Aprelin 6-da “Qalereya 1969” salonunda Türkiyədə yaşayan tanınmış azərbaycanlı rəssam Asim Rəsuloğlunun sərgisi açılacaq. Sərgi aprelin 12-dək davam edəcək.
   
   1955-ci ildə Şəkidə anadan olan A.Rəsuloğlu 1975-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (indiki İncəsənət Kolleci) bitirib. 1975-1980-ci illərdə Belarus Dövlət Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsində təhsil alıb. 1978-ci ildən sərgilərdə iştirak etməyə başlayan fırça ustası 1984-cü ildən SSRİ Rəssamlar İttifaqına üzv olub.
   Rəssam bir çox müsabiqə və sənət yarışmalarında uğurla iştirak edib, mükafatlara layiq görülüb. 1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl medal qazanıb. 1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc rəssamların beynəlxalq sərgisində gümüş medala layiq görülüb. Növbəti il Bakıda Xəzəryanı respublikaların biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi Azərbaycanın müasir incəsənət sərgisində, Budapeştdə keçirilən Azərbaycanın gənc rəssamlarının sərgisində iştirak edib.
   90-cı illərdən rəssam fərdi sərgilərlə çıxış etməyə başlayıb. İlk belə sərgisi isə 1991-ci ildə Parisdə Aleksandr qalereyasında açılıb. Bunun ardınca rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri olub.
   Rəssamın əsərləri Moskvada Tretyakov Qalereyasında, Şərq Ölkələri Muzeyində, Parisin Aleksandr Qalereyasında, Antalyada Orkun Ozan İncəsənət Qalereyasında, Bakıda İncəsənət Muzeyində, Nyu-Yorkda Martin Lüter Kinq Qalereyasında, Belarus, Litva mədəniyyət nazirliklərinin kolleksiyalarında saxlanılır. Rəssam hazırda Türkiyənin Antalya şəhərində yaşayır, Akdeniz Universitetində müəllim işləyir.
   
   Mehparə