Martın 14-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qız qalası” qalereyasında istedadlı rəssam Rəşad Mehdiyevin yeni fərdi yaradıcılıq sərgisi açıldı. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri iştirak edirdi.
   
   İstedadlı fırça ustası Rəşad Mehdiyev Dövlət Rəssamlıq Akademiyasının baş müəllimi, fəlsəfə doktorudur. Açılışdan əvvəl rəssam fərdi sərgisi haqqında danışdı: “Burada nümayiş olunan əsərlər emosiyalarımın ifadəsidir. Əsərlərimdə konkret mövzu yoxdur. Hesabat xarakterli sərgidə əsasən yağlı boya və qrafit texnikası ilə çəkilmiş 25 əsərim sərgilənir”.
   Rəssam ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənətimizə böyük qayğı və diqqət göstərdiyini xüsusi vurğuladı : “Biz rəssamlar bu diqqət və qayğıdan böyük qürur duyuruq və yeni əsərlər yaratmağa ruhlanırıq”.
   Açılışda çıxış edən qalereyanın direktoru Emin Məmmədov sərginin tanınmış rəssamın son illərdə yaratdığı sənət incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədilə təşkil olunduğunu vurğuladı.
   Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov sənətkarın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini diqqətə çatdırdı. R. Mehdiyevin sənət tapıntılarından söz açdı. Onu lazımi detallar və rəmzlərlə danışa bilən, fikrini tamaşaçıya aydın çatdırmağı bacaran sənətkar olduğunu dedi.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Rəşad Mehdiyevin əsərlərinin insanı düşünməyə vadar etdiyini vurğuladı. O, rəssamın 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə Bakıda fərdi sərgiləri keçirilib. Rəşad Mehdiyev 2001-ci ildə Azərbaycanı TÜRKSOY rəssamlarının müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb. Onun Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisinin keçirilməsi də böyük uğurdur. Onu da qeyd edək ki, Rəşad Mehdiyev 2006-cı ildə BMT-nin Vyanadakı ofisində fərdi sərgisi təşkil olunan ilk azərbaycanlı rəssamdır.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərginin müasir Azərbaycan incəsənətində yaddaqalan hadisə olacağını bildirdi, rəssama yeni yaradıcılıq uğurları arzuladı.
   Sonra sərgiyə baxış keçirildi. Rəssamın “Həvva”, “Üç alma”, “Ağac”, “Kağız gəmi”, “Eyforiya şarla”, “Qırmızı geyimdə portret” və s. işləri böyük maraqla qarşılandı. Sərgi martın 20-dək davam edəcək.
   
   Reyhan