətləri ilə diqqəti cəlb edir. Kompozisiyada qara fonda Azərbaycan oftalmologiya elminin parlaq nümayəndəsi, zərif təbiətli insanın obrazı böyük incəliklə təsvir edilib. Obrazın təbəssümü və sol əlinin hərəkəti əsərin ümumi əhvali-ruhiyyəsini gücləndirir. Əsərin koloriti incə rəng keçidləri ilə ustalıqla işlənilib.
   Qeyd etdiyimiz kimi, O.Sadıqzadə həm də qrafikanın plakat və kitab qrafikası sahələrində məhsuldar fəaliyyət göstərib. Rəssamın plakat əsərləri yüksək inandırıcılıq və bədii təsir gücünə malik olub, tamaşaçıların bədii estetik zövqünün formalaşmasında böyük rola malikdir. Onun portret-plakatlarına misal olaraq “Füzuli”, “Natəvan”, “Sabir”, “N.Nərimanov” və s. əsərləri göstərmək olar.
   Sənətkar kitab qrafikası sahəsində də çalışaraq bir çox yazıçıların əsərlərinə illüstrasiyalar çəkmişdir. Buna misal olaraq rəssamın 40-50-ci illərdə İ.S.Turgenevin “Atalar və oğullar”, O.Balzakın “Qorio ata”, M.Qorkinin “Artamonovların işi”, habelə İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” (1954), V.Hüqonun “Səfillər” (1955-1963), C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1958-1959), Xaqaninin “Lirika” (1958), Nizaminin “Fitnə” (1966), R.N.Güntəkinin “Çalı quşu” (1963) və başqa əsərlərə məzmunun anlaşılmasına və əyani qavranılmasına kömək edən maraqlı illüstrasiyalar yaratmasını göstərmək olar. Kitab illüstrasiyasında rəssamın yazıçının əsərinə xələl gətirmədən, onun əyani qavranılmasını şərtləndirən illüstrasiyalar yaratması olduqca vacibdir. Bu da rəssamdan xüsusi bacarıq və incə yaradıcılıq vərdişləri tələb edir. Təbii ki, O.Sadıqzadənin yaratdığı kitab illüstrasiyaları yüksək sənət metodu ilə işlənilib. Bu əsərlər sadaladığımız xüsusiyyətlərə cavab verməklə yanaşı, kamil kitab illüstrasiyalarıdır.
   O.Sadıqzadənin yaradıcılığı müstəqillik illərində də xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam 1999-cu ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2011-ci ildə rəssamın 90 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev rəssamı “Şərəf” ordeni ilə təltif etmişdir. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan yubiley sərgisində sənət adamlarının fikirlərini dinləyəndə, sənətkarın əsərləri ilə baş-başa qalanda tamaşaçı bir daha yəqin etdi ki, Azərbaycan təsviri sənətinin zənginləşməsinə xüsusi töhfələr bəxş etmiş O.Sadıqzadə kimi sənətkar unudulmazdır.
   Azərbaycan təsviri sənətinin patriarxı, ustad rəssam, təsviri sənətimizin klassiki Oqtay Sadıqzadə özünün parlaq bədii yaradıcılıq dünyası və uğurlu sənət əsərləri ilə həmişə sənət adamlarının, sənətsevərlərin diqqətini cəlb edəcək.
   
   Əsəd Quliyev,
   sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü