Bakıda beşinci “Molla Nəsrəddin” - Azərbaycan 2012” beynəlxalq karikatura müsabiqəsinə start verilib. Müsabiqə hər il olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə bildirib ki, müsabiqənin mövzusu “Satirik mətbuatın əhəmiyyəti”nə həsr olunub. Bu da təsadüfən seçilməyib. Çünki bu il “Molla Nəsrəddin”in layiqli davamçısı olmuş “Kirpi” satirik jurnalının nəşrə başlamasının 60 illiyi tamam olur. Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini iyunun 15-dək Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə təqdim edə bilərlər.