Aprelin 4-də Niderland Krallığının Venlo şəhərində “Floriade-2012” Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edir. Azərbaycan Respublikası da “Floriade-2012” sərgisində təmsil olunan ölkələr sırasındadır.

   Sərgi şəhərciyinin mərkəzi küçəsində ölkəmizə 700 kvadratmetr sahə ayrılıb və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən öz füsunkarlığı ilə seçilən son dərəcə gözəl bir pavilyon qurulub. Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Niderlanddakı “Floriade” sərgisində müstəqil pavilyonla təmsil olunur.
   Təntənəli açılış mərasimindən sonra Niderland Kraliçası Beatriks və onu müşayiət edən rəsmi şəxslər özünəməxsusluğu və son dərəcə milli koloriti ilə seçilən Azərbaycan pavilyonunu ziyarət ediblər.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Kraliça Beatriksi Azərbaycan pavilyonunun önündə qarşılayaraq salamlayıb. Kraliça ekspozisiya zalında Azərbaycanın tarixi keçmişi, bu günü və perspektiv inkişafı ilə bağlı filmlə tanış olub.
   Ziyarətin sonunda ali qonaq öz yüksək fikir və təəssüratını bölüşüb.
   “Floriade-2012” sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcək.
   Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov və digər rəsmi şəxslər Kraliçanın pavilyona ziyarəti mərasimində iştirak ediblər.