Moskvada rəssam Məryəm Ələkbərlinin sərgisi açılıb
   
   Moskva Müasir İncəsənət Muzeyində gənc və istedadlı Azərbaycan rəssamı Məryəm Ələkbərlinin “Novruz yeni gündür” adlı sərgisi açılıb.
   
   Ekspozisiya Moskva hökuməti, Moskva Şəhər Mədəniyyət Departamenti və Moskva Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilib. Sərgidə rəssamın son üç ildə müxtəlif texnikadan istifadə edərək portret, natürmort, mənzərə janrlarında çəkdiyi 80-dən çox əsəri nümayiş etdirilir.
   Məryəm Ələkbərli 1991-ci ildə Bakıda doğulub. Hazırda Parisdə, Ali Dekorativ İncəsənət Məktəbində oxuyur. 2010-cu ildə rəssamın Bakıda “Art-garden” və “Qız qalası” qalereyalarında iki sərgisi təşkil edilib. 2011-ci ildə rəssamın əsərləri Berlində, Parisdə UNESCO-nun qərargahında və “Vivienne art galerie” salonunda nümayiş etdirilib.
   Rəssam forma və rənglərlə cəsarətlə işləyir, parlaq, ahəngdar bir dünya yaradır. Bu, ilk növbədə onun təcrübə ilə möhkəmlənmiş əsl rəssam intuisiyasının məhsuludur. Daun sindromu olan Məryəm Ələkbərli ətraf aləmi qeyri-adi obrazlar şəklində qəbul edir, tamaşaçılara dünyanı öz gözləri ilə görmək imkanı yaradır. Məryəmin həyat eşqi ilə aşıb-daşan qayğısız əsərləri onun bizi əhatə edən hər şeyə dərin şəxsi münasibətidir. Sərgidə təqdim olunmuş əsərlər rəssamın getdikcə daha çox püxtələşdiyini nümayiş etdirir.