Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərgi
   
   Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sərgi açıldı.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, zaman-zaman Azərbaycan xalqının başına gətirilən müsibətlərin sənətdə əks olunması tariximizi bir daha yazır, faciə haqqında bugünkü nəsillərə məlumat verir, tariximizi dünyaya tanıdır. Bu baxımdan hər bir azərbaycanlı rəssamın yaradıcılığında xalqımızın qan yaddaşına aid nümunələr yer almalıdır.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhab Məmmədov da sərginin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdi. Artıq ənənə halını almış belə sərgilərdə hər il daha maraqlı əsərlərin təqdim olunduğunu bildirdi.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov tarixin müxtəlif zamanlarında xalqımızın faciələrlə üzləşdiyini bildirərək sənət adamlarının bu mövzuya həssas yanaşmasının vacibliyini qeyd etdi.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək, nazirlik tərəfindən fevral ayında keçirilən və Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan “Unudulmayan tarix” adlı respublika sərgi-müsabiqəsinin nəticələrini açıqladı. Nəticələrə görə, 29 əsər mükafata layiq görüldü. Sərgi-müsabiqəyə təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəlliflərinə pul mükafatları təqdim olundu.
   Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə Azərbaycan rəssamlarının soyqırımı mövzusuna həsr olunan 130-a yaxın əsəri nümayiş etdirilirdi.
   
   Reyhan