Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Tədbir Azərbaycanın bu dünya əhəmiyyətli abidəsinin populyarlaşdırılması məqsədini daşıyır.
   
   UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab edilən bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası dialoqa öz töhfəsini vermək iqtidarındadır.
   Artıq iki ildir ki, uğurla həyata keçirilən “Qız qalası” festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. “Qız qalası” festivallarında yaradılan əsərlər bir sıra xarici ölkələrdə keçirilən sərgilərdə də beynəlxalq auditoriyaya təqdim edilib.
   Konseptual baxımdan festivalın miqyası ildən-ilə genişlənməkdədir. Novruz bayramı münasibətilə “Qız qalası” festivalı layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Dənzikənarı Milli Parkda Azərbaycanın gənc və tanınmış rəssamlarının sərgisi nümayiş olunacaq. Onların Qız qalası maketlərinin üzərində işlədikləri “Nar” mövzusu təqdim ediləcək.
   Xatırladaq ki, ənənəvi “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı may ayında keçiriləcək. Növbəti müsabiqədə 20-dən artıq ölkəni təmsil edən rəssamların iştirakı nəzərdə tutulur.